“Tehran Cənubi Qafqazda, xüsusilə Zəngəzur dəhlizi məsələsində strateji passivlik nümayiş etdirməməlidir. İran bu layihəyə qarşı çıxmağa davam edərsə, bölgədəki geosiyasi rəqabətdə geriyə düşəcək”.
Tribunainfo.az xəbər verir ki, bu fikirlər İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymaniyə məxsusdur.
Onun sözlərinə görə, İran yalnız neqativ mövqe sərgiləməklə və ya layihəyə qarşı çıxmaqla regional proseslərə təsir edə bilməz. “İkili mövqe və sırf tənqidi yanaşma ilə region ölkələrinin dəstəklədiyi layihələrin qarşısını almaq olmaz. Bu passivlik bizi oyundan kənarlaşdırır”.
Süleymani qeyd edib ki, İranın yalnız Ermənistana strateji tərəfdaş kimi bel bağlamamalıdır. “Ermənistanın Tehranla uğurlu münasibətləri var. Amma İrəvan ABŞ, NATO və Avropa İttifaqı ilə əməkdaşlıq edir. Hətta Avropa hərbi müşahidəçilərini İran sərhədinə yaxınlaşdırıb. Bu, təhlükəsizlik baxımından ciddi mesajdır”.
Keçmiş səfir vurğulayıb ki, Tehran Zəngəzur məsələsinə yalnız texniki və təhlükəsizlik aspektindən baxmaqla, öz regional təsir gücünü zəiflədir. “Əgər İran bu məsələdə passiv mövqe tutmağa davam edərsə, geosiyasi üstünlüyü digər aktorlara verəcək”.
O, həmçinin İranın Azərbaycana qarşı haqsız davranışlarından da bəhs edib. “Qarabağ müharibəsindən sonra Azərbaycana yönəlik təhdid dili, iki ölkə arasındakı münasibətlərə zərbə vurub. Halbuki bölgədə İran üçün böyük iqtisadi və tranzit imkanlar var. Biz reallıqlara əsaslanan siyasətlə və cəsarətli ekspertlərdən istifadə etməklə mövcud vəziyyətdən çıxa bilərik. Əks halda, imkanlarımızı itirəcəyik. Biz Azərbaycanla iqtisadi və mədəni əlaqələri inkişaf etdirməliyik”.
Fərda Uğur