backend

Ədliyyə Nazirliyindən Probasiya Xidməti haqqında AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı ilk növbədə ölkəmizdə insan hüquqlarının daha səmərəli təmin olunmasına, hümanizm prinsiplərinin geniş tətbiqinə xidmət edən və cəza-icra mexanizmlərinin təkmilləşdirilməsi üzrə strateji prioritetləri özündə ehtiva edən konseptual sənəddir. 

Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı ilk növbədə ölkəmizdə insan hüquqlarının daha səmərəli təmin olunmasına, hümanizm prinsiplərinin geniş tətbiqinə xidmət edən və cəza-icra mexanizmlərinin təkmilləşdirilməsi üzrə strateji prioritetləri özündə ehtiva edən konseptual sənəddir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səyyad Məcidov bildirib.

Nazirlik rəsmisi bildirib ki, sənəddən irəli gələn vəzifələr nazirliyin kollegiyasında da müzakirə olunub və müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib: “Sərəncamda təsbit olunmuş mühüm məsələlərdən biri də cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədi ilə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin yaradılmasıdır. Bu institut ölkəmizdə yeni təsisat olaraq fəaliyyətə başlayacaq. Ona görə də, bu istiqamətdə beynəlxalq təcrübənin ətraflı təhlil olunması və ölkəmizin reallıqları prizmasından səmərəli tətbiqi, habelə bu yeni təsisat barədə əhalinin maarifləndirilməsi xüsusilə vacibdir.

Qeyd edək ki, probasiya şərti məhkumetmənin xüsusi formasıdır və bu, əsasən anqlosakson hüquq sisteminə malik olan ölkələrin praktikasına məxsus cəza-icra sistemi kimi Böyük Britaniya, ABŞ, İsveç, Finlandiya, Danimarka və bir sıra digər ölkələrin ədliyyə və məhkəmə təcrübəsində geniş yayılıb. Bu ölkələrdə məhkəmələr azadlıqdan məhrumetmə cəzasının yerinə probasiya rejiminin seçilməsinin mümkünlüyü haqqında qərar qəbul edərək, məhkumu müəyyən müddətə onun davranışına nəzarət edəcək Probasiya Xidməti məmurunun müşahidəsi altına verir”.

S.Məcidov bildirib ki, xarici ölkə qanunvericiliklərində probasiya rejimləri və müddətləri fərqlidir: “Məsələn, Britaniya qanunlarına görə probasiya rejiminin müddəti 6 aydan 3 ilə qədərdir. ABŞ-ın bəzi ştatlarının qanunverciliyinə əsasən isə probasiya rejimi 5 ildən 10 ilə qədər müəyyən edilir. Xarici ölkələrin təcrübəsində adətən hər bir probasiya məmuruna 60-70 məhkum təhkim olunur ki, onlar da məhkəmənin qərarında nəzərdə tutulmuş şərtlər daxilində müəyyən olunmuş probasiya rejimi qaydalarına riayət etməyə borcludurlar. Əks təqdirdə probasiya məmurunun vəsatəti əsasında məhkəməyə müraciət edilərək, məhkum barədə probasiyanın şərtləri dəyişdirilə bilər. Yaxud əgər probasiya məmurunun məhkum barədə müşahidələri islah yönümündə, yəni müsbətə doğru dəyişikliklərin baş verməsi ilə əlaqədar olarsa, o zaman məhkəmə probasiya rejiminin tamamilə ləğv olunması və ya probasiya (sınaq) müddətinin azaldılması ilə bağlı qərar qəbul edə bilər”.

Qurum rəsmisi bildirib ki, beynəlxalq praktikada probasiya rejiminin tətbiqi əməlin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılıdır. Belə ki, ağır və xüsusilə ağır cinayətlər istisna olmaqla istənilən cinayətə münasibətdə məhkəmə probasiya rejiminin müəyyən edilməsi barədə qərar qəbul edə bilər: “Probasiyanın maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, xarici ölkələrin qanunvericiliklərinə əsasən bu, yalnız əsas cəza növü kimi müəyyən edilə bilər, əlavə cəza olaraq probasiyanın tətbiqi qəbul edilmir.

Başqa bir vacib məsələ də ondan ibarətdir ki, vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş şəxslərə probasiya rejimi tətbiq oluna bilməz. Yəni əvvəllər cəzadan bu cür azad olunan şəxslərə bir daha probasiya rejiminin tətbiqi mümkünsüz olacaq. Yeri gəlmişkən qeyd edək ki, məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və daha yüngül rejimli müəssisəyə keçirilmə institutunun tətbiqi ilə bağlı hələ 2013-cü ilin aprel ayından fəaliyyət göstərən Komissiya tərəfindən həqiqi islah yoluna qədəm qoyub və əhalinin bütün təbəqələrini əhatə edən 6.700-yaxın şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinmiş və məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib”.

S.Məcidov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı bu prosesə çox böyük bir təkan verməklə, cinayət və cəza-icra qanunvericiliyinin və praktikasının beynəlxalq hüquq normalarına və xarici ölkələrin təcrübəsinə uyğunlaşdırılması üçün olduqca mühüm əhəmiyyət kəsb edir və xüsusilə probasiya institutunun tətbiqi ilə bağlı gələcək islahatlar üçün hüquqi təməl rolunu oynayır.