Ekspertdən sürücülərə “defis” məsləhəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtomobilinizin nömrəsindəki defis problemini düzəltdirərkən, polis əməkdaşından dayanıqlı, silinməyən, pozulmayan boya ilə rəngləməsini tələb edin.

 

Avtomobilinizin nömrəsindəki defis problemini düzəltdirərkən, polis əməkdaşından dayanıqlı, silinməyən, pozulmayan boya ilə rəngləməsini tələb edin.

Axar.az xəbər verir ki, bu sözləri yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov avtomobillərin dövlət qeydiyyat nişanındakı defislərin bərpası ilə bağlı yaranmış problemdən danışarkən deyib. Ekspertin sözlərinə görə, Dövlət Yol Polisi əməkdaşları nömrələrdəki defislərə adi markerlə düzəliş edirlər:

“Bir dostumuz avtomobilinin nömrələrindəki defisləri düzəltmək üçün DYP əməkdaşından kömək istəyib. Həmin defisləri adi markerlə qaralayıblar. Bunu mən özüm də yoxladım və həmin “boya” barmaqla tam silindi.

Ona görə də bu problemi olan sürücülərin diqqətinə çatdırmaq istəyirəm ki, həmin defislərin dayanıqlı, silinməyən, pozulmayan boya ilə rənglənməsini tələb edin. Əgər kömək istədiyiniz DYP əməkdaşında belə boya yoxdursa, başqa yerə gedin”.

Ə.Hüseynov bildirib ki, nömrələrdə həmin defislər ştamplanıb, sadəcə rəngi ağ qalıb:

“Onu özünüz də qaralda bilərsiniz və ya istənilən ustaya, hətta dəmir qapı, barmaqlıq düzəldən ustaya da yaxınlaşıb asanlıqla bunu edə bilərsiz. Defisləri istənilən qara boya və rənglə qaraltmaq olar, sadəcə fikir verin ki, bu, silinən və ya yuyulan olmasın. Adi dəmir boru boyası ən əla vasitədir”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar sürücülərə müraciət edib.

Müraciətdə bildirilir ki, bəzi sürücülər nömrələrin üzərinə həkk olunmuş defis simvollarını silirlər. Bu hərəkət qayda pozuntusu hesab edilir və həmin halın aradan qaldırılması üçün sürücülərə 1 ay müddətində vaxt verilib. Əks halda sürücülər inzibati məsuliyyətə cəlb olunacağı qeyd olunub.

Nömrələrdəki defisləri bərpa etmək üçün sürücülərə verilən 1 aylıq möhlət bitdikdən sonra tələblər ödənilməzsə, sürücülər inzibati xətalar məcəlləsinin 342.5-ci maddəyə müvafiq olaraq 50 manat dəyərində cərimələnəcək.