Azərbaycanda idxalçıların və supermarketrlərin qurduğu monopoliya şəbəkələrinin ölkədəki bahalaşmada oynadığı rolu xüsusi izah etməyə ehtiyac yoxdur. Bunun üçün marketlərdəki qiymətlərə nəzər yertirmək və onları digər qonşu dövlətlərlə maüqayisə etmək kifayətdir…
Ölkəmizdə digər ölkələrlə müqayisədə xeyli baha olan məhsullardan biri də kərə yağıdır. Azərbaycana müxtəlif ölkələrdən idxal olunan kərə yağları gömrük keçid məntəqəsindən pərakəndə satış şəbəkələrinə – marketlərə çatana qədər elə “yoldaca” 2 dəfə bahalaşır. Bu da inhisarçılığın xalqımıza verdiyi “töhfələrdən” biridir.
“AzPolitika” xəbər verir ki, ölkədəki kərə yağı bazarında fed.az-ın apardığı araşdırmaya görə, kərə yağlarının idxal qiyməti ilə onların müştəriyə satış qiyməti arasında böyük fərq var və bu fərq hər il artmaqdadır. Belə ki, 10 il əvvəl marketlərdə satılan xarici kərə yağının qiyməti ilə həmin yağın idxal qiyməti arasında cəmi 58% fərq var idisə, hazırda bu fərq 100%-i keçib, yəni 2 dəfədən artıqdır.
Belə ki, araşdırmaya əsasən, 2014-cü ildə Azərbaycana gətirilən kərə yağının 1 kiloqramının idxal qiyməti (burada və bundan sonrakı bütün hallarda söhbət il üzrə orta qiymətdən gedir –müəl.) cəmi 4,34 manat olub. Həmin ildə yağın pərakəndə satış şəbəkəsində, yəni marketlərdəki son qiyməti isə 6,86 manat təşkil edib. Başqa sözlə, kərə yağının marketdəki satış qiyməti – onun idxal qiymətindən 2,52 manat artıq olub ki, bu da “cəmi” 58% artım deməkdir.
İlk baxışdan yağın qiymətinin gömrükdən marketə qədər 58% artması yüksək bahalaşma kimi görünə bilər. Amma görünür, həmin vaxt inhisarçılar daha insaflı olublar. Çünki sonrakı illərin rəqəmləri göstərir ki, bu, son 10 ildə ən zəif bahalaşmadır. Sonrakı illərdə qiymətlər daha sürətli artıb.
Devalvasiyaların tar-mar elədiyi 2015-ci ilin iqtisadi göstəricilərini nəzərə almasaq, 2016-cı ildə kərə yağının 1 kiloqramı ölkəyə 5,73 manatdan idxal edilirdi. Həmin yağın marketlərdə satış qiyməti isə artıq 10,57 manatı keçmişdi. Başqa sözlə, market qiyməti ilə gömrük qiyməti arasındda fərq 4,84 manata və ya 85%-ə yüksəlmişdi.
2017-ci ildə bu fərq ilk dəfə 100%-i keçərək 104% təşkil etdi. Bu, o demək idi ki, kərə yağının market qiyməti gömrükdə qeydiyyat qiymətini 2 dəfədən çox üstələyir. 2018-ci ildə bu rəqəm 75%-ə düşsə də, sonrakı illərdə yenidən artıb və 2019-cu ildə 95%-ə, 2020-ci ildə 98%-ə, 2021-ci ildən sonra isə 100%+ə yüksəlib.
Yenicə başa çatan 2023-cü ildə isə kərə yağının market və gömrük qiyməti arasında fərq daha yüksək həddə çatıb – 108%. Yeri gəlmişkən, bu “rekord” münasibəti ilə monopolistlərimizi və supermarket şəbəkələri sahiblərini təbrik edə bilərik!
Ötən il xaricdən Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 min 597 ton kərə yağı idxal edilib, yəni yağın 1 kiloqramının idxal qiyməti 9,47 manat olub. Onun marketdə satış qiyməti isə ortalama 19,67 manat, yəni gömrük qiymətindən 10,2 manat baha olub.
Təsəvvür edin ki, 2016-cı ildən 2023-cü ilədək kərə yağının idxal qiyməti cəmi 3,74 manat artdığı (9,47 manat – 5,73 manat) halda, onun marketlərdəki satış qiyməti 9,10 qəpik artıb. Yəni, son 8 ildə marketlərdəki qiymətlər gömrükdəki qiymətlərdən 3 dəfə çox artıb.
Bunun əsas səbəblərindən biri ölkədə market şəbəkələrinin sürətlə böyüməsi və ərzaq mallarının satışında marketlər şəbəkəsinin payının artmasıdır. Bu sahədə rəqabətin azalması isə qiymətlərin yüksək səviyyədə saxlanılmasına səbəb olur.
Araşdırma onu da göstərir ki, xaricdən gətirilən kərə yağının idxal qiymətinin dəyişməsi onun marketlərdə satış qiymətinə alıcı üçün daha pis istiqamətdə təsir edir. Yəni, bahalaşma olduqda yağın market qiyməti idxal qiymətindən daha sürətlə artır, yağın idxal qiyməti ucuzlaşanda isə bu, market şəbəkəsində ya ümumiyyətlə hiss olunmur, ya da çox cüzi hiss olunur.
Belə ki, 1 kq kərə yağının idxal qiyməti 2016-cı ildə 5,73 manat, 2017-ci ildə 8,23 manat, 2018-ci ildə 9,78 manat, 2023-cü ildə 9,47 manat, 2022-ci ildə 9,91 manat, 2021-ci ildə isə 8,93 manat olub.
2017-ci ildə yağın gömrük qiyməti 44% artdığı halda, onun market qiyməti 59% artıb. 2019-cu ildə yağın qiyməti gömrükdə 11% ucuzlaşdığı halda, marketlərdə cəmi 1% ucuzlaşıb.
Bir sözlə, kobud desək, Azərbaycan vətəndaşı gömrükdən 5 manata keçən ərzağı mağazada 10 manata almalı olur.
Monopoliyaların at oynatmadığı ölkələrin əksəriyyətində belə bir mənzərə mümkün deyil. Çünki oralarda kimlərinsə əhalinin cibinə girməklə, onsuz da kasıb olan milləti daha da kasıblaşdırmaqla hədsiz dərəcədə varlanmasına göz yumulmur. Azərbacanda isə bu sahəyə cavabdeh qurumlar “qış yuxusuna” gedib. Top atsan belə oyanmazlar …