Mənim də məzunu olduğum Bakı Dövlət Universitetində nələrin baş verdiyini ağılla dərk etmək mümkün deyil. Universitet tam şəkildə uçuruma yuvarlanır. Universitetdə təhsil mühiti aşınıb. Dünya təcrübəsində universitetlər görkəmli məzunları və alimləri ilə öyünür, hətta məzunlar qara dərili olsalar belə ayrı-seçkilik salmırlar.
Tribunainfo.az xəbər verir ki, bu sözləri keçmiş deputat, təhsil üzrə ekspert Etibar Əliyev Feysbuk hesabında yazıb. O bildirib ki, BDU-da yaramaz əməllərə son qoyulmalıdır:
“İndi mənim təqdim etdiyim düşündürücü səhnəyə fikir verin.
Universitetdə fizik, əslən naxçıvanlı professor Əhməd Abdinovun 80 illik yubileyi təntənə ilə qeyd olunur.
Ölkədə hüquq elminin anasını ağlar qoyan Məsumə Məlikovanın 95 illik yubileyində rektor bəlağətli çıxış edir, uçqunur.
Ancaq BDU-nun bizim tələbəlik illərindən tanıdığımız görkəmli alimi Niftalı Qocayevin 85 illik yubiley tədbiri keçirilmədi. Niftalı Qocayev SSRİ universitetləri üçün fizika üzrə dərslik yazmış yeganə azərbaycanlıdır. Bununla yanaşı, o, dəfələrlə yenidən nəşr olunmuş çoxcildli “Ümumi fizika kursu”, həmçinin Türkiyədə nəşr olun-muş “Temel Moleküler Fizik”, “Optik”, iki cilddən ibarət “Molekülün Yapısı ve özellikler” dərsliklərin müəllifidir.
2021-ci ildə Professor Eldar Məsimovun 80 yaşı tamam oldu. E. Babayev öz müəlliminin yubeliyini keçirmədi. Eldar Məsimov E. Babayevlə mənim “Fizfak”da oxuduğumuz illərdə “Maddə quruluşu” kafederasının müdiri vəzifəsini daşıyıb. Milli Məclisin deputatı olub, Universitetdə Elmi işlər üzrə prorektor və Təhsil nazirliyində Elm idarəsinin rəisi vəzifəsində çalışıb.
Mənim Universitetimin rektoru Elçin Babayev Universitetin görkəmli riyaziyyatçısı mərhum Arif Babyevin 90 illik yubiley tədbirinə qatılmadı. Yəqin ki, saytlar vasitəsilə bu yubileydən xəbərdar oldu.
Soruşuram, Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilovun Bakı Dövlət Universitetinə nə dəxli var? Bu adamın (rektorun dostunun) BDU-da 70 illik yubileyinin keçirilməsi kollektivə qarşı ən böyük həqarətdir.
Bakı Dövlət Universitetində bu cür yaramaz əməllərə son qoyulmalıdır. Universitetin bioqrafiyasında adları qızıl hərflərlə yazılmış şəxslərə qarşı haqsızlıq etmək nifrət yaradır”.
Gülşən Rəsul