Elektriklə bağlı yanğınların sayı son aylarda rekord həddə çatıb. Təkcə ölkəmizdə deyil, dünya miqyasında da baş verən bu təhlükəli tendensiya cəmiyyətdə ciddi narahatlıq doğurur.
Günümüzdə demək olar ki, hər ev və iş yerində onlarla elektrik cihazı eyni anda işləyir. Amma çox zaman köhnəlmiş naqillər, standartlara uyğun olmayan avadanlıqlar və düzgün quraşdırılmamış elektrik şəbəkələri bu yükü daşıya bilmir. Nəticədə bir anlıq qısaqapanma, naqillərin isinməsi və izolyasiyanın əriməsi böyük faciəyə çevrilə bilir.
Təhlükəsizlik üzrə ekspert Orxan Musayev Musavat.com-a açıqlamasında bildirib ki, bu hadisələr təsadüfi deyil – onların arxasında illərlə yığılıb qalan texniki problemlər, nəzarətsizlik və qaydalara əməl olunmaması dayanır.
Onun sözlərinə görə, elektrik yanğınları çox vaxt gözlənilmədən baş verir, amma qarşısını almaq üçün düzgün texniki baxım və təhlükəsizlik tədbirləri mütləqdir.
Ekspert bildirib ki, bu artımın bir neçə səbəbi olsa da, əsas problem elektrik şəbəkələrinin normadan artıq yüklənməsi və düzgün quraşdırılmamış avadanlıqların istifadəsidir:
“Müasir dövrdə insanların evlərində, ofislərində və ticarət obyektlərində istifadə etdiyi elektrik cihazlarının sayı kəskin artıb. Məsələn, adi bir evdə kondisioner, su qızdırıcı, televizorlar, kompüterlər, şarj cihazları və daha onlarla avadanlıq eyni anda işləyir. Bu isə elektrik şəbəkəsinə ciddi yük yaradır. Xüsusilə köhnə binalarda və standartlara uyğun olmayan naqillərlə təmin edilmiş tikililərdə bu risk daha da artır”.
Orxan Musayevin sözlərinə görə, naqillərin yüklənməsi nəticəsində isinmə baş verir, izolyasiya əriyir və nəticədə qısaqapanma yaranır ki, bu da yanğının əsas səbəblərindən biridir.
Ekspert belə halların qarşısını almaq üçün mütəmadi texniki baxışların keçirilməsini vacib sayır:
“Xüsusən köhnə evlərdə sertifikatlı elektrik mütəxəssisi tərəfindən illik yoxlamalar aparılmalıdır. Yüksək güc tələb edən cihazları bir uzadıcıya qoşmaq olmaz. İnsanlar çox zaman bir neçə cihazı eyni “rozetka”ya bağlayırlar ki, bu da təhlükəlidir. Avtomatik qoruyucu sistemlərin quraşdırılması çox vacibdir. Çünki bu cihazlar şəbəkədə anormal vəziyyət yarandıqda elektrik axınını dərhal dayandıraraq yanğının qarşısını alır”.
Ekspert əlavə edib ki, yanğın detektorları və söndürmə balonlarının evdə və ofisdə olması ilkin müdaxilə imkanını artırır, çox zaman faciənin qarşısını alır:
“Bu məsələdə yalnız fərdi məsuliyyətlə kifayətlənmək olmaz. Qurumlar və vətəndaşlar arasında koordinasiyalı fəaliyyət təmin edilməlidir. Tikinti zamanı elektrik layihələndirmə normalarına riayət olunmalı, yeni binalarda yükə davamlı naqillər, avtomatik qoruyucular və yanğın xəbərdaredici detektorlar quraşdırılmalıdır.
İctimai maarifləndirmə işi gücləndirilməlidir ki, insanlar riskləri bilsinlər. Yanğın bir anlıq baş verir, amma nəticələri çox ağır olur – həm maddi, həm də mənəvi baxımdan. Təhlükəsizlik təsadüf deyil, planlı və düşünülmüş davranış nəticəsində yaranır”.