Milli Məclisin sabiq deputatı, Fəlsəfə elmləri doktoru Etibar Əliyev sosial şəbəkə səhifələrindən birinin Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevi “ilin rektoru” elan etməsini təqdim etməsini edib.
Tribunainfo.az-ın xəbərinə görə, E.Əliyev mövqeyini sarkazmla ifadə edib.
O, Azərbaycan dilində Harvard Universitetinin prezidenti Klodin Heyə, Massaçusetst Texnologiya İnstitutunun prezidenti Rafael Reyfə, Stenford Universitetinin prezidenti Mark Tesse-Lavinə, Yel Universitetinin prezidenti Piter Saloveyə müraciət ünvanlayıb.
Müraciətdə deyilir: “Mən Azərbaycanda elmin populyarlaşdırılması işi ilə məşğulam. Nəzərinizə çatdırıram ki, sizin rəhbərlik etdiyiniz universitetlərdə çalışan Nobel mükafatı laureatları və digər tanınmış alimlərin yazdığı kitabaların Azərbaycanda təqdimatını aparıram. Bu mənada sizləri özümə yaxın bilirəm və bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bizdə dünyada analoqu olmayan bir “trend” mövcuddur. Hansısa bir sayt “İlin yaxşı rektoru”nu elan edir və buna da inanmağa başlayırlar. 2024-cü ildə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “yaxşı rektor” kimi bu ada layiq görülüb. Sizdən xahiş edirəm ki, bu şəxsi rəhbərlik etdiyiniz universitetlərə fəxri professor seçəsiniz. Sizin bu addımınız mənim də bitirdiyim ali məktəbdə kreativliyin inkişafı üçün böyük töhfələr verə bilər. Babayev alimlərə bütün elmi istiqamətlər üzrə elmmetrik bazalarda (Scopus və WoS) məqalə çap elətdirmək, legioner alimlərlə necə işləmək və beynəlxalq reytinqlərdə necə yaxşı yer tutmağın sirlərini çox yaxşı bilir. Onu universitelərinizə master klass keçməyə dəvət etsəniz, uduzmasınız. Onun hər rektorda olmayan bacarığından bəhrələnməyiniz həm də sizin rəqabət aparmaq keyfiyyətinizi yüksəldə bilər. Elçin Babayev ixtisasca astrofizikdir və gecələr ulduzları seyr etməyi çox sevir. Teleskopların verdiyi nəticələrə çox vaxt şübhə ilə yanaşır. Şəkildən də görəcəksiniz ki, 60 yaşlı rektorun cavan, gülərüz və gümrah qalmasında yeganə səbəb astrologiya elmidir. Nəzərə almağınızı xahiş edirəm…”