Ekologiya və təbii sərvətlər naziri Goranboy rayonunda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Goranboy rayonunda vətəndaşları qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirir.

Nazirliyin mətbuat xidmətindən TİA.AZ-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən oktyabrın 26-da ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Goranboy şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Goranboy, Ağdaş, Yevlax, Naftalan rayonlarında, o cümlədən Gəncə və Mingəçevir şəhərlərində yaşayan sakinləri qəbul edib.

Qəbuldan əvvəl nazir Muxtar Babayev və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.