Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Xezer-Construction” MMC ilə satınalma müqaviləsi bağalayacaq.
Qaynarinfo-nun məlumatına görə, şirkət Mərkəzi Nəbabat Bağının abadlaşdırılması işlərinin davam etdirilməsi ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 6 443 053,43 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Xezer-Construction” MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. MMC-nin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.
Açıq mənbələrdə “Xezer-Construction” MMC haqqında heç bir məlumat yoxdur. Şirkətin adicə veb-səhifəsi də yoxdur. Bununla belə, şirkət vaxtaşırı dövlət satınalmalarının qalibi olur.
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin rəhbəri Abit Əliyevdir. Abit Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yaxın adamı hesab edilir.
Eldar Əzizov Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində işləyərkən də Abit Əliyev onun tabeliyində tikinti işləri ilə məşğul olub.