“Yaxın gələcəkdə Bakı şəhərində ucuz kirayə mənzil tapmaq daha da çətinləşəcək”.
Bunu TİA. Az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə,hər il ənənəvi olaraq avqust ayının ortalarından sentyabr ayının sonunadək daşınmaz əmlak bazarında, xüsusən də kirayə mənzil bazarında canlanma baş verir:
“Bu, daha çox tələbələrin bölgələrdən paytaxta gəlməsi ilə əlaqədardır. Çünki paytaxtda təhsil alan tələbələrin sayı minlərlədir. İldən-ilə bu məsələdə çətinliklər daha da çoxalır. 2016-ci ildən etibarən başlayan pilot layihələrin icrasına uyğun olaraq köhnə, istismar müddətini bitirmiş binaların söküntü işləri hələ də gedir. Söküntü zamanı isə həmin binalar kirayə mənzil bazarından çıxır həmçinin o binalarda yaşayan adamlar özləri ən azı iki il, iki il yarım kirayədə yaşayırlar.
Yeni binalar tikildikdə isə həmin binalar daha baha qiymətə təklif olunur. Buna görə də növbəti illərdə çətinlik və qiymət artımları müşahidə olunacaq. Paytaxt ərazisində on bir minə qədər istismar müddətini bitirmiş yaşayış binaları var ki, onların hər biri zamanla sökülməlidir. Ona görə də yaxın gələcəkdə Bakı şəhərində ucuz kirayə mənzil tapmaq daha da çətinləşəcək.
Hazırda tələbələrin axını başlayıb, bazarda bir canlanma var, ancaq ev problemləri hələ də həll olunmayıb. Tələbə yataqxanaları məhdud sayda olması da problemə öz təsirini göstərir. Əgər yataqxanalar tikilib, münasib qiymətə tələbələrə verilsə həm onlar üçün rahat olar həm də bazarda bir sabitlik yaranar. Bakıda kirayə qalan tək tələbələr deyil, rayonlardan iş üçün gələnlər, yeni ailə quran gənc cütlüklər və s. var. Bir sözlə, gözləntilər ürəkaçan deyil”.
Aytac
TİA.Az