Xəbər verdiyimiz kimi, ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsi sonuncu iclasda 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib. Prokuror da Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini tələb edib. Cəzadan azad edilən Əhməd barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.
Tribunainfo.az-ın məlumatına görə, bu qərar cəmiyyətdə bir sıra müzakirələrə səbəb olub.
Məsələyə isə Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamından müdafiəsi üzrə şöbəsinin prokuroru Orxan Səmədov aydınlıq gətirib.
O bildirib ki, məhkəmə baxışında Əhməd Əhmədovun əziyyət çəkdiyi şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal diaqnozlu psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə atası, anasını, bacısını və iki azyaşlını xüsusi amansızlıqla qəsdən öldürməsi müəyyən edilib:
“Cinayət işi üzrə ibtidai istintaq zamanı 2 dəfə məhkəmə-psixiatrik ekspertizası təyin edilərək keçirilib və hər iki ekspert rəyi ilə Əhmədov Əhməd Mehman oğlunun ona istinad edilən cinayət əməlini törədərkən “Şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal” növündə psixi xəstəliyindən əziyyət çəkməsi, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı müəyyən olunub. Eyni zamanda hal-hazırkı psixi vəziyyətinə görə Ə.Əhmədovun özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması müəyyən edilib.
Cinayət məcəlləsinin 21-ci maddəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmçinin həmin maddəyə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməli törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər..
Məhkəmənin yekun qərarına əsasən psixi pozuntusu Əhməd CM-nin 95-ci maddəsində müəyyən edilmiş Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin ən ciddi növü – ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.
Onun məhkəmənin qərarına əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil.
Eyni zamanda qeyd etmək istəyirəm ki, qanunvericilikdə müəyyən edilmiş hallarda ixtisaslaşdırılmış psixiatriya stasionarlarına məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır”.