Yasamal rayon icra hakimiyyətinin başçısı vəzifəsi boş qaldıqca ona iddia edənlər də niyyətlərini büruzə verirlər. Kimlərsə “şirin yuxu” görür, dağdan arana enir. Dağlarda gün keçirməkdən bezənlərdən biri də Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevdir.
Vaxtaşırı özünü gündəmdə saxlamaq üçün “mən də varam” prinsipini əldə rəhbər tutan Əhəd Abıyev gah mətbuat, gah da yaxın ətrafı vasitəsi ilə ictimaiyyətə informasiya ötürməklə özünü gündəm də saxlamağa çalışır. Təqdimat da təxminən belə olur: yuxarıdan israrla xahiş edirlər ki, gəl, Yasamal rayonuna başçılıq elə! Lakin Əhəd müəllim bu təklifi qəbul etmir. Guya Daşkəsəndə görüləcək işləri çoxmuş. Özünün mətbuata ötürdüyü dezoya da özü cavab verir. Rayon icra hakimiyyətlərinin başçıları mütəmadi olaraq dəyişdirilir. Amma Əhəd Abıyevin taktikası dəyişmir ki, dəyişmir. Bir müddət öncə Xətai rayonu ilə bağlı da eyni taktikadan yararlanmışdı. Xətai rayonuna başçı gəlmək üçün qapı-qapı gəzən Əhəd Abıyev nədən Yasamaldan imtina etsin? Görünən odur ki, Əhəd Abıyev həqiqətən də dağdan arana gəlmək niyyətindədir. Ancaq adam dağdan düşməyin yolunu tapa bilmir. Tapa bilmədikcə də, yuxu görür. Özü də “şirin yuxu”. Amma unudur ki, yuxu həmişə tərsinə yozulur.