Sentyabrın 18-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib.
Sentyabrın 18-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.
“Humanitar məsələlər və digər öhdəliklər: təcavüzkar millətçilik, irqçilik və şovinizm” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov təcavüzkar millətçilik, irqçilik və şovinizm barədə söz açıb və Azərbaycanın erməni vəhşiliyindən əziyyət çəkdiyini bildirib. Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələri tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra Quliyeva barədə danışan hüquq müdafiəçisi Ermənistanın cəbhə bölgəsindəki dinc sakinləri hədəfə aldığını və bunu dövlət səviyyəsində həyata keçirdiklərini diqqətə çatdırıb.
Ermənistan ordusu tərəfindən amansızcasına qətlə yetirilmiş 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın fotolarını tədbir iştirakçılarına nümayiş etdirən ADİHİ rəhbəri Əhməd Şahidov bunu vandalizm aktı adlandırıb və bu cür əməllərin Cenevrə Konvensiyasına zidd olduğunu diqqətə çatdırıb: “Hamınızdan xahiş edirəm ki, bu fotoya diqqət yetirəsiniz. Bu foto İraq və ya Suriyada çəkilməyib. Bu körpənin qatilləri İŞİD deyil. Bu körpə bala bu ilin İyul ayında Azərbaycanın Füzuli rayonunda qətlə yetirilib. Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində həyatını itirən bu balacanın 2 yaşı var idi, adı Zəhra idi. Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərə qarşı yönəlmiş bu vandalizm aktı nəticəsində 2 yaşlı Zəhra və onun nənəsi dünyasını dəyişdi. Bu, özündə faşizm elementlərini əks etdirən beynəlxalq miqyaslı bir cinayətdir. Xatırladım ki, 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs elan olunmasına baxmayaraq, erməni tərəfi dəfələrlə atəşkəs rejimini kobud surətdə pozaraq, mülki əhalini hədəfə alır və günahsız insanların qətlini həyata keçirir. Bu, bütün beynəlxalq qanunlara, xüsusən də Cenevrə Konvensiyasına ziddir.”
PS. ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.