Dünyanın ən böyük narkotik karteli olan Meksikanın Sinaloa kartelinin həmtəsisçisi və lideri İsmael Zambada Qarsiya (El Mayo) təşkilatı idarə etməkdə və qəsbdə günahını etiraf edib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Nyu-Yorkda keçirilən məhkəmə prosesi zamanı bildirib. El Mayoya yanvarın 13-də hökm oxunacaq və çox güman ki, ittihamlara görə ömürlük həbs cəzası alacaq.
El Mayo 1980-ci illərdə kartelin əsas lideri Xoakin Quzman (El Çapo) ilə birlikdə Sinaloanın qurucularından biri olub. Dünyada ən böyük olan kartel, ilk növbədə, Latın Amerikası və digər regionlardan ABŞ-a narkotik daşınması ilə məşğul olur. Təşkilat ABŞ-a bütün narkotik daşımalarının 60%-ə qədərinə nəzarət edib.
2010-cu illərdə kartel Meksika və ABŞ-da dəfələrlə genişmiqyaslı polis əməliyyatlarına məruz qalıb və bu əməliyyatlar zamanı onun yüzlərlə üzvü həbs edilib. 2019-cu ildə Amerika məhkəməsi El Çaponu ömürlük həbsə və 12,6 milyard dollar məbləğində böyük cəriməyə məhkum edib. O, ABŞ-a narkotik qaçaqmalçılığı, narkotik ticarəti və qətllərdə iştirak da daxil olmaqla on ittiham üzrə təqsirli bilinib.
El Mayo 2024-cü ildə ABŞ-da həbs edilib. “The New York Times”ın məlumatına görə, o, El Çaponun oğlu və Sinaloa liderlərindən biri olan Xoakin Quzman Lopez tərəfindən Meksikadan qaçırılaraq ABŞ-a gətirilib. Bildirilib ki, o, FSB ilə əməkdaşlığa başlayıb və El Mayonu aldadaraq, tələyə salıb ABŞ-a gətirməyə razılaşıb.