“Əfsanəyə çevrilmək hər kəsin taleyinə yazılmır”-Banu Muharrembackend

“Əfsanəyə çevrilmək hər kəsin taleyinə yazılmır”-Banu Muharrem

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

(O,Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,sənətşünaslıq doktoru, professorudur)

Qəribəsi budur ki, İsrafil İsrafilovla yollarımız eyni universitetdən keçsə də heç vaxt həmsöhbət olmamışıq.Görəndə isə sadəcə salamlaşıb keçmişik.
İki ilə bundan əvvəl İsrafil İsrafilov sosial şəbəkədə yazdığım esselərdən ikisini oxuyub bəyənmişdi.Bəli, elə ikisini. Qiyabi də olsa bu dostluğa çox sevinmişdim.
Adətən insanlar titulların sayı çoxaldıqca ətrafındakılara qarşı münasibəti azalır, qəlizləşir.Amma mən həmişə İsrafil İsrafilov haqqında başqalarından xoş sözlər eşitmişdim.Lakin şahidi olmamışdım.

Bu görüş ilk dəfə bizim kollektivdə -Lənkəran Dövlət Dram Teatrında baş tutdu.


Ətrafımdakı hər kəs tez-tez onun gəlib-gəlmədiyini maraqlansa da,onlardan fərqli olaraq elə də çox həyəcanım yox idi. Tanımadığım və hansı xarakterə malik olduğunu bilmədiyim üçün daha çox necə bir insan ola biləcəyini özlüyümdə götür-qoy edirdim.
Həmin gün xeyli söhbətdən sonra onun öz fikirlərindən çıxış edərək təhtəlşüurumda incələdim.

“Nəzmin xar olduğu”nu (Füzuli), kimsənin kimsənin kitabını oxumadığını, gəncliyin böyük bir qisminin mütaliəyə etinasızlığını, sosial şəbəkələrə aludəliyini vurğulayan İ.İsrafilovun özü haqqında bir yazı hazırlamaq qərarına gəldim.
Yaxşı mənada adama fərqli və mistik bir enerji ötürür.Nəzərimdən qaçmayacaq bir əsas nüans daha var: İsrafil İsrafilov fikirlərini izah edərkən hər şeyi avtomobilə və yol hərəkəti qaydalarına əsaslanaraq izah verirdi.Sanki bu prosesin skeleti əsasında özünün yaratdığı məktəbin yollarında addımlayırdı.Elə səssiz və dərin baxışları,əmin şəkildə tarıma çəkilmiş qaşları, bir də..
Bir də pıçıltılı və yüyrək-xırdaaddımlı yerişi ilə.

Bilirsiz bu yol hərəkəti qaydaları ilə çək-çevir söhbətin ən gözəl nöqtəsi nə idi? Onun getdiyi yolların sonunda bir mənzilə çatmaq iddiası,mənzilə yetişmək nəticəsi var idi.
Ümumiyyətlə onun gündəlik həyatında bütün düşüncələrinin qurduğu tamaşa eksplikasiyası kimi qaydaları,səbəbləri,hərəkət-hadisə ardıcıllığı var.Həmin hadisələr fonunda gerçəkləşən konfliktlər,kuliminasiya nöqtəsində problemlərin həlli yolu-məqsəd,nəticəyə gedən yolda iradə-inam,ən sonda isə nəticə var.
Bəli,nəticə!
Söhbətlərində tez-tez dilə gətirdiyi həmin o ifadə vasitəsi- “mənzilə çatmaq” idi.
Dəyərli teatr xadimi İsrafil İsrafilov baxdığı tamaşalardan sonra ümumi fikirlərini bizə bu şəkildə bildirir.Uzun söhbətə başlayacaq şəkildə kişmişi limonlu pürrəngi çayla içməyə başlayır. Astaca gözlərilə hər kəsi süzür və gözlərini bir nöqtəyə zilləyərək söhbətə başlayır.

“Hər bir teatrın özünəxas dramaturqu,bəstəkarı, rəssamı olmalıdır. Ki, öz bölgəsinin tamaşaçısının maraq dairəsini bilsin. Mən həmişə özlüyümdə deyirəm ki, bildiyim qədərilə səhnələşdirmədə,tərcümədə mütləq uduzma var.
-Nə üçün?” – deyərək özü suallar verib,bizim yerimizə özü də cavablandırır.(Xoş halınıza, ey dinləyənlər!)

Davam edir:
“Çünki xüsusilə klassiklərdən-Çexov, Dostayevski və s. bu cür dramaturqların gücü təsvirdədi,epiklikdədi,danışıqdadı. Bu hardasa daha çox verbal teatrdı.Yəni bütün uydurmalar və təsvirlər danışıqdan ibarətdir.Amma teatr sözdən çox işi,hərəkəti,əməli istəyir. Birdə ki,aktyorlar ən çox kollektiv halda işləyərkən tamaşaçı onlardan ovqat istəyir.”

