“Azərbaycanla Türkiyənin media qurumlarının əməkdaşlığı çərçivəsində bu 5 il ərzində çox saylı birgə layihələr həyata keçirilib. Ankarada keçirilən Hərbi “Jurnalistika Təlim Proqramı”, eləcə də “Media Savadlılığı” layihələri çərçivəsində hər iki ölkənin media qurumları arasında faydalı fikir mübadiləsi aparılıb”.
Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Bakıda “Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumunun 5 ili: Birgə Fəaliyyətə Baxış, Gələcək Hədəflər” mövzusunda dəyirmi masada deyib.
Əhməd İsmayılovun sözlərinə görə, hər il təşkil olunan ənənəvi Şuşa Qlobal Media Forumunda aktual məsələlər ətrafında təcrübə mübadiləsinin təşviqi də əməkdaşlığın önəmli aspektlərindəndir:
“Ölkəmiz üçün böyük əhəmiyyət daşıyan və Milli Mətbuat Gününə təsadüf edən Şuşa Qlobal Media Forumu bu sahədə əməkdaşlığa ciddi təkan verir. 2023-cü ilin oktyabrında Azərbaycanın 30-dan çox qurumunun media ilə əlaqələrdən məsul şəxslərinin Türkiyəyə səfəri təşkil olunub. Azərbaycan və Türkiyə arasındakı münasibətləri bənzərsiz əməkdaşlıq modeli adlandırmaq mümkündür. Biz bir-birimizi beynəlxalq platformalarda qətiyyətlə dəstəkləyirik. İnanıram ki, növbəti illərdə qardaşlıq əlaqələrimiz daha da möhkəmlənəcək”.