Orta məktəblər üçün yazılan tarix dərslikləri yalnız fakt və xronologiyanın yığımı olmamalıdır. Apardığım təhlillər göstərir ki, müasir dünyada dərsliklərin əsas məqsədi şagirdə məlumat ötürməkdən daha çox, onun vətəndaş kimi formalaşmasına, şəxsiyyət kimi yetişməsinə xidmət etməkdir. Bizim orta məktəb kitablarımızda isə məqsəd çox zaman qəbul imtahanına hazırlığa yönəldilir, nəticədə dərsliklər repititorluğun vasitəsinə çevrilir.
Tribunainfo.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. Orta məktəb dərsliklərindən danışan ekspert əlavə edib ki, indiki kitablar ancaq faktın əzbərləməsinə xidmət edir:
“Türkiyənin Milli Təhsil Nazirliyinin təsdiqlədiyi 8-ci sinif tarix dərsliyində “Milli Mücadele dönemi” mövzusunda yalnız hadisələr sadalanmır, həm də müzakirə sualları, şagirdin hadisəyə münasibətini formalaşdıran tapşırıqlar verilir: “Siz olsaydınız, bu qərara necə yanaşardınız? Bu gün oxşar vəziyyətlə üzləşsəniz, hansı mövqedə dayanardınız?” – bu, şagirdi tənqidi və vətəndaş düşüncəsinə yönəldir.
Gürcüstanda istifadə olunan dərsliklərdə, məsələn, “Modern History of Georgia” bölməsində hər mövzunun sonunda kiçik debat mövzuları təqdim olunur, şagirdlər sinifdə mübahisə etməyi öyrənirlər.
ABŞ-da “History Alive” adlı orta məktəb dərsliyində isə tarixi şəxsiyyətlərin gündəliklərindən sitatlar, hadisələrin emosional təsvirləri verilir, bu isə sadəcə fakt yox, empatiya və vətəndaşlıq duyğusu formalaşdırır.
İngiltərədə isə “Edexcel GCSE History” dərsliyində mənbə analizi əsas yer tutur: şagirdlər sənədlərlə işləyir, hadisəni özləri nəticəyə gətirirlər.
Təhsil tədqiqatçısı Keith Barton-un “Teaching History for the Common Good” kitabında qeyd olunur ki, tarix dərsliyi yalnız bilik ötürmək vasitəsi deyil, həm də şagirdə demokratik cəmiyyətin üzvü kimi düşünmə, qərar vermə və empatiya bacarıqları qazandırmalıdır. Bu yanaşma vətəndaş tərbiyəsini dərsliyin mərkəzinə gətirir”.
K.Əsədov əlavə edib ki, Azərbaycan dərslikləri isə çox zaman vizual materiallarla zənginləşdirilsə də – xəritə, foto, bioqrafiya – bütün bunlar yenə də faktın əzbərlənməsinə xidmət edir:
“Halbuki məqsəd vətəndaş yetişdirmək, tarixdən həyat dərsi çıxarmaq olmalıdır. Bu mənada dərslik siyasətində Elm və Təhsil Nazirliyinin yeni təşəbbüsləri – dərsliklərin dilini sadələşdirmək, məzmunu şagirdin yaş xüsusiyyətinə uyğunlaşdırmaq istiqamətində atdığı addımlar – müsbət qiymətləndirilməlidir. Çünki bu, tədricən “imtahana hazırlıq kitabı” stereotipini qırıb “şəxsiyyət formalaşdıran kitab” yanaşmasına doğru aparır.
Mənim fikrim budur: tarix dərsliyini yazanda məqsəd şagirdi sadəcə “imtahan üçün fakt daşıyıcısı” yox, həm də “şüurlu vətəndaş” kimi formalaşdırmaq olmalıdır. Dünyanın nümunələri göstərir ki, bu, mümkündür – sadəcə biz də məzmunu və pedaqoji yanaşmanı dəyişməliyik”.
Gülşən Rəsul