Biraz əlavəli danışıqdan sonra isə özü bizi ovqat istəyən tamaşaçı qismində görür.Əhvalımızı qaldırmaq üçün söhbəti gümanda saxlayıb bir lətifəyə keçid alır:

“Bir gün bir nəfər atasını vurub öldürür.Hadisədən bir neçə gün sonra məhkəmə prosesi baş tutur.Hər kəsə söz verildikdən sonra sıra təqsirli bilinən həmin şəxsə gəlir.O da ayağa qalxıb ‘atasının əlindən cana gəldiyini,boğaza yığıldığın'” deyərək işləməsi üçün atasının onu məcbur etdiyini vurğulayır.
Sonadək dinlədikdən sonra hakim ona deyir:
-mən başa düşürəm sən emosional ,affekt halında olmusan.Amma.. Amma heç olmasa çölə çıxıb bir papiros çıxardıb çəkərdin,özünə gələrdin.
Söz öz mənzilinə çatanda (yenə mənzil) cinayətkar bu cür cavab verir:
– nə danışırsız? Mən heç atamın yanında siqaret çəkərəm??? ”

Hamımız gülürük və söhbətə yenidən acırıq. Eynilə əsl tamaşa görmüş tamaşaçı kimi.

“…emosionallıqda məzmun çatışmazlığının olmamasının,münasibətlər arasında zəncirin qırılmamasının vacibliyini” dönə-dönə vurğulayır.
O,düşünür ki, hər axtaran tapmadığı kimi, hər yol gedən də mənzilə çatmaya bilir.(Yenə mənzilə çatmaq)…

“…Dramaturji ədəbiyyatın və səhnə estetikasının əsasında insan və onun yaşayışı problemi durur.Öz təbiəti etibarilə güclü maraq hissinə malik olan hər hansı məsələnin həllində mövqeyini ortaya qoymağı bacarmalıdır.Ümumiyyətlə aktyorda olması mütləq olan 3 mühüm xüsusiyyət əsas şərtdir: Mütaliə, müşahidə, müsahibə. Ən çox mütaliə ədəbiyyatı da,teatrı da, mədəniyyəti də xilas edəcək.”

Davamlı olaraq Freyddən söz açan sənətkar limonlu çaydan bir qurtum içib yenidən sözünə davam edir. Bu dəfə də hal dəyişkənliyi və ya yeni ovqat ahənginin vaxtı çatır.

“Bilirsiz? İnsan gərək məqamında susmağı bacarsın.Nə qədər bilsə də.Əgər qarşı tərəf yaşlı və daha savadlı,dünyagörüşlüdürsə, xüsusilə, gərək susmağı bacarsın.”

Anlıq gözü zillənərək gülümsəyir və davam edir:
“Mənim rəhmətlik Hacı Maillə zarafatım vardı.O çox məzəli adam idi.Məsələn mən onunla danışdığım şeyi başqası ilə danışa bilməzdim. Və yaxud başqası ilə..” İndi baxmaq lazımdır ki, tamaşaçı nə istəyir?!hansı tamaşaçının hansı zamanda gözləntisi nədir?!

Biz təbiətdən mərhəmət gözləyə bilmərik,biz özümüz ondan istədiyimizi almalıyıq.Yəhudilərin son vaxtlar çox yazdığı bir söz var -“Təbiətin başına oyun açandan sonra ondan mərhəmət gözləyə bilmərik..”
Ona görə əsas tamaşaçı fikridir.Tamaşaçını müəyyən etmək lazımdır ki,sizin potensial tamaşaçılarınız kimlərdir?Onlar hansı məktəbi oxuyublar, hansı verlişləri izləyirlər,ən çox nə onların zövqüncədi?!
Baxın, tamaşaçı o zaman əsl tamaşaçı olur ki, sən onu tərbiyə etmiş olursan.
Tamaşaçı sənin xəstən olmalıdır, sən onları xəstələndirməlisən,yoluxdurmalısan.Onları özünə bağlamalısan. Uydurub ,aldadıb ələ almalısan.Əslində tamaşa şərti oyundur.Bir növ yalandır.Əgər sən tamaşaçını məharətlə aldada bilirsənsə sən ustasan.
Aktyor və rejissor öz icra etməli olduğu qaydaları da, qarşı tərəfin qoyduğu qaydaları da bilməlidir.Hər kəs qaydalardan xəbərdar olsa getdiyi yolda heç bir maneəyə rast gəlməyəcək.
Məsələn bir yol düşünün.Düşünün ki, siz gedirsiz və işıqfor yanır. Öz növbəsində hər kəs qaydanı bilib, ona uyğun formada maneəsiz hərəkət edəcək.Hər kəs öz qaydasına görə də hərəkət edə bilməz, yoxsa aləm bir-birinə qarışar.Ona görə qarşılıqlı şəkildə hər iki tərəf bir-birini anlamalıdır ki, rahat və qısa zaman ərzində getdiyi mənzilə çata bilsin”.

Qapı döyülür:
İsrafil müəllim,gəlin söhbətimizi növbəti mənzildə davam edərik.Uzun söhbətdən sonra söhbətin həmahəngindən ayılıb yeni ovqatı tapmağa gedirik.
Yolumuzun rahat və maraqlı olması üçün ruhun qidası olan belə söhbətlərə mütləq ehtiyac var. Heç olmazsa “çatdığımız mənzil”də yeni ovqat yaransın deyə.

Yol boyu daxilimdə başqa bir ovqat dəyişkənliyi yaşayıram. “Ruhən yüngülləşmiş kimiyəm. Bu fikirlərin temporitmi adamı neçə cür ovqatdan-ovqata sala bilirmiş. İlahi,gənc nəsil mütaliədən əlavə bu cür sənətkarlarla canlı mütaliəni itirmiş olur. Üzücüdür…

Budur, yeni ovqatla başqa bir mənzilə – ailəvi şam yeməyinə yetişdik..

Banu Muharrem

Tribunainfo.az