Bizim dairədən vətəndaşlarla görüşləri təkcə mən keçirirəm. Bu görüşlər icra hakimiyyətinin təşkil etdiyi görüşlər deyil. Canlı və real görüşlərdi. Bu ərazilərdə, xüsusilə Xəzər rayonu Binə qəsəbəsi, Qala qəsəbəsində əsas problem sudur. İnsanlar susuz qalıb. Bakıda, paytaxt şəhərdə, XXI əsrdə su problemi olmamalıdır. Xəzər rayon icra başçısı problemi atır “Azərsu”yun üstünə, “Azərsu” atır icra başçısının üstünə. Təsvir edin, “Azərsu” nümayəndəsi gəlib bildirib ki, sizin küçədə şəhid yoxdu deyə bura su çəkmirik. Bu deyiləcək sözdü? Bu dərəcədə biabırcı vəziyyətdir.
Bu sözləri Tribunainfo.az-a AĞ Partiyanın 13 saylı Xəzər İkinci Seçki Dairəsindən deputatlığa namizədi Əhəd Məmmədov bildirib. O qeyd edib ki, burada insanlar icra hakimiyyətindən, “Azərsu”dan şikayətçidirlər: “Su yox, yol problemi bitmək bilmir, bir az yağış yağan kimi palçıq əlindən hərəkət etmək mümkün deyil. Sakinlər deyir, ayrı-seçkilik edirlər, hansı küçədə şəhid varsa, oranı düzəldirlər, yol çəkirlər. Bundan əlavə, qeydiyyatsız evlər çoxdur. Sakinlər heç bilmirlər ki, küçələri necə adlanır. Sabah bu insanlar harada, necə səs verəcək? Mən artıq neçənci görüşdür ki, keçirirəm, ancaq bu problemlərdən danışılır.
Minimum rəqabətli seçki olsa, şəffaf keçirilsə mən özümün seçiləcəyini düşünürəm. Bu təkcə özümə aid deyil, AĞ Partiyanın Xəzər rayon təşkilatı partiya daxilində ən güclü təşkilatlardandır. Bizim Xəzər rayonu təşkilatımız hələ seçkidən əvvəl suya görə 2 min imza yığmışdı. Yəni bu rayonda bizim partiyanı yaxşı tanıyırlar. Liderimizin də populyarlığı, özümüzün fəaliyyəti şanslarımızı artırır”.
Rəqibləri barədə danışan Ə.Məmmədli bildirib ki, bu dairədə bir real rəqibim var, o da Gülşən xanım Paşayevadır: “Onun isə heç bir fəaliyyəti yoxdur. Dostlar bir videosunu göstərdi mənə ki, onu da icra başçısı təşkil edib. Ağ avtobusla, ağ səliqəli geyinmiş uşaqlarla qapalı bir yerdə görüş keçirib. Orada məlum məsələdir ki, müəllimləri və sair yığıblar. Bu xanım seçicilərlə bir dəfə də görüşməyib. Qapalı yerdə, icra başçısının təşkil etdiyi görüş görüş deyil. Bu, inzibati resursların hesabına təbliğat görüntüsüdür.
Mən mediadan da istifadə edərək Gülşən xanım Paşayevanı debata çağırıram. Harada istəyir görüşək, yeri də özü seçsin, hətta öz istədiyi jurnalisti moderator seçsin, debata çıxaq. Xəzər rayonunun problemlərindən tutmuş Respublikanın problemlərinə qədər danışaq, debat edək. İnsanlar da tanısın, qiymət versinlər”.
Nigar