Məlum olduğu kimi, oktyabrın 9-da Audiovizual Şurasının onlayn formatda iclası keçirilib. İclasda Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəmadi həyata keçirdiyi monitorinq nəticəsində “Space TV”-nin efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub. Belə ki, “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin “Space TV” televiziya redaksiyasının efirində 04 oktyabr 2023-cü il tarixində “Yaxşıya doğru” proqramının yayımı zamanı (saat 12.19-da) proqramın aparıcısı (İlham Mirzəyev-red.) hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə “… cinayətkardır…” ifadəsini işlədib ki, bununla da, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulub.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Tribunainfo.az yada salır ki, “İlhaMed” Tİbb Mərkəzinin direktoru Mirzəyev İlham Əlikram oğlunun Əhmədova Aynur Əşrəf qızının etibarından sui-istifadə edərək 3000 Avro müqabilində cadugərlik yolu ilə… yalan vəd verib, 09 aprel 2014-cü il tarixdə tibb mərkəzindəki iş otağında Aynur Əhmədovadan 1600 Avro pulunu aldatma yolu ilə alaraq ələ keçirməsi, 10 aprel 2014-cü il tarixdə saat 15:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Aynur Əhmədovanın şikayət ərizəsi əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncunun növbəti dəfə «İlhaMed» Tibb mərkəzinə gələrək əvvəlcədən seriya və nömrələri qeyd olunmuş 14 ədəd 100-lük Avro pul əsginaslarından ibarət 1400 Avro pulu mərkəzin direktoru İlham Mirzəyevə iş otağında verməsi, bununla da, İlham Mirzəyevin Aynur Əhmədovaya məxsus ümumilikdə 3251 manat 56 qəpik dəyərində 3000 avro pulu aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli ziyan vurmaqla dələduzluq cinayətini törətdikdən sonra yaxalanması faktına görə toplanmış materiallar olmuşdur. 10 aprel 2014-cü il tarixdə tərəfimdən Mirzəyev İlham Əlikram oğlu cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməklə şübhəli şəxs qismində tutulmuşdur. İ.Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, azadlığa buraxılandan xeyli sonra yenidən “Space”ə qayıdıb.