Artıq 2017-ci ilin sonuncü günlərini yaşayırıq. Yola saldığımız bu ildə dünyada və ölkəmizdə mühüm siyasi hadisələrin şahidi olduq. TİA.AZ bu dəfə 2017-ci ildə baş verən ən mühüm siyasi hadisələri bir daha xatırladacaq. İlk müsahibimiz politoloq Nəzakət Məmmədova 2017-ci ili belə dəyərləndirdi: “ Əbəttə, bu il ölkəmizdə baş verən mühüm hadisələr çoxdur. Lakin seçim etməyə qalsaq, ilk üçlükdə Avrasiyanı birləşdirən Bakı-Qars dəmiryolunun istifadəyə verilməsini, Avropa Birliyinin Şərq Tərəfdaşlığı sammitində münaqişələrin istisnasız olaraq dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsini təsbit edən bəyannamənin qəbul edilməsini göstərmək olar. Üçüncü mühüm hadisə isə Azərbaycan Prezidentinin İstanbulda keçirilən Qüds toplantısında iştirakı, parlaq çıxışı, dünya siyasətində ölkəmizin ədalətli mövqeyini bir daha ortaya qoyması oldu.
Eyni zamanda, BMT-dən sonra dünyanın ən nüfuzlu təşkilatlarından biri olan İslam Əməkdaşlıq Sammitinin tribunasından bir daha Ermənistanı islam aləminin düşməni olan təcavüzkar ölkə kimi ifşa etməsi oldu.” Xanım politoloq bu il dünyada baş verən ən mühüm hadisələr barədə də fikirlərini söylədi:” ABS-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması dünyada böyük əks səda yaratdı və bəlkə də ilin ən yaddaqalan hadisəsi oldu.Dunya ictimaiyyətinin buna münasibəti özünü BMT-dəki səsvermələr zamanı göstərdi. Ümumiyyətlə, ən əhəmiyyətli hadisələr Yaxın Şərqdə baş verdi.Bu il Suriyada vətəndaş müharibəsi, daha doğrusu onun hərbi əməliyyatlar hissəsi başa çatdı. Rusiya öz qoşunlarını burdan çıxardı, İŞİD məhv edildi. Turkiyə-ABŞ münasibətləri xeyli gərginləşdi. ABŞ-da Zərrab davası, S-400 sistemləri məsələləri bu iki ölkəni qarşı qarşıya gətirdi. Kürd referendumu da ilin yaddaqalan hadisələrindən oldu. Rusiya və Türkiyə xeyli dərəcədə yaxınlaşdı. Səudiyyə krallığında sülalədaxili mübarizə, Qətərə qarşı ərəb ölkələrinin embarqosu da yaddaqalan hadisələr idi. 2017-cu ilin əlamətdar hadisələri sırasında ABŞ-NATO, ABŞ-Britaniya arasında münasibətlərin soyuqlamasını da göstərmək olar.”
“Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru Məhəmməd Əsədullazadə isə TİA.AZ-a bildirdi ki, bu il Qarabağ münaqişəsinin həlli istiqamətindədə hər hansı irəliləyiş baş vermədi: “ Sadəcə olaraq, danışıqlar bərpa edildi və masada olan həll variantları üzrə danışıqlar davam etdi.Bu il ölkəmiz böyük beynəlxaq toplantılara ev sahibliyi etdi. Cocuq Mərcanlı kəndində yeni qəsəbə salmaqla, işğal olunmuş ərazilərə böyük qayıdışa start verildi. Həmçinin bu il ölkəmiz İslam oyunlarına ev sahibliyi etməklə, dünyada xüsusi ilə İslam aləmində öz mövqeyinin gücləndirməsi siyasətində önəli addımlar atdı. Noyabrın 24-də Brüssüldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitində Azərbaycanın ərazi bütövlüyünün təsbit olunması ilə bağlı yekun qətnamdə öz əksini tapdı. Dünyada gedən proseslərə nəzər yetirdikdə isə, 2017-ci il dünyada siyasi-hərbi qarşıdurma ili kimi yadda qaldı. Yaxın Şərqdə İŞİD-in darmadağın edilməsidir. Beş ildən artıq davam edən Suriya münaqişəsində Rusiya-İran və Türkiyənin strateji yaxınlığı nəticəsində Suriyada atəşkəsin təmin olunması və ölkənin terror qruplaşmasından böyük hissəsinin azd edildi. Bundan əlavə dünyada siyasi böhran və ziddiyyətlər pik həddə çatmaqla, Üçüncü Dünya Müharibəsinin başlanmasına rəvac verə bilərdi. İraqda Kürd muxtariyyətinin referendum keçirməsi, analoji hadisələrin İspaniyada yaşanması da diqqətdə qaldı. Dünya birliyinin separatizmə qarşı birliyinin nümayiş etdirməsi nəticəsində separatism məğlub oldu. Sonda ABŞ prezidenti Trampın Qüdsü İsrailin paytaxt elan etməsi, dünya birliyinin və müsəlman aləminin BMT -də bu qərara qarşı mövqeyi dünyada ABŞ-sız yeni dünya nizamının əsasını qoydu.”
