DYP Bakıda yol polisinin sürücünü döyməsi ilə bağlı məlumata aydınlıq gətirib.
DYP Bakıda yol polisinin sürücünü döyməsi ilə bağlı məlumata aydınlıq gətirib.
TİA.AZ xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AzVision.az-a açıqlamasında sürücünün döyülməs haqda xəbərin yalnış olduğunu deyib.
DYP rəsmisi bildirib ki, gecə saat 2 radələrində Binə qəsəbəsində Mirzəyev Elşən Şirinbəy oğlunun idarə etdiyi “Ford” markalı mikroavtobus Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb: “Həmin zaman sürücünün yanında əyləşən şəxs – qardaşı Mirzəyev Rahim Şirinbəy oğlu yol polisi əməkdaşının fəaliyyətinə maneə yaradıb.
Həmin şəxs yol polisi əməkdaşlarına müqavimət göstərib.
Bununla əlaqədar olaraq vətəndaş Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsinə dəvət edilib.
Onun hərəkətləri polisin fəaliyyətinə müdaxilə olduğu üçün sənədləşdirilib.
Bundan sonra onlar sərbəst buraxılıblar.
Həmin hadisədə sürücünün döyülməsindən söhbət gedə bilməz.
Bu cür informasiya polis əməkdaşlarının fəaliyyətinə kölgə salmaqdır. Həmin şəxslərin özləri ilə də əlaqə saxlamışam, onlar da belə bir hadisənin baş vermədiyini deyiblər.
Bu cür informasiyalar polis-vətəndaş münasibətlərini gərginləşdirməkdir”.
Qeyd edək ki, sürücünün döyülməsi ilə bağlı məlumatı report.az agentliyi yayıb. Xəbərə görə, Bakı-Masallı istiqamətində hərəkət edən 99 DC 866 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobus yol polisinin “Saxla” əmrinə tabe olaraq hərəkətini dayandırıb.
Mikroavtobusun sürücüsü 1985-ci il təvəllüdlü Mirzəyev Elşən Şirinbəy oğlunun dediyinə görə, o, sənədləri yol polisinə təqdim edib.
Məlum olub ki, mikroavtobusun sürücüsü üç ay əvvəl 200 manat məbləğində cərimə edilib. Buna görə maşının üzərinə həbs qoyulub.
Polis əməkdaşları mikroavtobusu “Cərimə meydançası”na aparmaq istəyib.
Buna etiraz edən sürücü E.Mirzəyev ilə Xəzər Rayon Dövlət Yol Polis İdarəsinə (DYPİ) məxsus 99 YP 240 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidmətinin (YPX) xidməti avtomobilində əyləşən polis əməkdaşları arasında mübahisə yaranıb, sonra isə dava düşüb.
Nəticədə sürücü E.Mirzəyev döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. E.Mirzəyevə məxsus mikroavtobus isə “Cərimə meydançası”na aparılıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsində (PB) araşdırma aparılır.