Son illərdə heyvandarlıq sahəsi ciddi problemlərlə qarşılaşır. İstehsal azalır, idxaldan asılılıq artır. Ölkədə ət və süd məhsullarına tələbat yüksəkdir, amma yerli istehsal bunu qarşılamaqda çətinlik çəkir.
Bəs əsas problem nədən ibarətdir? Heyvandarlığı gücləndirmək üçün nə etmək olar?
Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov bununla bağlı açıqlama verib və mövcud problemin səbəblərini belə əsaslandırıb:
“Heyvandarlıq sahəsində istehsalın azalması və idxaldan asılılığın artması bir sıra obyektiv və subyektiv amillərlə bağlıdır. Qiymətlərin isə demək olar ki, hər gün artması bu sektorun ciddi problemlərlə üzləşdiyini göstərir.
Ən əsas səbəblərdən biri bu sahədə yanlış idarəçilik və siyasətin aparılmasıdır. Ölkədə mövcud olan təxminən 54 aqroparkın hər biri 600-700 hektar əraziyə sahibdir və əksəriyyəti kənd bələdiyyələri və dövlət fonduna aid olan örüş sahələrində yaradılıb. Bu isə heyvandarlığa aid sahələrin azalması ilə nəticələnib. Fermerlərin əlindən qışlaq və yaylaq sahələrinin alınması və həmin sahələrin əkin üçün istifadə olunması bu siyasətin yanlışlığını ortaya qoyur. Nəticə isə göz qabağındadır.
Azərbaycan Cənubi Qafqazda ən az şirin su ehtiyatına sahib ölkədir – cəmi 12 faiz. Mövcud əkin sahələrini davamlı şəkildə suvarmaq çətin olduğu halda, 150 min hektar örüş sahəsini əkin dövriyyəsinə qaytarmaq məntiqli görünmür. Bu proses heyvandarlığın zəifləməsinə və idxaldan asılılığın artmasına səbəb olub. Məsələn, təkcə diri heyvanların idxalında 68 faiz artım müşahidə olunur. Bu, kənd təsərrüfatı və heyvandarlıq məhsullarında idxaldan asılılığın artdığını açıq şəkildə göstərir”.
Ekspert təklif edir ki, ailə təsərrüfatlarına dəstək göstərilsin:
“Dövlət dəstəyi əsasən böyük təsərrüfatlara yönləndirilib. Xaricdən gətirilən cins damazlıq heyvanlar əsasən iri təsərrüfatlara verilib, kiçik ailə təsərrüfatları isə bu dəstəkdən kənarda qalıb. Halbuki, kiçik təsərrüfatlar müəyyən standartlara tam uyğun olmasa da, heyvandarlıq sahəsində uzun illərdən bəri formalaşmış təcrübəyə sahibdirlər. Ona görə də dövlət dəstəyinin ailə təsərrüfatlarına da verilməsi vacibdir.
Bundan başqa, ölkədə su qıtlığı səbəbindən yonca sahələrinə su verilməsi məhdudlaşdırılıb. Üstünlük meyvə bağlarına tanındığı üçün yem bazası zəifləyib və nəticədə heyvandarlıq daha da çətin vəziyyətə düşüb”.
Ş.Nəcəfov aqrar siyasətin yenidən nəzərdən keçirilməli olduğunu bildirib:
“Heyvandarlıq üçün qışlaq və yaylaq sahələri olmadıqda, bu sahənin inkişafı da qeyri-mümkün hala gəlir. İnsanların çox ət istehlak etməsi səbəbindən heyvanların artmadığı haqda səsləndirilən bəzi iddialar isə əsassız görünür. Azərbaycan əhalisinin sayı 200-300 min nəfər arta bilər, lakin heyvandarlıq məhsullarında idxaldan asılılığın 68 faiz yüksəlməsi bu arqumenti təkzib edir. Üstəlik, dünya üzrə adambaşına düşən ət istehlakına görə Azərbaycan ən aşağı səviyyədə qərarlaşan ölkələrdəndir. Azərbaycanda adambaşına düşən illik ət istehlakı 25-27 kiloqramdır, halbuki Avropada bu göstərici 65-72 kiloqram arasında dəyişir.
Bütün bu faktlar göstərir ki, heyvandarlıq sahəsində yürüdülən siyasət ciddi problemlərə yol açıb və idxaldan asılılığı artırıb. Bu vəziyyəti düzəltmək üçün aqrar siyasət yenidən nəzərdən keçirilməli, kiçik təsərrüfatlara dəstək gücləndirilməli və örüş sahələrinin qorunması üçün tədbirlər görülməlidir”.Yenisabah.az