DÜNYANIN ƏN TƏHLÜKƏLİ İNSANININ YAŞADIĞI ƏN TƏHLÜKƏSİZ ŞƏHƏR – Reportaj+Fotolar

DÜNYANIN ƏN TƏHLÜKƏLİ İNSANININ YAŞADIĞI ƏN TƏHLÜKƏSİZ ŞƏHƏR – Reportaj+Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın Heviz şəhəri haqqında bilmədiklərimiz azərbaycanlı jurnalistin gözü ilə

Macarıstanın görməli yerləri Avropanın digər bölgələrindən az deyil. Burada hər kəs arzuladığı və gedəcəyi yeri tapa bilər. Bu ölkəyə səfər dövlətin mədəniyyəti, tarixi və dini ilə tanış olmaq, mətbəxini dadmaq, heyrətamiz təbiətini kəşf etmək və yerli kurortlarında sağlamlığı bərpa etmək üçün əla fürsət olacaq.

Qoyun ətinin olmadığı, maral ətinin bol olduğu şəhər

 

 

Göllər ölkənin milli sərvətidir. Balaton Avropanın ən böyük termal gölüdür və turizmdə beynəlxalq əhəmiyyətə malikdir. Balaton ətrafında sıralanan Balatonfüred, Balatonalmadi, Şiofok, Kesthely və digər şəhərlər turizm zonası hesab edilir, çoxlu sayda tarixi yerlər, muzeylər, çimərliklər, otellər, restoranlar var. Tihany şəhəri isə lavanda plantasiyalarının məskəni sayılır, iyunun ortalarında lavanda festivalına start verilir. Burada həm də 1055-ci ildə Macarıstan kralı I Endryu tərəfindən yaradılan məşhur Benedikt monastırı yerləşir ki, hər gün minlərlə insan onu ziyarət edir. Balatonlular təbiəti çox sevir, gözəlliyə qiymət verir, təmizliyə riayət edir, qaydalara hörmət göstərir. Buna Balaronətrafı gəzdiyim bir sıra şəhərlərdə şahid oldum. Balatonətrafı şəhərlərdə evlərin düzülüşü, ümumi görünüşü və hətta dam örtüklərinin rəngi o qədər eynidir ki, bir şəhərdən digərinə keçidi anlamaq mümkün deyil.

 

 

Balaton gölünün qərb qurtaracağında, Zala bölgəsinin şərqində isə kiçik kurort şəhəri Heviz və eyni adlı təbii müalicəvi Heviz termal gölü yerləşir. Şəhərin emblemi və gölün simvolu vaxtilə Hindistandan gətirilən Çəhrayı Lotusdur. Bu məşhur göl və tarixi barədə bir az sonra bəhs edəcəyəm.

Budapeştdən avtobusla Hevizə 2 saat 30 dəqiqəlik məsafədir. Sürətli şose yollarıyla bu yaşıl bölgəyə çox rahatlıqla çatmaq olur. Hevizdə 5 minə yaxın əhali yaşayır. Turizm şəhəri olduğu üçün evlərin 90 faizi kirayə verilir. Əhalinin əksər hissəsi ev şəraitində şərab hazırlayır və satır. Bu şərabların qiyməti market qiymətlərinə nisbətən aşağıdır, litri 3-4 avrodan başlayır. Şəhərdə yaşayan əsasən yaşlı və orta nəslin nümayəndələridir. Gənc ailələr yaşamaq və işləmək üçün Macarıstanın digər şəhərlərinə, Avropanın müxtəlif ölkələrinə gedib. Buna baxmayaraq, otellərdə, kafe-restoranlarda, ticarət mərkəzlərində işləyən gənclər də az deyil. Aralarında hər gün səhər saatlarında qonşu rayonlardan Hevizə işə gəlib-gedənlər də var.

 

 

Hevizin küçələri tər-təmiz, çox səliqəlidir, yaşıllıqlar, güllərlə, maraqlı fiqurlarla əhatə olunub. Bir çox evin eyvanlarından Dövlət bayrağı sancılıb. Bu, hər hansı bayramla əlaqədar deyil, macarlar bayraqlarını çox sevirlər.

