ƏƏSMN təlim şirkətindən xarici elektrik qurğuları alacaq: Özü də 3 milyon manatlıqbackend

ƏƏSMN təlim şirkətindən xarici elektrik qurğuları alacaq: Özü də 3 milyon manatlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərkibində fəaliyyət göstərən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qəribə tender keçirib. Tribunainfo.az xəbər verir ki, tenderin qəribəliyi ondadır ki, agentlik bu sahəyə dəxli olmayan şirkətdən mal və məhsul alacaq, üstəlik, işləri də ona gördürəcək.
Belə ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi ötən gün “AZCİS” MMC ilə satınalma müqaviləsi imzalayıb. Həmin müqaviləyə əsasən agentlik Sumqayıt DOST, Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzinin xarici elektrik qurğularının satın alınmasını həyata keçirəcək. Bunun üçün isə 3.074.276,43 manat vəsait nəzərdə tutub.
Üç böyük obyektin xarici işıqlandırma sisteminin bu qədər baha başa gələcəyi mümkün deyil. Aydın olan odur ki, 3 milyon manata bu işin 10 dəfə çoxunu görmək mümkündür. Lakin görünür, Agentlik həmin xarici işıqlandırma sistemlərini qızıldan quraşdıracaq.
Tribunainfo.az xəbər verir ki, burada əsas məsələ təkcə, həddindən artıq vəsait ayrılması deyil, həm də tenderi udan şirkətin elektrik sistemləri ilə yaxından və uzaqdan məşğul olmamasıdır. Bununla əlaqədar olaraq apardığmız araşdırma zamanı məlum olub ki, AZCİS MMC 28.01.2013-cü ildə yaradılıb. Bir neçə fəaliyyət növü ilə məşğul olur. Onlardan ən əsası Coğrafi İnformasiya Sistemləridir. Yəni, istənilən məkanla bağlı məlumatların toplanması, emalı, saxlanılması, hazırlanması, kartoqrafik təqdimatı və yayılmasını təmin etməkdir.
Bu şirkət həmçinin CİS sistemləri üzrə təlim keçirən ən bacarıqlı firmalardan sayılır. Bütün bunlar möhtəşəm və gözəldir. Amma bu MMC-nin elektrik işi ilə nə əlaqəsi? Və Agentlik elektrik sahəsindən xəbəri olmayan bir şirkətə 3 milyon manatını hansı məntiqlə etibar edib?