backend

Eldar Mahmudov Mərkəzi Bankın sədr müavininin telefonunu dinlətdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə yeni detallar məlum olub. 

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə yeni detallar məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, təqsirləndirilən Mirvətova Natavan Mürsəl qızının xidməti otağından götürülmüş jurnallara baxış keçirilib.

Baxış keçirilərkən jurnalda bir sıra adlara və qeydlərə rast gəlinib. Jurnalın 13-cü səhifəsində Aftandil Babayevin (Mərkəzi Bankın İdarə Heyətinin sədr müavinidir) istifadəsində olan (012) 493-11-96 şəhər telefon nömrəsi 991 nömrəsi ilə qeyd edilib. İkinci qrafada “Babayev Avtandil Mərk. Bank idarə heyət sədr müav” sözləri yazılıb. Həmin nömrə habelə 47-ci səhifədə 19-cu sırada üçüncü qrafada qeyd edilib.

İttiham aktına əsasən, Babayev Aftandil Qasım oğlunun 2015-ci il ərzində keçmiş MTN-in əsas inzibati binasına və nazirlikdə vətəndaşların qəbulu üçün otaqlarının yerləşdiyi inzibati binaya daxil olma və çıxma faktları nəzarət-buraxılış məntəqələrindəki müvafiq qeydiyyat jurnallarında mövcud deyil. Məlum olub ki, Aftandil Babayevin 012-493-11-96 şəhərdaxili telefon nömrəsi 22.09.2015-ci il tarixdən keçmiş MTN-in Əməliyyat-texniki idarəsində nəzarətə qoyulub. Sifarişçi keçmiş MTN-in Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin sabiq rəis müavini Əliyev Fizuli Zülfüqar oğlu olub, əməliyyat-texniki tədbirin keçirilməsi ilə bağlı tərtib olunmuş 000774 №-li tapşırıq blankının 11-ci bəndində (tədbirin əsaslandırılması) “QƏTİ-2560” göstərilib. Sabiq nazirin (Eldar Mahmudov) şifahi tapşırığı əsasında həmin baş idarənin tərkibində baş idarənin sabiq rəisi Sübahir Qurbanovun rəhbərliyi ilə həmin baş idarənin sabiq rəis müavini Fizuli Əliyevin yaratdığı “qrupun” icratında olub və həmin qrupun üzvü olmuş Məmmədov Zaur İbiş oğlunun 24.09.2014-cü il tarixdə tərtib edib imzaladığı qərarla QƏTİ-nin açılmasına səbəb kimi həmin vaxt icraatda olmuş S-258 nömrəli siqnal materialı göstərilib. Baş idarənin sabiq idarə rəisinin müavini Zaur Məmmədovun 23.09.2014-cü il tarixdə tərtib edib imzaladığı S-258 siqnal işinə dair arayışda Aftandil Babayev və onun istiadə etdiyi telefon nömrələri barədə məlumat aşkarlanmayıb, Sübahir Qurbanov və Fizuli Əliyev tərəfindən tərəfindən də 23.09.2014-cü il tarixdə imzalanmış arayışda S-258 siqnalın açılmasına səbəb kimi Səlimli Azad Babahəsən oğlunun və Hacıyev Əflatun Alimbaş oğlunun gümüş məmulatlarının Türkiyədən ölkə ərazisinə qaçaq yolla gətirilməsi ilə məşğul olmaları göstərilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.

İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.