Küçələrdə hər addımda zibil qutuları qoyulub. Plastik və şüşə su qabları üçün polietilen paketlərdən istifadə olunur. Bu qablar təkrar emal olunmaq üçün müəyyən yerlərə təhvil verilir. Evlərin hasarlarının hündürlüyü 160 sm-dən yuxarı deyil. Şəxsi villalar 2, mansard da daxil olmaqla 3 mərtəbəlidir. Hər qapıda, hər həyətdə çiçəklər küçəyə sarı boylanır. Bu da küçələrin ümumi görünüşünə bir gözəllik qatır. Evlərinin ətrafını bu cür təmiz saxlamaq üçün sanki sakinlər bir-biri ilə yarışa girib.

Bu kiçik, amma gözəl şəhərdə gəzdikcə ruhun dinclik tapır. Şəhərdə şəhərdaxili marşrutlar əvəzinə gəzinti qatarlarından, taksilərdən, şəxsi və ya kirayə avtomobillərdən, velosipedlərdən istifadə olunur. Həm sürücülər, həm də piyadalar məsuliyyəti dərk edərək, piyada keçidlərindən doğru istifadə edir. Macarıstanda bildiyimiz kimi pul vahidi forintdir. 1 avro 389- 400 forintdir.

 

 

Şəhərin ən hündür oteli 6-7 mərtəbəlidir. Turistlər daha çox günü 45 avrodan başlayan otel tipli kirayə villalarda qalmağa üstünlük verir. Villaların adları ev sahibələrinin adları ilə – Larisa, Valeria, Maria, Sonia, Arina, Viktoria, Klara, Suzanna, Sezen – adlandırılıb. Çoxlu sayda Rusiya vətəndaşının burada evi var. Son hadisələrlə bağlı gələ bilmədiklərindən evlərini satışa çıxaranlar da az deyil. Evlərin hər kv metri 2000-2500 avrodan başlayır. Şəhərdə doğma macar dilindən başqa, alman, rus, ingilis dillərindən də istifadə olunur. Restoranlarda menyular da bu dillərdə təqdim edilir. Turistlərin çoxu Almaniyadan, Rusiyadan, Ukraynadan, Çexiyadan, Polşadan, Slovakiyadan, Litvadan, Belarusdan, Bolqarıstandan, İtaliyadan və digər ölkələrdən gələnlərdir. Bunu həm də şəxsi avtomobillərinin nömrə nişanlarında görmək olur. Hazırda Ukraynadakı müharibə ilə əlaqədar olaraq bu ölkədən şəxsi maşınları ilə gələnlərin coxu bir müddət Hevizdə qaldıqdan sonra, yaşamaq üçün Avropanın başqa ölkələrinə gedir. Hevizə gələnlər sırf müalicə məqsədilə bura üz tutur.

Balatonətrafı şəhərlərə nisbətən Hevizdə qiymətlər çox yüksəkdir. Buna görə də, turistlər alış-veriş üçün yaxın olan Kesthely, Zalaeqerseq və digər şəhərlərə gedir.

 

 

Hevizdə həftədə 3 dəfə xüsusi ayrılmış ərazidə yarmarka təşkil olunur. Fermerlərin şəxsi təsərrüfatında yetişdirib hazırladığı məhsulları, həmçinin əl işləri, suvenirləri satılır. Bütün alış-veriş qəbzlə həyata keçirilir. Hətta bir dəstə göyərti alan müştəriyə qəbz təqdim olunur. Hevizdə çətin tapılan ərzaq qoyun ətidir, orada bu yoxdur. Mal və maral ətindən hazırlanan kolbasaları xüsusi marketlərdən almaq, eyni adda hazırlanan müxtəlif yeməklərə bəzi restoranlarda dadmaq olar. Ümumiyyətlə, Macarıstanda olduğum vaxtlarda marketlərdə qoyun ətinə nadir hallarda rast gəlmək olurdu.

