Əfsanəvi “Yuxu” qrupunun davamçısı olan “Sirr” qrupu-“Rok düşünmək üçündür”-VİDEObackend

Əfsanəvi “Yuxu” qrupunun davamçısı olan “Sirr” qrupu- “Rok düşünmək üçündür”-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz laylayla, segahla yata bilərik, amma onlarla düşmən üzərinə gedə bilmərik. Koroğlu əlində saz, Qıratın belində düşmənin üzərinə ozan mahnısı,cəngi ilə gedirdi”

80-ci illərin sonu , 90-cı illərin əvvəlləri  Sovet ittifaqı dağılandan sonra qərbdən gələn dalğada bir çox musiqi janrları kimi rok musiqi də Azərbaycanda da vüsət almışdı, populyar idi.

Amma sonradan o dalğa get-gedə səngidi, nostaljiyə çevrildi. Bununla belə Azərbaycanda rok indi də yaşayır.

Daha doğrusu onu yaşadanlar var ki, belə qruplardan biri Azərbaycan rokununun məskəni sayılan Sumqayıtda,  fəaliyyət göstərən “Sirr” qrupudur. “Sirr” qrupunu  Sumqayıtın əfsanəvi “ “Yuxu” qrupunun  varisi saymaq olar. Çoxlu sayda konsertlərdə iştirak edən qrupun 2014-cü ildə 8 mahnılıq “Yoruldum” adlı albomu işıq üzü görüb. 2015-ci ildə  fəaliyyətini dayandıran qrup 2018-ci ildə yenidən fəaliyyətə başlayıb və indiyəcən fəaliyyətini davam etdirir. Qrup məşqlərini Cəfər Cabbarlı adına Mədəniyyət Evində edir.

“Sirr” qrupunun son tərkibi belədir:

Oqtay Abdullayev – vokal

Eldəniz Mirzə – gitara

Cahangir Ağazadə – zərb aləti

Elçin Emin – bas gitara

Onlarla söhbət etmək çoxdandır ki, marağımda idi. Bir sumqayıtlı  jurnalist kimi özümə borc bildim ki, doğma şəhərimdə ağır şəraitdə ağır roku yaşadıb fəaliyyət göstərən fədəkar qrup üzvləri  barəsində yazım.

Bu yaxınlarda bu istəyimi reallışdırdım və çox sadə insanlardan ibarət olan qrupun üzvləri ilə maraqlı  və səmimi, həm də düşünürəm faydalı söhbətimiz alındı. Halbuki əvvəl  qrupun 1 üzvündən müsahibə almağı planlaşdırmışdım.

Ümid  edirəm söhbət roksevərlər, ümumiyyətlə musiqisevlərlər, oxucular üçün də maraqlı və faydalı olacaq.

-İlk öncə  bilmək istərdim ki, “Sirr qrupu” necə yarandı və hansı səbəbdən?

Eldəniz Mirzə : – “Sirr qrupu” 2004-cü ildə “Yuxu” qrupunun yaradıcısı İbrahim Emin tərəfindən Sumqayıt şəhərində yaradılıb.

Səbəbini dəqiq bilmirəm, bu sirri İbrahim  özü ilə aparıb. Qrupa hamımızı o dəvət edib. İlk öncə mən gəldim, sonra isə ardıcıl olaraq Oqtay Abdullayev, Cahangir Ağayev və son olaraq Elçin Emin komandaya qoşuldu.

-İbrahim Emin vəfat etdikdən sonra (2019-cu ildə) fəaliyyətinizi  davam etmənizin səbəbi  nədir?

Eldəniz Mirzə :-İbrahimin yolunu davam etdirmək. Sadəcə yarımçıq qalan işlərini, fikirlərini tamamlamaq.  Təbii ki bunu biz öz istəyimizlə edirik. Baxmayaraq ki, bizim yaşımız az deyil.

– Qrupda kim hansı  musiqi alətində ifa edir?

Oqtay Abdullayev :-Eldəniz lider gitaristdir. Bass gitarist isə Elçin Emindir. Cahangir Ağayev qrupun döyünən ürəyidir, saatdır. Mən qrupun vokalistiyəm.

-Ümumiyyətlə, Sumqayıtda hansı rok qrupları fəaliyyət göstərib?

