Yaradıcı əməyin dəyəri çox vaxt gözlə görünmür, amma beynin məhsuluna sərf olunan vaxt, diqqət və bilik bəzən fiziki əməkdən daha ağır olur. Xüsusilə media, elmi, təhsil və sənət sahəsində çalışanlar tez-tez “bir yazı, bir fikir, bir sətir” üçün uzun saatlar sərf edirlər. Lakin bu sahələrdə intellektual əməyin maddi dəyəri çox zaman düzgün qiymətləndirilmədiyindən, bir çox mütəxəssislər gördükləri işə görə ödəniş tələb etdikdə anlaşılmazlıqla qarşılaşırlar.
Tribunainfo.az xəbər verir ki, sosial şəbəkədə jurnalistin paylaşımı da izləyicilər də lağ-lağı kimi yanaşmış, məsələnin ciddiyyəti gözardı edilmişdir.
Belə ki, açıqlama vermək üçün iqtisadiyyatçı-ekspert 15 manat təklif etmişdir. Əslində gülüb lağa qoyduğunuz məbləğ azdır.
Bu, sadəcə pul məsələsi deyil, emosional və intellektual sərmayəyə hörmət məsələsidir. Beyin məhsulu da əməklə qazanılır, sadəcə görünməz sahədə boşluqlar var. Elə ekspertlər var ki, jurnalist sorğu yollayanda şap-şup 2 dəqiqənin içində süni intellekt, ChatGPT vasitəsilə sənə şablon cavab göndərir. Bu isə həm jurnalistikanın keyfiyyətini aşağı salır, həm də real ekspert fikirlərinə ehtiyacı azaldır. Amma, işinin mütəxəssisləri, sənə vaxt ayırıb səs atır, detallı məlumat və təkliflər irəli sürür. Bu barədə gələcəkdə layihə hazırlansa da sayılıb seçilən ekspertlər seçilməlidir. Məhz bu səbəbdən, media sektorunda peşəkar ekspertlərlə əməkdaşlıq mexanizmi formalaşdırılmalı, onların fikirlərinə, analizlərinə və vaxtına rəsmi, simvolik də olsa, ödəniş tətbiq edilməlidir. Bu, həm etik balansı qoruyar, həm də medianın etibarlılığını artırar. Dünya modelindən baxsaq, bir çox media qurumları, saytlar məsələn, nüfuzlu “New York Time” dərgisi, “Independent” nəşri, “Bloomberg” və s. çap etdiyi xəbəri belə, ödənişli edir. İlk dəfədə sən Gmail adresinlə 1 dəfə girib xəbər oxuya bilərsən, ikinci dəfə bu ödəniş tələb edir.
Yaradıcı əməyin dəyəri necə müəyyən olunmalıdır?
Hadisəni lağ-lağı obyektinə çevirən bu sahədə cəmiyyətin düşüncə tərzini dəyişmək üçün nə etməliyik?
Media orqanları ilə ekspertlər arasında əməkdaşlıq mexanizmi necə tənzimlənməlidir ki, həm peşəkar münasibət qorunsun, həm də tərəflərdən biri istismar olunmasın?
Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən media eksperti Yadigar Məmmədli bildirib ki, əslində, bu mövzu xeyli zamandır ki, aktualdır. Bununla bağlı ara-sıra müəyyən fikirlər səsləndirilib.
Y. Məmmədlinin sözlərinə görə, bütün fəaliyyətin qarşılığı verilməlidir. İstər ekspert sahəsində, istərsə də digər sahələrin mütəxəssislərin və peşəkarların açıqlamalarının qarşılığı verilməlidir.
Əvvəllər bu prosesin gerçəkləşdiyindən bəhs edən ekspert deyib:
“Çox təəssüf ki, Azərbaycanda indi bu yoxdur. Amma 90-cı illərdə qonarar sistemi vardı. Təbii ki, hamıdan yox, elə mətbu orqanlar vardı ki, müsahibə və açıqlama aldığı insanlara müəyyən qədər maliyyə ayırırdılar. Amma indi bilmirəm ki, elə bir mətbu orqan peşəkarın açıqlamasına pul ödəsin. Bəlkə də var, bilmirəm. Bu çox ciddi məsələdir. Peşəkarlığın mühüm atributlarından biridir. Söhbət mətbuatın peşəkarlığından gedir. Mətbuat özünə hörmət edirsə, onun ciddi mütəxəssislərdən aldığı açıqlamaya görə ödəniş etməlidir. Necə ki, öz əməkdaşına maliyyə ayırır, eləcə də hər hansı bir sahə üzrə peşəkarın açıqlamasına da verilməlidir”.
“Mən uzun müddət qəzetdə baş redaktor olmuşam. 90-cı illərə kimi biz bunu geniş tətbiq edirdik. Həcmindən asılı olmayaraq elə açıqlamalar olurdu ki, onun qonarar daha çox olurdu. Bu yazının mühüm əhəmiyyətinə, oxucular tərəfindən qarşılanan münasibətə görə verilirdi. Eyni zamanda, indi də bunu tətbiq etmək olar və lazımdır”.