Heviz kurort şəhəri olmaqla yanaşı, həm də mədəni qidalanma mərkəzi kimi cazibədardır: müxtəlif günlərdə açıq havada bayramlar, konsertlər, yerli şərabların dequstasiyası təşkil olunur. Macarıstanın qulyaş şorbasına isə söz ola bilməz.

Hevizdə muzeylərə giriş pulsuzdur. Macarıstanda 60 yaşdan yuxarı insanlar senyor, senyorina sayılır ki, bu insanlar şəhərdaxili qatarlardan pulsuz, avtobuslardan 50 faiz güzəştli istifadə edir. Bu, tək macarlılara aid deyil, bütün Aİ ölkələrinin vətəndaşlarına da şamildir.

 

 

Bu balaca şəhərin insanları gülərüz, mehribandır. Küçədə rastlaşdığı hər insanla salamlaşmadan ötüb keçmirlər. Heviz küçələrində sahibsiz heyvanlar yoxdur. Oğruların, fırıldaqçıların, narkomanların, əyyaşların olmadığı bu Hevizi dünyanın ən təhlükəsiz şəhəri hesab etmək olar. Çünki burada hələ cinayət hadisəsi baş verməyib. Amma buna baxmayaraq 16 qətldə şübhəli bilinərək hazırda Fransada həbsdə olan “Çaqqal Karlos” ləqəbi ilə tanınan 73 yaşlı venesuealı İliç Ramires Sançes vaxtiylə bir neçə dəfə ciddi mühafizə altında Hevizdə qalıb.

 

 

Şəhər kiçik olsa da, bir sıra görməli yerləri var. Təpənin üstündə tikilmiş müasir tipli Müqəddəs Ruh (Mavi Kilsə) Katolik Kilsəsi (Church of the Holy Spirit -Blue Church) şəhərə başqa bir mənzərə bəxş edir. Kilsənin yeddi qülləsi Müqəddəs Ruhdan gələn yeddi hədiyyəni (Hikmət, Anlayış, Nəsihət, Bilik, Möhkəmlik, Təqva və Rəbb qorxusu) simvollaşdırır və yuxarıdan qanadları açılmış göyərçinləri xatırladır. Kilsədə tez-tez nikah mərasimləri keçirilir, həmçinin həftənin bir günü klassik bəstəkarların əsərlərindən ibarət orqan musiqiləri təşkil olunur.

 

 

Heviz qədim tarixi olan şəhərdir. Əhali Roma imperiyası dövründən burada yaşayıb. Şəhərdə Qədim Roma arxeoloji parkı yerləşir ki, burdakı 1000 kvadratmetrlik sahədə Roma imperiyasının regiondakı ən mühüm yaşayış məntəqələrinin birinin xarabalıqlarının qalıqları qalır. Arxeoloji parkın yanında Eqred Muzeyi fəaliyyət göstərir. Girişi pulsuz olan bu muzeydə “Hevizin minilliyi” adlı daimi ekspozisiyada bərpa olunub, qədim əmək alətləri, əsgərlərin geyimləri, döyüş sursatları və s. atributları görmək olar.

Muzeyin qarşısında istirahət parkı, uşaqlar üçün əyləncə yerləri yaradılıb.

Bir az yuxarıda, təpədə isə “Egregy Weinberg” deyilən “Üzüm bağı” var. Təpəyə qalxdıqca hər iki tərəfdə həm üzüm plantasiyaları uzanaraq ətrafa möhtəşəm mənzərəsi açılır, həm də çoxlu sayda restoranlar fəaliyyət göstərir.

Heviz gölü hansı xəstəlikləri müalicə edir?

