Rəqəmsal jurnallara keçid idarəetmə, şəffaflıq baxımından müsbət addımdır. Ancaq infrastruktur bütün məktəblərdə eyni səviyyədə deyil, xüsusilə internetin keyfiyyəti bəzi yerlərdə zəifdir. Həmçinin yaşlı müəllimlərin bir qismi rəqəmsal bacarıqlarda çətinliklər yaşaya bilər.
Bu sözləri Tribunainfo.az-a təhsil üzrə ekspert Kamran Əsədov yeni tədris ilindən etibarən istifadə ediləcək elektron jurnallarla bağlı danışarkən deyib. Ekspert qeyd edib ki, yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən məktəblərdə kağız jurnalların ləğv edilməsi və bütün proseslərin yalnız “Rəqəmsal məktəb” platforması üzərindən aparılması təhsil sistemində mühüm yenilikdir:
“Bu qərar sadəcə bir texniki dəyişiklik deyil, əslində, idarəetmənin müasirləşməsi, şəffaflığın təmin edilməsi və tədris keyfiyyətinə nəzarətin gücləndirilməsi baxımından strateji addımdır. İndiyədək müəllimlər eyni məlumatı həm kağız, həm də elektron formada doldurmaq məcburiyyətində qalırdılar ki, bu da əlavə vaxt itkisinə, bəzən də qeyri-dəqiqliklərə səbəb olurdu.
Artıq valideynlər övladlarının davamiyyətini, qiymətlərini və məktəbdəki fəaliyyətini operativ şəkildə izləyə biləcək, məlumat üçün müəllim və ya direktorun subyektiv münasibətindən asılı olmayacaqlar. Bu da təhsil prosesində müdaxilələri azaldacaq və valideyn–məktəb münasibətlərini daha şəffaf edəcək”.
K.Əsədov bildirib ki, əksər ölkələr kağız jurnallarla çoxdan vidalaşıb:
“Estoniyada “eKool” sistemi uzun illərdir tətbiq olunur və valideynlər, müəllimlər, şagirdlər bütün prosesləri onlayn izləyirlər. Finlandiyada və Sinqapurda da kağız jurnal anlayışı çoxdan aradan qaldırılıb və tədris nəticələri yalnız elektron platformalarda qeydə alınır. Bu ölkələrdə valideynlər övladlarının dərsə davamiyyətini və qiymətlərini hər gün izləyə bilir, müəllimlər isə artıq inzibati işlərə deyil, pedaqoji fəaliyyətə daha çox vaxt ayırırlar.
Müsbət tərəflərin içində ən diqqətəlayiq olanı vaxta qənaətdir. Müəllimlərin inzibati yükü azalacaq, onlar daha çox dərsin məzmununa və şagirdlərlə işləməyə fokuslana biləcəklər. Valideynlər operativ qiymətlərdən və davamiyyətdən xəbərdar olacaq, məktəbdə baş verən proseslərdən kənarda qalmayacaqlar. Ən əsası isə bu sistem müdaxilələrin qarşısını alacaq. Əvvəllər bəzi hallarda jurnallara qeyri-qanuni müdaxilələr olur, qiymətlər dəyişdirilir, nəticələr manipulyasiya edilirdi. “Rəqəmsal məktəb” platformasında isə bütün məlumatlar mərkəzləşdirilmiş şəkildə saxlanılacaq, müəllimlər, valideynlər və məktəb rəhbərliyi eyni anda eyni məlumatı görəcək. Bu, həm hesabatlılıq, həm də obyektivlik baxımından mühüm addımdır”.
K.Əsədov bildirib ki, bu prosesdə bəzi çətinliklər də ola bilər:
“İnfrastruktur bütün məktəblərdə eyni səviyyədə deyil, xüsusilə internetin keyfiyyəti bəzi yerlərdə zəifdir. Həmçinin yaşlı müəllimlərin bir qismi rəqəmsal bacarıqlarda çətinliklər yaşaya bilər. Lakin Elm və Təhsil Nazirliyi son illərdə müəllimlər üçün rəqəmsal bacarıqlar üzrə təlimlər təşkil edir, məktəblərin texniki təminatını gücləndirir və bu istiqamətdə paralel işlər aparır. Bu, onu göstərir ki, islahat yalnız qərar yox, eyni zamanda icra mexanizmləri ilə də dəstəklənir.
Ümumilikdə, rəqəmsal jurnallara keçid təhsil sistemində idarəetmənin müasirləşməsi, şəffaflığın artırılması və valideynlərin prosesə daha çox cəlb olunması baxımından çox müsbət bir addımdır”.
Nigar İxtiyarqızı