Eldəniz Mirzə:-Sumqayıtda əsas 3 qrup olub. Birinci hamının tanıdığı “Yuxu” qrupu idi. Bundan başqa “Yuxu”nun məşq elədiyi otaqda fəaliyyət göstərən  “Spark”  qrupu vardı.O qrup da 2003-cü ildə fəaliyyətini dayandırdı. Mən və Oqtay Abdullayev  o qrupda idik.Və indi isə “Sirr qrupu” fəaliyyət göstərir. Amma bunlardan başqa qruplar da olub. Misal üçün, Elçin Eminin “Bəndə” qrupu vardı. Lakin o qısa müddət fəallıq göstərdi.

-Sizcə rok musiqiyə maraq necə formalaşır? Rokun mentalitetə aidiyyatı var?

Oqtay Abdullayev :-Ümumiyyətlə  uşaq evdə formalaşır. Ev əhli nəyə qulaq asırsa övlad da ondan bəhrələnərək onu dinləyir. Milli musiqiyə qulaq asılırsa uşaqlar da daha çox ondan bəhrələnir.

Məsələn, mənim atam da, anam da musiqiçi olub. Bizim evdə klassik musiqidən tutmuş rokacan qulaq asılıb. Mən də bundan bəhrələnərək bu sahəyə yönəlmişəm.Yəni ki, bunun mentalitetə aidiyyəti yoxdur, bu formalaşır.

-Sizcə, Sumqayıt nəyə görə rok şəhəri, hətta müəyyən mənada bəlkə də mərkəzi sayılır?

Oqtay Abdullayev :-O vaxtı Sumqayıt tikiləndə  SSRİ-nin hər yerindən bura işləməyə gəlirdilər. Hər tində gitara çalırdılar. Rus dilində, öz dilimizdə. Bu da deməkdir ki, təməl elə o vaxtdan qoyulub . Yəni baza, kökü var. Sovet dövrü qruplar əvvəl çox idi.

Sonra tədricən  parçalandı, çoxu çıxıb getdi. İndi bir-iki dinozavrlar qaldı ki, onlardan da biri bizik.(gülür)

-Siz rokun hansı üslubunda ifa edirsiniz?

Elçin Emin:- Bizim musiiqmiz Azərbaycanda ən populyar ənənəvi, rokun hard rok üsluna aiddir. Rokun müxtılif növləri vardır bildiyiniz kimi; caz-rok,klassik rok, anternativ rok və sairə.

Biz Azərbaycanda yeganə rok qrupuq ki, sırf hard hard-rok ifa edirik.

-İndiki halda sizin şəraitiniz necədir və yeni avadanlıqlardan istifadə edirsiniz?

Eldəniz Mirzə :- Avadanlıq həmişə bizim üçün problem olub.Misal üçün biz bu gün(21 may) 5-də məşqə başlamalıydıq. Avadanlıqda problem olduğu üçün çətinliklə də olsa nəhayət, 8-in yarısı məşqə başladıq. Amma şərait məsələsinə  gəldikdə digər tərəfdən baxdıqda  rok  elə belə şəraitdə adama ləzzət edir.

-Hal-hazırda Azərbaycanda rokun vəziyyəti necədir?

Oqtay Abdullayev :-İndi  rokun vəziyyəti son 10 ilə baxanda yaxşıdır. Bunu keçən ildən keçirilən  “Xəzərin Sahilində” adlı ROCK festivala əsaslanaraq deyirəm. Həqiqətən həddən çox insan gəldi. Belə festivalların tez-tez olması qrupların da büdcələrini artırır. Bu isə onların yeni avadanlıqlar almasına kömək edir.

-SSRİ dağılandan sonra qərbdən gələn bir çox yeniliklər kimi rokun bum dövrü yaşandı. Amma sonra get-gedə o bum yatdı. Buna səbəb nə idi?

Eldəniz Mirzə: -Buna Azərbaycanda olan müharibə və siyasi dağınıqlıq səbəb oldu.

Cahangir Ağayev:-:- Rok həmin ərəfədə bir dalğa kimi gəldi. Sonradan o dalğa yatdı. İndi isə həmin dalğa yenidən yüksəlir, rok dəbə düşür. Bir çox rokçular həmin dövrlərdə dolanışığını təmin etmək üçün adi musiqi kimi toylara getdi.

– Sizin repertuarınızdakı mahnıların sözlərini kim yazır və nə qədər mahnı var?

Eldəniz Mirzə :-Bizim mahnılarımızın 90% mətni İbrahim Eminə aiddir. Amma mahnıların hamısını özümüz bəstələyirik. Hələki repertuarda 20-ə yaxın mahnı var.

-Kütlənin nəyə görə roka marağı yoxdur?