 

 

…Hevizdəki dünyanın ən böyük termal su anbarı 17-ci əsrin ortalarından müalicəvi xüsusiyyətləri ilə tanınır. Heviz gölü həm ölçüsünə, həm də suyun kimyəvi tərkibinə görə unikaldır. Avropada yeganə, planetdə ikincidir. Bu, dünyanın ən böyük üzülə bilən termal gölüdür (sahəsi 47,500 kvadratmetr), yəni üzmək üçün çox isti olan Yeni Zelandiyadakı Frying Pan gölündən sonra ikincidir. Gölün sahəsi 50 hektarlıq qorunan meşə ilə əhatə olunub.

Gölü qidalandıran bulaqlar gölün altında diametri 18 m olan mağarada yerləşir. Buradan suyun temperaturu +42°C və +38°C olan iki termal bulaq və suyun temperaturu olan bir mineral bulaq çıxır.

Gölün minimum dərinliyi 2, maksimum dərinliyi 38 metrə çatır. Yay aylarında suyun temperaturu +30+32°С, ən soyuq qış aylarında isə +24+26°С-dir. Qışda havanın temperaturu aşağı düşəndə buxar göldən yuxarı qalxır. Yerlilər deyirlər: “Göl tüstülənir”. Göldəki su 28 saat ərzində tamamilə yenilənir və həmişə təmiz qalır.

Termal gölün dibində çox metrlik təbəqədə yerləşən lil qeyri-adi müalicəvi xüsusiyyətlərə malikdir. Lilin bakterial florası zəif antibiotik ifraz edir, ona görə də suda patogen bakteriyalar yoxdur.

Karbon turşusu, kalsium, maqnezium, hidrogen karbonat, azaldılmış kükürd birləşmələri, eləcə də məhlulda oksigen olan suyun temperaturu və kimyəvi tərkibinə görə Heviz gölünün fauna və florası unikaldır. Göldə mavi-yaşıl yosunlar, suzanbaqları, xırda balıqlar, insana zərər vurmayan su ilanları və s. var.

Bioloji tədqiqatlar göstərib ki, Hevizin dibini metr qatı ilə örtən palçıqda hormonal maddələr – estrogenlər var. Amma bu tədqiqatlar çox sonralar aparılıb. Məlum olub ki, suyun tərkibində olan kükürd, karbon qazı, radon dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində mühüm rol oynayır. Su prosedurları və palçıq tətbiqləri revmatik, venoz dövran pozğunluqları, sinirlərin iltihabı üçün də faydalıdır. Həmçinin, kas-iskelet sisteminin xəstəlikləri (bütün növ artroz və artrit, osteoporoz, spondiloz, osteoxondroz), revmatizm, ginekoloji xəstəliklər (xroniki çanaq iltihabı, sonsuzluq, menstrual pozğunluqları, genital hipoplaziya, menopauza problemləri, cinsi pozğunluqlar, hamiləlik), xroniki iltihabi proseslər, piylənmə, bədxassəli şişlər, yoluxucu xəstəliklər, açıq yaralar, kəskin ürək çatışmazlığı, bronxial astmanın ağır formaları və s. xəstəliklər üçün faydası var.

 

 

Pandemiyadan və Rusiya-Ukrayna müharibəsindən əvvəl gölə girənlərin sayı gündə 10 min idisə, hazırda bu rəqəm gündəlik olaraq 4-5 min arası dəyişir. Bura hətta 7-8 il dalbadal gələnlərin də sayı az deyil. Başlanğıc 30 dəqiqə olmaqla müalicəni 2-3 həftə davam etdirmək, suda 2-3 saat qalmaq tövsiyə edilir. Palçıq vannası üçün xüsusi yer mövcuddur.

6 yaşına kimi uşaqlara pulsuz, 6-14 yaşa kimi uşaqlar, tələbələr və 60 yaşdan yuxarı insanlar güzəştli qiymətlərlə müalicəvi sudan istifadə edə bilir. Yerli vətəndaşların tibbi sığortayla bütün tibbi xidmətlərdən ildə 2 dəfə güzəştli qiymətlərlə yararlanmaq imkanı var. Heviz termal gölündə üzgüçülük kurortun əsas tibbi prosedurudur. Bu üzdən də suda çimmək üçün üzgüçülük halqası şərtdir.

