Məlum olduğu kimi, Bakının doqquz rayonunda hazırda həyata keçirilən pilot layihə üzrə 5 il ərzində 254 hündürmərtəbəli binanın tikintisi və bu binalara təxminən 50 min adamın köçürülməsi planlaşdırılır
Bununla bərabər paytaxtda köhnə binalar sökülür. Ümumilikdə, sahəsi 893 min kvadrat metr olan 1094 yaşayış binasının sökülməsi nəzərdə tutulur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Bakının yeni Baş planının layihəsinə əsasən, 2030-cu ilə qədər şəhərdə köhnə tikili qalmamalıdır.
Layihə müəlliflərinin fikrincə, Bakıda dörd mərkəz yaradılacaq: işgüzar, inzibati, yaşayış və tarixi. Akademik şəhərcik üçün də ərazi ayrılıb ki, bütün ali məktəblər bura köçürüləcək. Kurort şəhərcikləri və özəl villalar Bakı ətrafında, Xəzərin sahilində yerləşəcək. Sənaye müəssisələri şəhərdən kənara çıxarılacaq.
Yeni Baş planın layihəsi çox böyük və iddialıdır, lakin Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə virtualaz.org-un əməkdaşı ilə söhbətində qeyd edib ki, Prezident tərəfindən irəli sürülmüş pilot layihələr ideyası tərifəlayiq olsa da, yerlərdə onun icrası ürəkaçan deyil.
Məşhur memar deyib: “Pilot layihələrin icrası zamanı tikinti işlərini aparan şirkətlər və icra hakimiyyətləri ciddi pozuntulara yol verir və bu, əhalinin haqlı narazılığına səbəb olur. Bütün bunların səbəbi odur ki, dövlət başçısının fərman və sərəncamlarında göstərilənlərə tam mənası ilə əməl edilmir. Şübhəsiz ki. layihələrin icrası bakılıların mənzil problemini həll edəcək, lakin tikinti şirkətlərinin özbaşınalığı yolverilməzdir. Bəzi hallarda Nazirlər Kabinetinin sərəncamında yer almayan binalar da sökülür. Düşünürəm ki. burada ciddi nəzarət lazımdır ki, icraçılar səlahiyyətlərini aşmasınlar”.
Onun fikrincə, pilot layihələr həyata keçirilərkən başlıca vəzifə Bakının tarixən formalaşmış simasını, küçə şəbəkəsini qorumaq, şəhər əhalisinin istirahəti üçün cəlbedici piyada zonalarının yaradılmasıdır.
Memar əmindir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Baş plan kimi təqdim etdiyi sənəd əslində tam dolğun deyil: “Bu daha çox şəhərin inkişaf planıdır, Baş plan isə tama başqa şeydir. Əsl Baş planda onilliklər sonra şəhərin necə inkişaf edəcəyi əks etdirilməlidir. Həm də bu plan kifayət qədər savadlı hazırlansa da, təsdiq olunmayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi buna çoxdan nail olmalı idi. Yoxsa hamı deyir ki, Baş plan hazırdır, amma hələ heç kim onu hökumətə təqdim etməyib. 2030-cu ilə isə cəmi 12 il qalıb, bəs bu iddialı layihələr nə vaxt həyata keçiriləcək?”