“Bunun yalnız bir minusu var, həmin mətbu orqanın maliyyə ayırma imkanı olmalıdır. İndiki durumda Azərbaycanda mətbu orqanların, portalların ciddi reklam bazarı yoxdur. Daha çox pul gətirən reklam bazarı olmalıdır. Var amma istədiyimiz səviyyədə deyil”.
Ekspert məsələ ilə bağlı təklif irəli sürüb:
“15 manat qıcıq və gülüş doğurmamalıdır. Belə bir ciddi məsələnin sosial şəbəkədə yayılmasını mən doğru görmürəm. Ciddi məsələ sosial şəbəkədə qeyri ciddi nəticə yaradır. Çünki elə sosial şəbəkədə vaxtını keçirən, lağ-lağı adamlar olur. Ciddi adamların sayı orada azdır. Bu sahənin mütəxəssisləri, bilavasitə aidiyyəti olan adamlarla sorğu, onlayn formatda görüş təşkil etmək olar. Sosial şəbəkələr bizim istədiyimiz kimi platforma olmasa belə, ciddi platformadır və inkişafa aparır. Söz və fikir azadlığı orada var. Hətta müəyyən əndazəni keçsə belə, bəzi məsələlərdə xeyirlidir. Biz jurnalistlər də oradan informasiya alıb, dəqiqləşdirib xəbər hazırlayırıq, yayırıq. Bu məsələ də çox vacib məsələdir. Mətbuat öz peşəkarlığını artırmış olar”.
Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən müəllif hüquqları üzrə ekspert Zamiq Yunisov məsələyə qanun çərçivəsindən yanaşaraq bildirib:
“Yaradıcı məhsul istər mətn, istər musiqi, istər elmi fikir, istərsə də ekspert rəyi olsun, Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunu ilə qorunur. Qanunun 5 və 27-ci maddələrinə əsasən, müəllifin yaratdığı məhsul maddi dəyər daşıyır və müəllif onun istifadə olunmasına görə, qonorar hüququna malikdir.
Dəyər iki əsas meyar üzrə müəyyənləşdirilməlidir:
1. İntellektual enerji və sərf olunan vaxt, araşdırma, analiz, səs yazısı, işlənmə müddəti;
2. Məsuliyyət və peşəkar bilik – ekspertin reputasiyası, bilik səviyyəsi və hüquqi məsuliyyəti.
Beynəlxalq praktikada (ABŞ, AB və Türkiyə mediası təcrübəsində) ekspert rəyləri ödənişli xidmətdir və müqavilə ilə rəsmiləşdirilir. Azərbaycanda da eyni yanaşma tətbiq olunmalıdır.
Problemin kökü maarifləndirmə boşluğudur. İnsanlar fiziki əməyi “görür”, amma intellektual əməyin arxasındakı uzun prosesi “görmür”. Bunun üçün üç istiqamətdə sistemli iş vacibdir:
1. Media savadlılığının artırılması – ictimaiyyət anlamalıdır ki, fikir, analiz və ekspertiza da əməklə qazanılır.
2. Qanunların tətbiqi və ictimai müzakirələr – müəllif hüquqlarına hörmət kulturu formalaşmalıdır.
3. Ekspertlərin seçimində keyfiyyət meyarları hər “özünü ekspert adlandıran” yox, yalnız peşəkar, məsuliyyətli şəxslər mediaya çıxmalıdır.
Bu münasibət qanuni və şəffaf mexanizm üzərində qurulmalıdır. Aşağıdakı model həm hüquqi, həm etik baxımdan doğru hesab olunur:
1. Rəsmi müqavilə və ya sorğu əsasında əməkdaşlıq
(Media haqqında Qanun, Maddə 32 – informasiya münasibətlərinin hüquqi çərçivəsi)
2. Qonorarlı sistem
Sorğuya cavab, ekspert rəyi, analitik rəy və ya açıqlama müqavilədə göstərilmiş məbləğ əsasında ödənilməlidir.
3. İstismar hallarının qarşısı
Ekspertin fikri icazəsiz ixtisara salınmamalı, təhrif edilməməlidir (Müəlliflik Hüquqları Qanunu, Maddə 15).
4. Media üçün də faydalı mexanizm
Ödənişli əməkdaşlıq jurnalistikanın keyfiyyətini yüksəldir və məsuliyyəti artırır.
Bu model tətbiq olunduqda, nə media zərər çəkir, nə də ekspert istismar olunur, əksinə, hər iki tərəfin nüfuzu və peşəkarlığı artır.
XÜLASƏ
Yaradıcı əməyin dəyəri puldan əvvəl hörmət məsələsidir. İntellektual məhsul da əməkdir və bu əmək rəsmən, hüquqi baza ilə qorunmalıdır. Necə ki, dünya mediası kontenti və ekspert rəyini ödənişlə təqdim edir, Azərbaycan mediası da bu istiqamətdə yeni mərhələyə keçməlidir”.
Dəniz Pənahova