Girişdə hər kəsə cip qolbağlar təqdim olunur. Bu qolbağlar geyinmə-soyunma otağında şkafların nömrəsini, suda qaldığın vaxtın müddətini göstərir.

Göldəki müalicəvi hamamlar torpaq sahibi qraf George I. Festetiç tərəfindən 1795-ci ildə tikilib. 200 illiklər ərzində gölün ətrafı dəyişərək inkişaf edib, dizaynlara salınıb. 1906-cı ildən etibarən inkişaflar yenidən davam edib, spa binalarının modernləşdirilməsi və genişləndirilməsinə başlanılıb. Ətrafında sanatoriya salınıb, otellər, restoranlar, suvenir dükanları tikilib. 1952-ci ildə Heviz Dövlət Spa Xəstəxanası yaradılıb və həmin il Heviz dövlət əhəmiyyətli kurort elan edilib.

Şahzadədən pivəçiyə, ondan da dövlətə keçən göl

…Çexiyalı Vençel Rayşl pivə hazırlamaq sənətini öyrəndikdən sonra 1862-ci ildə evinə – Kesthelyə qayıdır. Varlı əmisi 1865-ci ildə şahzadə Taşilo Festetiçdən pivə zavodunu alıb idarəçiliyini Vençelə verir. Onun rəhbərliyi altında pivə zavodu yüksək gəlir əldə edir. 1910-cu ildə o, şahzadə Taşilo Festetiçdən sonra yaşadığı şəhər və onun ətrafında ikinci ən zəngin, hörmətli adama çevrilir. 1905-ci ildə pivəçi Vençel Rayşl Heviz göl hamamını Festetiç ailəsindən 35 illik icarəyə götürür. 1911-ci ildə Heviz Vençelin köməyi ilə kurort tipli qəsəbə adını alır. Vençel Rayşl 1923-cü ildə 83 yaşında vəfat edir. O, ailəsinə böyük bir sərvət, beynəlxalq şöhrətli bir kurortdan icarə və gəlir qoyur.

 

 

1940-cı illərə qədər anti-yəhudi qanunları nəticəsində Rayşl ailələrinin vəzifə tutmalarına və hətta səs vermələrinə icazə verilmir, 35 illik icarə müddəti başa çatır. Ailənin bir neçə üzvü yəhudi mənşəli olduqları üçün mühacirət edir, ailənin pivə zavodu və Kesthelydəki “Hungaria” oteli 1948-ci ildə milliləşdirilir. Göl hamamları, otellər və sanatoriya ilə birlikdə mülk yenidən Festetiç ailəsinin himayəsinə keçir. Şahzadə 1941-ci ildə 59 yaşında gözlənilmədən vəfat edir. Onun 9 aylıq oğlu mülkün varisi olur. Müharibənin ilk illərində Hevizdəki kurort həyatı nisbətən pozulmasa da, 1943-cü ildən bütün otellər hərbi xəstəxanalara çevrilir. 25 aprel 1945-ci ildə Heviz Milli Komitəsi qərara alır ki, o zaman xaricdə olan yetkinlik yaşına çatmayan Şahzadə George Festetiçə (IV) məxsus olan Heviz spa, termal göl və bütün əlaqədar binalar və parklar bələdiyyənin ixtiyarına verilsin. 1948-ci ilin martında bütün əmlaklar milliləşdirilir.

Krallar, şahzadələr, kəşfiyyat rəisi, kansler, terrorçu və s.

 

 

Hevizin məşhur vaxtlarında tanınmış şairlər, bəstəkarlar, sənət və elm adamları, tədqiqatçılar, siyasətçilər, kral ailələri dəfələrlə orda olub. Qonaqlar arasında vəliəhd şahzadə Franz Ferdinand, erşorsoq Jozef Auqusta və digərləri də var. Hevizə bir az da tanınma şansını 1914-cü ildə Budapeşt zooparkının fili Nelli gətirir. Zoopark rəhbərliyi filin ayağına yeni başlayan revmatizm diaqnozu qoyur. Hevizlilər Nellinin məmnuniyyətinə göldə müalicə almasına icazə verir. Onun bir neçə ay göldə müalicə alması Hevizə çoxlu reklam gətirir.

