İstər 9, istərsə də 11 illikdən imtahan verən şagirdlərə-abituriyentlərə, hətta onların valideynlərinə ürəyim ağrıyır.
Dövlət İmtahan Mərkəzinə dəfələrlə təklif etmişik ki, qəbul imtahanlarının formatı dəyişilsin. Fənlərin sayı azaldılsın. İmtahanlar sadələşdirilsin, amma xeyri yoxdur.
Tribunainfo.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elçin Əfəndiyev deyib. O bildirib ki, şagird imtahan verdikdən ya dərhal sonra, ya da uzağı 3 gün sonra nəticəsi barədə məlumatlı olmalıdır:
“Minimum 4 həftə, maksimum 7 həftəyə cavab çıxarmaq nə deməkdir? Bütün şagirdlər həyəcan içərisində, valideynlər onlardan artıq stres içində. Açıq yazılı sualların ucbatından az qala 1-2 ay gözləyirsən ki, cavab çıxsın. Tədris ili başa çatmadan imtahan götürülür, hardasa olar. Dünya təcrübəsində belə məqamlar var, amma bizdə alınmır axı. Şagirdlərin buraxılışdan sonra məktəblə bağı qopur. Davamiyyət düşür aşağı.
Qəbul imtahanının ikinci mərhələsi gedib çıxır iyula. Nəticələr iyulun sonuna. Yerləşdirmə avqustun axırınadək çəkir. Bəs insanların istirahət hüququ? Bütün il boyunca bu qədər insanı-200000 nəfərdən çox şagird bir də valideynlərini nəzərə alsaq yarım milyondan çox insanı gərginlikdə saxlamaq, istirahət hüquqlarını əllərindən almaq, maliyyə itkisinə məruz qoymaq hansı məntiqə sığır?
Bu, belə davam edə bilməz”.
E. Əfəndiyev əlavə edib ki, DİM sədri Məleykə Abbaszadə bu təklifdən inciməmılidir:
“Ümid edirəm, Dövlət İmtahan Mərkəzinin sədri, tanıdığımız Məleykə xanım Abbaszadə yaxşı tanıdığı, müzakirə etdiyi insanların fikirlərindən inciməz!”.
Nigar İxtiyarqızı