Elçin Emin:- Əslində maraq var. Misal üçün “Yuxu” qrupunun “Xəzərin Sahilində” mahnısı hər kəs tərəfindən dinlənildi və bəyənildi. Bu da o deməkdir ki, elə musiqi tərtib etmək lazımdır ki, hər kəs tərəfindən qəbul olunsun. Qəbul olunmasa belə bu qəbahət deyil.Çünki hər bir janrda olan mahnının öz dinləyicisi var.

-Pop mahnı sanki əyləncə üçündür, amma rokda bir ideya var, yəni hər hansı bir mövzü haqqında yazılır. Siz nədən oxuyursuz?

Elçin Emin:- Biz gördüyümüz problemlərdən yaxud gözəlliklərdən bəhs edirik.

Cahangir Ağayev:-Bizim qrupun birbaşa yaradıcılığında əsas ideya fikir, birinci növbədə məhz yaşadığımız dövlətdə vətənimizə, xalqımıza, torpağımıza qarşı ancaq müsbət, xoş söz və musiqi ilə yanaşılan ifa tərzindən ibarətdir. Baxmayaraq ki, rok musiqi xaricdə çox vaxt hansısa ideya, hərəkat, azad söz kimi qəbul olunur, bizdə bu tam belə deyil. Amma bizim mahnılarımızda da etiraz var.

Bizi digər rok qruplarımızdan fərqləndirən əsas cəhətlərdən  biri bizim əksəriyyət kimi ingilis dilində yox, öz dilimizdə oxumağımız və mahnıları özümüzün yazmağımızdır. Biz özümüz yazıb, özümüz oxuyuruq. Biz hansısa bəstəkarın yox, öz mahnılarımızı ifa edirik. Bu baxımdan bizim “Yuxu” qrupu ilə oxşarlıqlarımız çoxdur.

Bizim mahnılarımızn sözləri ilə musiqi vəhdət təşkil edir. Biz lirik sözə hanısa aqressiv musiqi qoşmuruq. Biz yaradıcılığımızı satmaq niyyətinin üzərində yox, mahnılarımızı kütləyə çatdırmaq üzərində qururuq.

Qaldi ki, maliyyə məsələsinə,  başqa qruplar var ki, biz onlara böyük hörmətlə yanaşırıq. ki, barlrada, publarda başqa mahnılar oxuyub çıxış edirlər. Bir çox qruplar artıq daha çox şou-biznesə, qazanc əldə etməyə meyl edirlər. Biz isə dediyim kimi fəaliyyətimizi kommersiyanın üzərində yox, sırf yaradıcılığın üzərində qururuq.

-Bəs necə maliyyəşirsiz?

Cahangir Ağayev:-Çətinliklə , demək olar öz vəsaitimiz hesabına.

Oqtay Abdullayev  :-Bu bizim həyat tərzimizdir.Biz bununla demək olar ki, pul qazanmırıq. Biz bu işdən həzz alırıq.

Qrupun xərclərini biz hərə başqa,  öz işi ilə məşğul olub ödəyir. Əlbəttə  biz də istərdik ki, bizə maliyyə cəhətdən dəstək olsun, sponsorumuz olsun.

Elçin Emin:- Əlbəttə  pul qazansaydıq daha yaxşı olardı.

-Bəs niyə qazanmaq olmur? Məsələn, meyxanaçılar qazanır. Tələbat yoxdur roka?

Cahangir Ağayev :-Biz bu musiqi altında bu mahnıları ifa edib hansısa restoranda xeyli kütlə yığa bilməyəcəyik.

Yəni, bu musiqi ilə rəqs etmək olmayacaq, insan birini restorana görüşə çağırıb söhbət edərək bu musiqini dinləməyəcək. Rok qulaq asıb düşünmək üçündür.

Bizim 10 nəfər izləyicimiz qalsa belə biz ölənə kimi onlar üçün işimizi davam etdirəcəyik. Roka təlabat var.Ümumiyyətlə yaxşı musiqiyə təlabat var, həmçinin roka da.

-Sumqayıtda nə istəyərdiniz?

Oqtay Abdullayev:-  Kütlə və maraq. Kütlə yığmaq üçün konsert vermək lazımdır. Bunu da biz öz başımıza edə bilmirik.Gərək ki, konsert verməyə məkan olsun. Ehtiyac olsa biz həmişə konsert verməyə hazırıq, necə ki,etmişik.

-Ümumiyyətlə rokun təməlini Azərbaycanda kim qoyub?

Eldəniz Mirzə :-Azərbaycanda hard-rokun təməlini İbrahim Emin tərəfindən yaradılan “Yuxu” qrupu qoyub. Biz də indi onun yolunu davam etdiririk.

-Əlbət  istərdiniz mütəmadi olaraq konsertlər verəsiniz?

