Ekoloqdan şok iddia: “”İrma” qasırğasını Rusiya törədib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurban Yetirmişli: “Rusiyanın belə bir silahının olması…”

 

Qurban Yetirmişli: “Rusiyanın belə bir silahının olması…”

“İrma” qasırğası ABŞ-ın ştatlarını xarabalığa çevirməkdə davam edir. Corciya ştatında “İrma” qasırğası nəticəsində ölənlərin sayı 2-yə çatıb. Ölüm faktı ştatın Sendi Sprinqs şəhərində qeydə alınıb. Belə ki, qasırğa nəticəsində ağac evin üzərinə düşüb və bir nəfərin ölümünə səbəb olub.

Bundan əvvəl hökumət nümayəndələri ştatın cənubunda, Uort dairəsində 62 yaşlı kişinin ölümü barədə məlumat yaymışdı. Hazırda “İrma” qasırğası Corciya ştatı ilə bərabər Cənubi və Şimali Karolina ştatlarında da tüğyan edir.

Florida ştatında “İrma” qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Bu barədə “Associated Press” agentliyi xəbər verib. Ştatda tüğyan edən “İrma” qasırğası 6 milyondan çox sakini elektrik enerjisiz qoyub. Ötən gün ABŞ prezidenti Donald Tramp “İrma” qasırğası ilə əlaqədar Florida ştatını təbii fəlakət zonası elan edib. Hazırda “İrma” qasırğası Alabama ştatına yaxınlaşır. “İrma” qasırğasının beşinci dərəcəyədək yüksəldiyi bildirilir.

Mütəxəssislərin fikrincə, İrma son 10 ildə Atlantik okeanda yaranan ən güclü qasırğadır. “İrma” qasırğası ABŞ-ın Texas ştatında dağıntı və daşqınlara səbəb olan “Harvi”dən daha güclü hesab edilir.

Bəs görəsən, qısa müddət ərzində ABŞ-da ardıcıl olaraq iki güclü qasırğanın baş verməsinin səbəbi nədir? Burada təbiət hadisələrinə müdaxilədən söhbət gedə bilərmi? Belə bir hadisənin Azərbaycanda yaşanma ehtimalı nə qədərdir?

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər metereoloji silahlardan istifadə olunsa, oxşar qasırğa Azərbaycanda da, dünyanın digər dövlətlərində də ola bilər: “Ölkəmizdə iyun, iyul aylarındakı yağışlar, küləkli hava, soyuq elə bu qasırğa kimi bir şeydir. Amerika Rusiyanı iqtisadi cəhətdən çökdürmək üçün həm özünə, həm də qonşularına zərbə endirdi ki, iqtisadi baxımdan çətinlik yaşasın. Bu eyni oyundur. Rusiya da Amerikanı metereolji silahla vurdu. Bu qasırğa da onun nəticəsidir. Bu, təbii hadisə ola bilməz. Təbii hadisələr 10-15 ildən bir təkrarlanır. Bir ildə 10 dəfə təbii fəlakət yaşanırsa, deməli, bu, sünidir. Deməli, kimsə təbiətə müdaxilə edir, prosesləri tezləşdirirlər. Bunun üçün metereoloji silahlar var. Əgər insanlar 60-70 metr çevrədəki havaya təsir göstərə bilirsə, deməli, minlərlə kilometr uzaqdakı havaya da təsir göstərə bilərlər”.

Ekoloqun fikrincə, bu qasırğaların arxasında siyasi toqquşmalar dayanır: “Dünyada iki əsas güc mərkəzi var- Amerika və Rusiya. Bu iki ölkədən birinin siyasəti dünyada qalib gələcək. Amerikanın siyasəti saxta demokratiyadır. Rusiyanın siyasəti isə imperialist siyasətdir. Bu qasırğaların arxasında siyasi toqquşmalar dayanır, metereoloji silahlardan istifadə olunur.

Amerika bu silahları Norveçə, İslandiyaya, Kanadaya verib, Sakit və Atlantik okeanda onları yerləşdirib. Rusiya isə Kubaya həmin silahı verib ki, Amerika bundan çəkinsin. Amerikada olan son qasırğaları, xüsusən də sonuncu “İrma” qasırğasını Rusiya törədib. Bütün bu metereoloji silahlar kənd təsərrüfatına ciddi ziyan vurur, ölkələrin iqtisadiyyatını çökdürür. Amerika da bu il Rusiya iqtisadiyyatına ziyan vurmaq üçün Azərbaycana qarşı metereoloji silahdan istifadə edərək hava şəraitinə mənfi təsir etdi. Nəticədə bir çox rayonlarda məhsuldarlıq aşağı düşdü. Rusiya da bütün bunlara cavab olaraq Amerikada qasırğanın olmasına səbəb oldu”.

T.Zeynalovun fikrincə, bu silahlara sahib olduqdan sonra müharibə etməyə ehtiyac yoxdur: “Bu silahlardan istifadənin ləğv olunması məsələsi ilk dəfə 1971-ci ildə SSRİ tərəfindən dünyada qaldırıldı və digər dövlətlər də bu razılaşmaya qol çəkdilər. Çünki bu silahlar çox güclü silahlardır. Heç bir müharibə eləməyə ehtiyac yoxdur. Bu silahdan istifadə etməklə dövləti su içində batırmaq, məhv etmək olar. Lakin SSRİ dağıldıqdan sonra Amerika bu razılaşmanı pozdu. Bu gün dünyada metereoloji silahlardan istifadə olunması bir reallıqdır. Heç kim bu reallığı inkar etməyə çalışmasın. Ən güclü metereoloji silahlar da Rusiyadadır”.

“Yeni Müsavat”ın sualını cavablandıran Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli isə bildirdi ki, son 40 ildə Bakıda belə hadisə yaşanmayıb: “Şəhərimizdə güclü küləklər əsir, lakin 1969-cu ildən Bakıda yaşasam da belə bir hadisə görməmişəm. Qasırğa daha çox hidrometereoloji hadisədir. Mən ancaq onu deyə bilərəm ki, bu qasırğa metereoloji silahdan deyil. Çünki bu silahlar elə Amerikadadır. Necə ola bilər ki, bu silahdan Amerika özü özünə qarşı istifadə eləsin, öz ölkəsinə milyardlarla ziyan vursun. Bu dövlət öz xalqına düşmən ola bilməz. İkinci bir ölkə də Amerikaya qarşı bu addımı ata bilməz. Çünki hər ölkənin orbitdə nə qədər peyki var, onlar oradan çox yaxşı görürlər ki, hansı ölkədə nə baş verir. Rusiyanın belə bir silahının olmasına inanmıram. Rusiya nə isə etsəydi, Amerika dünyanı dağıdardı. Amerika peykdən yolda gedən maşınların nömrəsinə qədər hər şeyi izləyir. Rusiya bu ölkəyə qarşı metereoloji silahdan istifadə etsəydi, bunu da bilərdilər və Amerika buna kəskin cavab verərdi”.

Nərgiz LİFTİYEVA