TİA.AZ-ın növbəti müsahibi politoloq Şahin Cəfərli bildirdi ki, Azərbaycanda 2017-ci ilin əsas hadisələri sırasında ilk növbədə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşmasını göstərmək olar: “ İqtisadi rentabelliyi mübahisəli olsa belə, bu, Azərbaycanın iştirakı, liderliyi ilə həyata keçirilən mühüm regional layihədir və geosiyasi önəmi mütləq qeyd olunmalıdır. Azərbaycanın beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirdiyi böyük iqtisadi layihələrdən olan “Əsrin müqaviləsi”nin yenilənməsi və müddətinin uzadılması da ilin mühüm olaylarındandır. Digər əhəmiyyətli hadisə kimi Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünü və ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki müəyyən intensivliyi qeyd etmək olar. Əslində prezidentlərin görüşündə hər hansı real nəticə əldə olunmadı, bu hadisənin əhəmiyyəti sadəcə olaraq müharibə vəziyyətində olan iki ölkənin rəhbərlərinin görüşüb müzakirə aparmasından və problemin həllində sülh variantının ağırlıq qazanmasından ibarətdir. Birinci xanım Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunması 2017-ci ilin ən yaddaqalan hadisələrindən biridir.
Daha bir vacib hadisə ilin sonu yaxınlaşarkən Təhsil və Vergilər nazirliklərində baş verən dəyişiklikdir. Vergilər nazirinin vəzifədən uzaqlaşdırılması və təhsil nazirinin onun yerinə gətirilməsi Azərbaycan kimi daxili siyasəti o qədər də dinamik olmayan ölkə üçün maraqlı və əks-səda doğuran olaydır. Beynəlxalq aləmdə 1 saylı hadisə kimi ABŞ-da Donald Trampın and içərək prezident səlahiyyətlərinin icrasına başlamasını qeyd edərdim. Seçkilərdən söz düşmüşkən, Fransada Emmanuel Makronun prezident seçilməsini də önəmli siyasi hadisələr sırasında vurğulamaq lazımdır. Digər vacib olay Suriyada terrorçu qrupların məğlubiyyətə uğradılması və problemin siyasi həlli mərhələsinin yaxınlaşmasıdır. Türkiyədə 16 aprel Konstitusiya referendumu və bu dəyişiklik çərçivəsində ölkənin növbəti prezident seçkilərindən etibarən prezident üsul-idarəsinə keçməsi də mühüm hadisələrdən biridir. İlin sonu yaxınlaşarkən ABŞ prezidenti Donald Trampın Qüds-Yerusəlim şəhərini İsrailin paytaxtı kimi tanıması və bundan sonra dünyada yarana gərginliyi; Vladimir Putinin 4-cü dəfə Rusiya prezidentliyinə namizəd olmasını; Şimali Koreya ətrafında artan gərginliyi və savaş təhlükəsini; İspaniyanın Kataloniya bölgəsində keçirilən müstəqillik referendumunu; Şimali İraqda keçirilən analoji referendumu və buna qarşı İraq hökumətinin hərəkətə keçib, Kərkükü kürd silahlı qruplarından geri almasını; ABŞ Konqresinin Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə dair xüsusi qanun qəbul etməsini; ABŞ hökumətinin Ukraynaya silah satışına rəsmi icazə verməsini də ilin önəmli gəlişmələri sırasında qeyd edərdim.”
NÜŞABƏ
TİA.AZ