backend

Ədliyyə nazirinin müavini məhkəmədə baş verənlərə münasibət bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədliyyə nazirinin müavini Toğrul Musayev Quba məhkəməsində 10 yaşlı qızın zorla alınaraq atasına verilməsini əks etdirən görüntülərə münasibət bildirib. 

Ədliyyə nazirinin müavini Toğrul Musayev Quba məhkəməsində 10 yaşlı qızın zorla alınaraq atasına verilməsini əks etdirən görüntülərə münasibət bildirib.

Publika.az xəbər verir ki, nazir müavini Toğrul Musayev Milli Məclisin 52 saylı Quba seçki dairəsindən olan deputatı Vahid Əhmədovla söhbəti zamanı məsələnin nazirlik tərəfindən nəzarətə götürüldüyünü söyləyib.

V.Əhmədov nazir müavini tərəfindən bu məsələ ilə bağlı müvafiq tapşırıqlar verildiyini deyib:

Ədliyyə nazirinin müavini Toğrul Musayevlə də danışmışam. O da dedi ki, lazımı tapşırıqlar verilib, bu məsələ ciddi şəkildə araşdırılır və lazımı qərarlar qəbul olunacaq. Mən Toğrul müəllimə dedim ki, bu cür hadisələrlə bağlı vaxtında lazımı tədbirlər görülməsə, bu, sabah digər regionlarda da təkrarlana bilər. İstənilən halda qanun da deyir ki, zor tətbiqi olmaz. Hamısı danışıq yolu ilə həll olunmalıdır. Nə olsun ki, atasısan? Uşağı 10 yaşında o vəziyyətə salırsan, bəs onun gələcəyi necə olacaq?

Mən bu gün Ədliyyə Nazirliyinə də məktub yazaraq, məsələnin ədalətli şəkildə araşdırılmasını istəmişəm. Bütün müvafiq qurumlara məlumat vermişəm və hazırda onlar bu məsələ ilə bağlı lazımı iş aparırlar. Özüm də məsələni nəzarətdə saxlayıram”.

Deputat Quba rayon Məhkəməsinin sədri Füzuli Pənahovla və İcra Hakimiyyəti ilə də əlaqə saxladığını bildirib:

“Məhkəmə sədri mənə dedi ki, biz həmin ailəyə barışmalarını təklif etdik. Hətta, bir neçə dəfə məhkəməyə dəvət olunublar. Ancaq uşağın atası ilə xalası barışmayıb. Bundan sonra məhkəmə məcbur olub qərar çıxarıb. Sonra uşağın xalası Apellyasiya və Ali məhkəmələrə şikayət edib. Hazırda uşaq xalasının yanındadır.

Burada digər əsas problem məhkəmə icraçılarının kobud davranışıdır. Onların hərəkətlərinə baxanda, düşünürsən ki, bunlar azərbaycanlı deyil. Azyaşlı qıza qarşı zor tətbiq edirlər, nəlayiq söyüşlər söyürlər və sairə. O videoya baxmışam, çox biabırçı səhnədir. İnsanlara qarşı bu cür vəhşi hərəkətlər bizə yaraşan hal deyil”.

V.Əhmədov qeyd edib ki, kişi ilə uşağın xalası arasında ədavətin kökü qızın anasının rəhmətə getməsindən sonra başlayıb:

“Çünki qızın anası rəhmətə gedəndən sonra kişi çıxıb Bakıya gəlib, uşaq isə körpə yaşından xalası ilə qalıb. Həmin vaxtı uşağın cəmi bir yaşı olub. İndi atası 10 ildən sonra ayılıb, gedib deyir ki, uşaq mənimdir və sairə. Ola bilsin ki, kişi burada maddi maraqları da güdür. Çünki uşağa dövlət tərəfindən pul verilir və sairə. Mənə elə gəlir ki, kişinin indi uşağa sahib çıxmasının arxasında bu niyyət dayanır. Quba rayon Məhkəməsinin sədri Füzuli Pənahov da mənə dedi ki, qızın atası uşağın xalasının yanında qalmasına razılıq vermir. Hətta, məhkəmə tərəfindən uşağın atasına deyilib ki, qız xalasının yanında qalsın, ancaq atası ilə də görüşsün. Ancaq atası buna razı olmayıb”.