Qazaxıstanın Astana şəhərində Suriya münaqişəsinin nizama salınması üzrə danışıqlar başlanıb.
Qazaxıstanın Astana şəhərində Suriya münaqişəsinin nizama salınması üzrə danışıqlar başlanıb.
TİA.AZ xəbər verir ki, danışıqlar “Rixos” mehmanxanasının konfrans zalında bağlı qapılar arxasında keçirilir.
Müzakirələrin bütöv gün davam edəcəyi gözlənilir. Danışıqlarda Rusiya, Türkiyə, İran, Suriya və ABŞ rəsmiləri, BMT baş katibinin xüsusi nümayəndəsi Stefan de Mistura, həmçinin Suriya müxalifətinin 15 qruplaşmasının nümayəndələri iştirak edirlər.
Danışıqların əsas məqsədi hökumət və silahlı Suriya müxalifəti arasında 2016-cı il dekabrın 29-da əldə olunmuş razılaşmaları möhkəmləndirməkdir.
Türkiyə KİV-inin yazdığına görə, Suriya müxalifəti ilk iclasda Bəşər Əsəd rejiminin Astanaya göndərdiyi heyətlə üzbəüz görüşməkdən imtina edib. Bu barədə müxalifətin nümayəndə heyətinin sözçüsü Yəhya əl- Aridi bildirib.
“Siyasi müzakirələrə qatılmayacağıq. Tək mövzu atəşkəs rejiminə riayət və mühasirə vəziyyətində olan suriyalıların ağrılarının yüngülləşdirilməsi, həbs olunanların azad edilməsi və humanitar yardımların çatdırılmasıdır. Sözügedən mövzuların müzakirəsinə mane olmaq Suriya rejiminin xeyrinədir. Suriya rejimi Astanadakı varlığımızın səbəbinin təslim olmaq olduğunu düşünürsə, bu səhv düşüncədir”, – deyə Yəhya əl-Aridi vurğulayıb.
“Əl-Cəzirə”nin türk xidməti isə xəbər verib ki, Suriya müxalifəti ilə rejim arasında ilk görüşün yerli vaxtla 14:00-15:00 arasında təşkil edilməsi gözlənilir. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi görüşə vasitəçilk edəcək.
Qazaxıstan Xarici İşlər Nazirliyi isə rejim və müxalifətin üzbəüz görüşünə dair hələ qərar verilmədiyini açıqlayıb.