Eldəniz Mirzə :-Əlbəttə ki, istəyərik. Dövlət səviyyəsində təşkil olunsa təbii ki, iştirak edərik.

-Yaxın tarixlər hansısa konsertiniz var?

Eldəniz Mirzə :-İyunun 10-u Eldorado Beach Resort-da  (Şıxov) “RockFest”də  iştirak edəcəyik. Daha sonra isə iyunun 18-i Garden Loft –da İbrahim Eminin 60 illiyinə həsr olunmuş rok konsertimiz olacaq.

– Daha hansı problemləriniz var?

Elçin Emin:-Konsertlərdə çıxış etmək məqsədimiz özümüzü yeni avadanlıqlarla təmin etməkdir. Lakin, konsertlər daimi olaraq olmadığı üçün xərclərimizi təmin edə bilmirik. Biz avadanlıqları belə özümüz təmir edirik. Ən başlıca problemimiz səsyazmadır. Ancaq maddi problemlərimiz bizi ruhdan salmır.Ümumiyyətlə rok musiqiçiləri üçün komfort şəarit-filan əsas olmur, bir qayda olaraq, ruhuna uyğun gəlmir.

-Beynəlxalq tədbirlərdə iştirak etmək fikirləriniz var?

Elçin Emin:- Bəli. Biz istəyirik ki, beynəlxalq tədbirlərdə iştirak edib Azərbaycanı təmsil edək. Biz musiqimizdə Azərbaycan folklorundan istifadə edirik. Musiqimizdə millilik var.

Ümumiyyətlə isə hard rok, metal janrında azərbaycan dilində roku tanıdan daha çox “Yuxu” qrupu olub.

Deyildiyi kimi bizim digər qruplardan əsas fərq odur ki, azərbaycan dilində yazırıq, oxuyuruq, həm də Azərbaycan ritmlərindən, kolorotindən istifadə edirik. Sumqayıtın digər rok qrupu olmuş Bəndə qrupu da belə olub. Ona görə də biz roku insanlarımza daha yaxşı çatdıra bilirik. İnsanlar da bu musiqini həzm edə bilir.

Mövzularımız da heç bir siyasi motiv daşımır. Rok musiqi mahiyyətcə ümumiyyətlə protestdir.

İbrahim Emin deyirdi, biz ağacdan yaza bilərik, çöldə gəzən adamdan, sevgidən, sosial problemlərdən, müharibədən yaza bilərik. Azərbaycanda başqa janrda musiqilərimiz var, əsas istək odur ki, rok musiqini də görsünlər.

-Rok musiqisi cəmiyyətə nə verir və bu musiqiyə ehtiyac varmı?

Oqtay Abdullayev:-Hər bir musiqi üslubuna ehtiyac var və inkişaf etməlidir.Əgər inkişaf etməsə yoxa çıxar.Yoxa çıxsa da heç kimin ondan anlayışı olmaz.

-Ümumiyyətlə cəmiyyətin bəzi təbəqələrində roka nədənsə neqativ yanaşma fikri formalaşıb və bəzən rok ziyanlı vərdişlərlə assosiasiya  olunur.

Cahangir Ağayev :-Musiqilərimizin sözlərini dinləyici qulaq assa, dərk etsə fikir verər ki, mahnının sözləri cəmiyyətə tərbiyə verə bilər.Bizim mahnılarımızın sözlərində heç bir təhqir, yaxud söyüş olmadığı üçün hər kəs bunu dinləyə bilər.

Eldəniz Mirzə : Mən istəyərəm ki, azərbaycan dilində ifa etsək də  ingilis də bizim roka qulaq assın və musiqidə nədən danışıldığını öyrənmək üçün  bizim dili öyrənsin.

Düşünürəm ki, biz həm də öz musiqimizlə Azərbaycanı, mədəniyyətimizi bu yolla təbliğ edib tanıtdıra bilərik.

Elçin Emin:- Neqativə qalsa, meyxanada nə qədər qeyri-etik ifadələr var və pis vərdişlər ön plana çıxır. Bunlar hamısı əslində aşılıb, 60-70-ci illərdə qalıb.

Biz bilirik Azərbaycanda nə olar, nə olmaz . Rok musiqisi pop musiqiyə də çox şey qatır.Tarkan pop oxumağına baxmayaraq rok dinləyirdi. Bizdə həmçinin “Karvan” qrupu.Görkəmli bəstəkar Eldar Mənsurov belə rokla yaradıcılığa gəlib.

