“Hesab edirəm ki, bu dəqiqə bizim üçün ən ciddi məsələ təhsilin orta məktəb səviyyəsində tətilin verilməsidir. Tələbələr yanvar ayının sonlarından tətildədirlər, itirdikləri enerjini bərpa ediblər”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Milli Məclisin deputatı Musa Quliyevin ali məktəblərdə qış tətilinin müddətinin uzadılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, ali təhsil müəssisələrində əlavə tətil verməyə ehtiyac yoxdur:
“Ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə, eyni zamanda 54 orta ixtisas müəssisəsində 56 min tələbə təhsil alır. İnsanların birdən-birə aktiv hərəkət etməsi yoluxma sayına təsir göstərəcək. Ali və orta ixtisas məktəblərində vəziyyət o qədər də təhlükəli deyil. Orta məktəblərlə müqayisədə burada say azdır. Orta məktəblərdə 1,6 milyon şagird təhsil alırsa, ali məktəblərdə 187 min tələbə təhsil alır. Rəqəmləri müqayisə edəndə görürük ki, ali məktəblərdə rəqəmlər orta məktəblərdəkindən 10 dəfə azdır. Ali məktəb tələbələri pandemiya qaydalarına riayyət edirlər. Tələbələrin böyük əksəriyyəti öz evlərində yaşamır. Onlar yoluxsalar belə ailə üzvlərini yoluxdurmurlar, kirayədə qalırlar və az insanla ünsiyyətdə olurlar. Amma orta məktəblərdə vəziyyət daha fərqlidir”.

Kamran Əsədovun qeyd edib ki, hazırda yoluxma sayı kifayət qədər yüksəkdir:
“Ali təhsil müəssisələrinin yoluxma rəqəmlərinin faizi çox cüzidir. Bizim üçün ən ciddi məsələ orta ümumtəhsil müəssisələrində bu problemin həllidir. Düşünürəm ki, yoluxan insanlar arasında orta məktəb şagirdlər ilə müəllimlərinin daha çox paya sahib olduğunu bilirik. Çünki orta məktəblərdə daha çox kütləvilik var. Bu gün 4432 məktəb, amma cəmi 51 universitet fəaliyyət göstərir və yaxud 1,6 milyon şagird, amma 187 min tələbə var. Bu rəqəmlər onu göstərir ki, yoluxma sayında orta məktəblər daha aktiv fazada iştirak edirlər, nəinki ali təhsil müəssisələri”.
Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycanda ali məktəblərdə qış tətilinin müddətinin uzadılması təklifini səsləndirib: “Yeni təhsil sessiyasının başlanması “Omikron” ştammının pik dövrünə təsadüf etdiyindən gələn həftələr içərisində yeni alovlanma ilə qarşılanma təhlükəsi yox deyil, Təklif edirəm ki, təhsil müəssisələrində qış tətilinin müddəti 7-10 gün uzadılsın, yaxud yaz sessiyasının dərsləri fevral ayının sonuna kimi yalnız onlayn qaydada keçirilsin”.