ƏƏSMN köhnə tanışına daha bir milyonluq tender verdi: Fərəzliyev 156 min ədəd yeməyi necə çatdıracaq?

ƏƏSMN köhnə tanışına daha bir milyonluq tender verdi: Fərəzliyev 156 min ədəd yeməyi necə çatdıracaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ƏƏSMN-in tabeliyində olan Sosial Xidmətlər Agentliyi dünən daha bir tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, bu dəfəki müsabiqə digərlərindən bir xeyli fərqlənir.

Belə ki, söhbət Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yeməklə təmin edilməsi xidmətlərinin satın alınmasından gedir. Nazirlik bu məqsədlə 9.308.116,12 manat vəsait ayırıb. Həmin işlərin icrası ilə bağlı isə fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyevlə müqavilə imzalayıb.

Açıq mənbələrdə Ziyafət Fərzəliyevin kimliyi ilə bağlı heç bir məlumat yoxdur. Amma ƏƏSMN-lə bu şəxs arasında əlaqələr xeyli əvvəldən mövcud olub. Belə ki, həmin şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə 2022-ci ildə bir araya gəlib. Həmin vaxt elan edilmiş tenderə görə, Ziyafət Fərəzliyevə 978 min manat ödənilib.

Növbəti tender isə bu ilin martında baş tutub. Tribunainfo.az xəbər verir ki, həmin satınalma müqaviləsi də ƏƏSMN tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) ilə imzalanıb. Tenderin nəticələrinə görə, Agentliyə hazır yemək satan Fərzəliyev bunun müqabilində 3 336 258 AZN dəyərində müqavilə bağlanıb.

Qeyd edək ki, bu tender çərçivəsində təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində 12 ay ərzində, həftədə 7gün, sutkada 3 dəfə olmaqla böyüklər üçün 156 950 ədəd, uşaqlar üçün isə 18 250 ədəd yeməyin alınması nəzərdə tutulub.

Tenderin məbləğini və yemək sayını nəzərə alanda 1 nəfər üçün yeməyin qiyməti 19 manat təşkil edir.

Bu ilin yanvarında isə sözügedən tərəflər arasında daha bir 430 000 manatlıq saziş bağlanıb.

Maraqlıdır ki, fiziki şəxs bu qədər yeməyi təkbaşına necə təşkil edə bilir? Hələm-hələm böyük restoranlar belə bu qədər hazır yeməyi hazırlamaq iqtidarında deyil. Bəs, o zaman Fərəzliyev hansı güc və imkana sahibdir ki, bir yox, bir neçə agentliyə bu qədər yemək sifarişlərini çatdıra bilir?