Eldəniz Mirzə :Bizim musiqi hard rok adlansa da əslində cəmiyyətə tərbiyə verə bilər. Bizim musiqiyə bağça uşağı da qulaq asa bilər.

Cahangir Ağayev :-Bizim musiqimizin sözlərində nə təhqir var, nə söyüş,nə də qeyri-etik bir şey.Ədəbi sözlərdən istifadə edirik.

Eldəniz Mirzə :Bir dəfə tədbirlərin birində mənə ittihamla dedilər ki, rok musiqinin Azərbaycana nəyə lazımdır, rok nə verir ki?! Şükür Allaha işğalda olan torpaqlarımızı erməni işğalçılarından azad etdik, ordumuz, övladlarımız Qarabağ müharibəsində rəşadətlə vuruşub düşmən üzərində şanlı qələbə qazandıq.

Dünyanın heç bir yerində gözəl musiqi olan segah muğamı yoxdur. Amma bizdə 6 cür segah var.

Mən həmin ittihama cavab verdim ki, səngərdə vətəni qoruyan əsgərimiz, nə qədər gözəl musiqi olsa da, ana muğamı, segahla düşmənin üstünə gedə bilməz. O mütləq roka üslublu musiqiyə qulaq asıb ruhlanmalıdır.

Cahangir Ağayev :- Düşmənin üstünə gedərkən yaxşı mənada aqressiya lazımdır.Bu da bəzi janrlardakı kimi rokda da var.Yəni ki, rok insanı ruhlandırır.Biz laylayla, segahla yata bilərik, amma onlarla düşmən üzərinə gedə bilmərik. Koroğlu əlində saz, Qıratın belində düşmənin üzərinə ozan mahnısı,cəngi ilə gedirdi. “Cəngi” cəngavərlik yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edir.

Eldəniz Mirzə:- Koroğlunun həmin musiqisi  zəmanəmizin rok-n-rollu idi .

Oqtay Abdullayev:- Müharibə vaxtı yadınızdadırsa məhz  rok üslubunda bir neçə klip çəkdilər. Nəyə görə?! Ona görə ki, o mahnı düşmənin üzərinə getmək üçün vətənpərvərlik ruhunu yüksəldir,

-Rok insanlara bədbinlik gətirirmi?

Elçin Emin:- Elə üslublar var ki, bədbinlik gətirir. Amma bu bizdə yoxdur. Musiqinin təsiri çoxdur. Təbii ki, insan bütün günü bədbin ruhlu, kədərli  musiqiyə qulaq asırsa, həyatı ona doğru gedəcək.

Elçin Emin:-Bəzən belə bir fikir səslənir ki, seriallar cəmiyyəti korlayır.

Mən qətiyyən bu fikirlə razı deyiləm.Əgər eləyə qalsa sovet zamanı kinolarda açıq-saçıq səhnələr olurdu. Rəqs meydançaları, diskoteka, barlar, mini ətək geyənlər var idi…

Sadəcə olaraq hərə özünə nə lazımdırdırsa, öz payını götürür.

Bizim “Ac canavar kimi” məşhur mahnımız var.Biz bu mahnıda canavara ümumiyyətlə sataşmamışıq. Canavar, qurd türklərin simvoludur. Biz orda nə ona sataşmaq, nə də heyvanı aşağılamaq məqsədi ilə oxumuruq.

Sadəcə bir deyim kimi götürüb deyirik ki, “Nə baxırsan sən mənə ac canavar kimi…”

Bəziləri konsertdə bu mahnıya qulaq asıb əyləndilər, bəziləri düşündülər, bəziləri, az faiz  isə yazdı ki, “siz heyvanları niyə təhqir edirsiz ?”

Oqtay Abdullayev:- Bizim mahnılarımızda vətənpərvətlikdən məyusluğa,sevgiyə qədər mövzular var.

-Musiqiləriniz hansı platformalarda dinlənilir?

Elçin Emin:- Bizim  mahnılarımız Apple Music, Spotify, Deezer,Yandex Music,Youtube və başqa platformalarında yayımlanır.O cümlədən Facebookİnstaqramda səhifələrimiz “Youtube” -da kanalımız var.

-Dinləyicilərin reaksiyaları necə olur?

Elçin Emin:- Müsbət reaksiyalar çoxdur. Çox vaxt yazırlar ki nə yaxşı ki, varsınız. Biz gələcəyə ümidlə baxırıq. Ancaq irəli baxırıq!

-Maraqlı söhbətə görə təşəkkürlər!

“Sirr”:- -Sizə də təşəkkür edirik!

Söhbətləşdi:İmran Kərimli

Tribunainfo.az