Karyerasını Səudiyyə Ərəbistanının Pro Liqasında çıxış edən “Əl-Nəsr” klubunda davam etdirən portuqaliyalı ulduz Kriştiano Ronaldo 1,4 milyard dollarlıq sərvəti ilə futbol tarixində ilk milyarder oyunçu adını qazanıb.
Tribunainfo.az xəbər verir ki, Ronaldonun sərvətində əsas pay onun futbol karyerası ərzində qazandığı maaşlara məxsusdur. Bu gəlirin ən böyük hissəsi isə karyerasının son mərhələsində keçdiyi “Əl-Nəsr” klubundakı müqaviləsindən əldə olunub.
Portuqaliyalı futbolçunun sərvətinin artmasında “Nike” və “Armani” kimi dünya brendləri ilə bağladığı sponsorluq müqavilələri də mühüm rol oynayıb.
Ronaldo 2002–2023-cü illər arasında 550 milyon dollardan çox maaş gəliri əldə edib. Bundan əlavə, “Nike” ilə 10 illik, illik 18 milyon dollar dəyərində müqaviləsi, həmçinin “Armani” və “Castrol” kimi markalarla tərəfdaşlığı sayəsində sərvətinə 175 milyon dollardan artıq əlavə qazanc qatıb.2023-cü ildə “Əl-Nəsr” klubuna transferi ilə Ronaldo vergidən azad illik təxminən 200 milyon dollarlıq maaş və bonuslar, eləcə də 30 milyon dollarlıq imza mükafatı əldə edib.
Ronaldo investisiya qərarlarında bir vaxtlar İsveçrə bankında çalışmış maliyyə məsləhətçisi Markeşdən dəstək alır. Markeşin şirkəti 2018-ci ildən bəri 1,4 milyard avroluq aktiv portfeli formalaşdırıb.
Ronaldo əsasən vətəninə – Portuqaliyaya sərmayə qoyur və yaxın dostları ilə birgə yerli şirkətlərə investisiya yatırır. Uzunmüddətli dostu Migel Payşan du Santuş 2024-cü ildə “Lisboa Raket Center”in alınmasında iştirak edib. Ronaldoya məxsus “CR7” markası, otel zənciri, idman zalları və media qrupu da onun biznes fəaliyyətinin tərkib hissəsidir, lakin sərvətinin əsas mənbəyi deyil.
Ronaldoya maliyyə baxımından ən yaxın futbolçu argentinalı Lionel Messidir. Messi karyerası boyu 600 milyon dollardan çox (vergi öncəsi) gəlir əldə edib. 2023-cü ildən etibarən illik 20 milyon dollarlıq zəmanətli maaşı və “Apple” ilə gəlir paylaşımı müqaviləsi mövcuddur. Lakin onun son iki ildəki qazancı Ronaldonun eyni dövrdəki gəlirinin yalnız onda biri qədərdir.