Bakı–Quba–Rusiya Federasiyası sərhəd yolunda sürücülərdən birinin avtomobilinin təkərinin tamamilə cırılması yollarımızın cari təmiri məsələsinin çox vacib olduğunu bir daha qabarıq göstərir. Cari təmir yolun hər zaman istismara yararlı vəziyyətdə saxlanması üçün lazımdır. Belə təmir operativlik istəyir, yəni yolda təhlükəsizliyə, yol verilən sürətlə rahat hərəkətə mane olan qüsur yaranan kimi dərhal müdaxilə olmalıdır. Bunun üçün kiminsə müraciətinə, kiminsə tapşırığına ehtiyac olmamalıdır.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə çıxış edən yol-nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov bildirib ki, yollardakı problemi həll etmək üçün hansısa quruma ehtiyac olmamalıdır:
“Ölkəmizdəki bütün yollar konkret qurumların balansındadır. Hər bir yol sahəsinin istismarına cavbdeh təşkilat var. Həmin təşkilatlar daim yola nəzarət etməli, aşkar edilən qüsurları (çalaları, qabarmaları, çökmələri, çatları və başqa deformasiyaları) kimdənsə razılıq almadan, kimdənsə göstəriş almadan aradan qaldırmalıdır. Özü də dərhal, uzağı bir neçə saata..
Yol təsərrüfatı publik bir xidmətdir. Bu xidmət keyfiyyətli olmalıdır. Yolda olan qüsur sadəcə avtomobillərə ziyan vurmur. Bu həm də sürücünü lazımsız və təhlükəli manevrlər etməyə məcbur etməklə qəza riskini artırır, sürücünü yorur, rəvan hərəkətə mane olur və s. Bəzi qüsurlar sürücü və sərnişinlərin həyatı üçün təhlükə doğurur.
Ölkə ərazisinin hər yerində son ay yarımda şaxtalar oldu, qar yağdı. Şaxta və qar yol örtüyünün qüsurlarını daha tez üzə çıxarır, çünki zədəli asfaltın arasına sızan su dondusa, don açılandan sonra həmin yer mütləq dağılacaq. Həm respublika əhəmiyyətli yollarda, həm də şəhər və qəsəbə küçələrində belə qüsurlar çoxdur.
Ona görə də yol istismar idarələri, icra hakimiyyətləri və bələdiyyələr dərhal müdaxilə edərək yolları normal hala gətirməlidirlər. Yol hərəkəti təhlükəsizliyi və keyfiyyətli xidmət bunu tələb edir”.
Nigar