Bütün dünyada kütləvi intiharlar hazırlayan 17 yaşlı gənc Argentinada həbs edilib.
Bütün dünyada kütləvi intiharlar hazırlayan 17 yaşlı gənc Argentinada həbs edilib.
Trend-in məlumatına görə, gəncin çirkin planının üstünü Baskoniya (İspaniya) polisi açıb. Belə ki, polis sosial şəbəkələrdə öz üzvlərini avqustun 17-də kütləvi intihar törətməyə çağıran beynəlxalq qrup aşkar edib.
Baskoniya polisinin internet xidməti göstərən şirkətlə əməkdaşlığı nəticəsində kütləvi intihar təşkilatçısının Argentinada yaşadığı müəyyən edilib.
Bundan sonra Baskoniya polisi argentinalı həmkarlarına bu barədə məlumat verib və həmin gənc kütləvi intiharın təyin edildiyi tarixdən 6 gün əvvəl həbs edilib. Gəncin otağında bıçaq, ülgüc, qana batmış tənzif aşkarlanıb. Hazırda gənc psixiatrların nəzarəti altındadır.
Hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir, ona görə də qurbanların sayı və milliyyəti barədə dəqiq məlumat verilmir. Həmçinin qrupun bütün üzvləri, o cümlədən 17 yaşlı gənc tərəfindən digər bu cür qrupların yaradılıb-yaradılmamasının müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.