70-80-ci illərdə bir neçə tanınmış macar və əcnəbi tam məxfilik şəraitində tətil və spa müalicələri üçün Hevizdə qalıb. Aralarında adları bu günə qədər sirr olaraq qalan qonaqlar da var. 1980-ci illərdə Şərqi Almaniya məxfi xidmətinin (Ştazi) rəhbəri Markus Volf bir neçə dəfə Hevizə gəlib. Nümayəndə heyəti adətən 20-25 kişi və onu müşayiət edən iki qadından ibarət olurdu. 1982-ci ildə Avstriyanın kansleri Fred Sinovaç da həmçinin bu şəhərdə qalıb. 1984-cü ilin sentyabrında isə Soyuq Müharibənin ən qorxulu terrorçusu, “Çaqqal Karlos” ləqəbli venesuealı İliç Ramires Sançesdən başqa heç kim Hevizdə qalmayıb. “Çaqqal Karlos” Macarıstanı dəfələrlə ziyarət edib. 1980-ci illərin birinci yarısında o, burada başqaları ilə yanaşı, bir neçə dəfə Stazi rəhbəri ilə görüşüb. Bütün bu qonaqlar Daxili İşlər Nazirliyinin sanatoriyasında hərbçilər tərəfindən yüksək səviyyədə mühafizə olunub. 1956-88-ci illərdə Macarıstana rəhbərlik etmiş Yanoş Kadar, 1993-cü ilin iyununda 14-cü Dalay Lama Hevizdə qalıb. Hətta bəstəkar George Ranki “Qabil və Habil” mahnısını Hevizdəki tətil zamanı bəstələyib.

Göl əfsanəsi və tanrıya inam

Gölün yaranması və müalicəvi gücü ilə bağlı əfsanələr mövcuddur. Gələcəyin imperatoru Flavi iflicdən əziyyət çəkirdi. Xristian dayəsi uşağın sağalması üçün hər gün Müqəddəs Mərəyəmə dua edir. Onun duası qəbul olunur, uşağın hər gün çimdirildiyi şəfalı suda bir bulaq axmağa başlayır. Bulağın qaynar suyu, buxarlanan palçıq uşağın bədəninə məlhəm olur, tam sağaldır. O zəif uşaq daha sonra Şərqi Roma imperatoru Feodosi I (Böyük Feodosi) olur. 391-ci ildə o, xristianlığı dövlət dini elan edir.

Digər əfsanələrə görə, Heviz gölü 20-22 min il əvvəl Balaton gölü ilə eyni vaxtda əmələ gəlib. Heviz gölünün mənşəyi Balaton gölünün ətrafındakı bazalt dağlarının və Balaton gölünün özünün yarandığı vaxta təsadüf edir. Pannoniya dövrünün sonunda vulkanlar Transdanubiya bölgəsinin mənzərəsini parçalayıb. Postvulkanik fəaliyyətin ilk əlamətləri orijinal Heviz termal bulağı kimi isti bulaqların püskürməsi idi. Arxeoloji qazıntılar göstərir ki, burada insanlar hələ daş dövrünün sonlarında yaşayıb. Bundan əlavə, buradakı suyun müalicəvi xüsusiyyətləri ilə bağlı müxtəlif dövrlərə aid bir çox əfsanə var. Roma qalıqlarına və tapıntılarına görə, Heviz artıq 2000 il əvvəl yaşayış məntəqəsi olub, lakin təəccüblüsü odur ki, bulaq mağarasının kəşfi zamanı götürülmüş su nümunələri bulaqdan gələn soyuq suyun 8000 il yaşı olduğunu göstərir. İsti müalicəvi suyun isə 12.000 il yaşı var.

Laçın SƏMLA

Bakı-Heviz-Bakı