Payız həm immunitetin zəiflədiyi, həm də bədənin mövsümə uyğunlaşdığı bir dövrdür. Eyni zamanda depressiya fəslidir.
Payızın gəlişi ilə orqanizmin enerji balansında dəyişikliklər baş verir. Havanın soyuması, günəş işığının azalması və mövsümi yorğunluq immuniteti zəiflədə bilər. Mütəxəssislər bu dövrdə düzgün qidalanmanın, vitamin və minerallarla zəngin məhsulların rasionda olmasının vacibliyini vurğulayırlar. Mövsümə uyğun qidalanma həm payız xəstəliklərindən qorunmaq, həm də bədəni qışa hazırlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu fəsildə immuniteti gücləndirmək üçün hansı məhsullar daha faydalıdır?
Payızda insanların ən çox buraxdığı qidalanma səhvləri nələrdir?
Payız depressiyasına qarşı qidalanma nə dərəcədə rol oynayır?
Beyin fəaliyyəti və əhval üçün hansı qidalar tövsiyə olunur?
Məsələ ilə bağlı Tribunainfo.az-a danışan qida mühəndisi, sağlam qidalanma üzrə ekspert Fərid Səfərov bildirib ki,
payız dövründə həm immun sisteminin zəifləməsi, həm də psixoloji vəziyyətin dəyişməsi orqanizmdə ciddi təsir yaradır.
1. Payızda immuniteti gücləndirən ən faydalı məhsullar.
Payızda məqsəd bədəni vitamin, antioksidant və faydalı yağ turşuları ilə təmin etməkdir. Aşağıdakı qidalar xüsusilə dəyərlidir:
Meyvə və tərəvəzlər:
– Nar, alma, armud, portağal, limon – C vitamini, antioksidant və lif mənbəyidir.
– Balqabaq, kök – A vitamini (beta-karoten) və immun gücləndirici təsir göstərir.
– Kələm, brokoli, gül kələmi – C vitamini ilə zəngindir.
Zülal mənbələri:
– Toyuq, balıq, yumurta, paxlalılar (noxud, mərcimək) – immun hüceyrələrin bərpası üçün vacibdir.
– Balıq (xüsusilə skumbriya, somon) – D vitamini və omega-3 mənbəyidir.
– Bal və arı məhsulları – təbii antibakterial təsir göstərir.
– Qoz, badam, fındıq – E vitamini, sink və omeqa-3 üçün.
– Zəncəfil, sarımsaq, sarıkök – iltihab əleyhinə və viruslara qarşı təsirlidir.
2. Payızda ən çox edilən qidalanma səhvləri.
Bu dövrdə orqanizm enerji çatışmazlığını kompensasiya etməyə çalışdığı üçün bir sıra səhvlər edilir:
– Şəkər və unlu məhsullara meyil – serotonin səviyyəsini süni artırmaq üçün insanlar şirniyyata yönəlir, lakin bu, əksinə, əhval və immuniteti daha da zəiflədir.
– Kofe və qəhvəyə həddindən artıq müraciət – müvəqqəti enerji versə də, orqanizmi susuzlaşdırır və yorğunluğu artırır.
– Su qəbulunun azalması – hava soyuduğu üçün insanlar az su içir, bu da maddələr mübadiləsini zəiflədir.
– Təzə tərəvəz və meyvələrin azaldılması – payızda vitamin ehtiyatını qorumaq üçün bu məhsullar vacibdir.
– Axşam ağır yeməklər – metabolizmin yavaşladığı payızda bu, yuxu keyfiyyətini və həzmi pozur.
3. Payız depressiyasına qarşı qidalanmanın rolu.
Qidalanma burada çox böyük rol oynayır, çünki əhvalın tənzimlənməsi birbaşa serotonin, dopamin və melatonin kimi neyromediatorlardan asılıdır.
– Triptofan və B vitaminləri serotonin sintezi üçün əsasdır.
– Omeqa-3 yağ turşuları beynin siqnal ötürülməsini yaxşılaşdırır.
– D vitamini çatışmazlığı payız depresiyasının əsas səbəblərindən biridir.
Əhvalı yaxşılaşdıran məhsullar:
– Balıq (somon, ton balığı) – D vitamini və omeqa-3 mənbəyi.
– Banan, yulaf, qoz, yumurta – serotonin istehsalını artırır.
– Tünd şokolad (70%+) – endorfin və dopamin səviyyəsini qaldırır.
– Yaşıl çay, ilıq süd, kətan toxumu – sakitləşdirici və balanslaşdırıcı təsir göstərir.
4. Beyin fəaliyyəti və əhval üçün tövsiyə olunan qidalar.
– Qoz, balıq, kətan toxumu, yaban mersini, yulaf
– Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, kələm)
– Yumurta sarısı (xolin mənbəyi – beyin üçün vacibdir).
Hər mövsümdə sağlam qidalanaraq sağlam yaşayın!
Dəniz Pənahova