“DÜNYA VƏ QARABAĞ HƏQİQƏTLƏRİ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya və Qarabağ həqiqətləri” İctimai Birliyi fəaliyyətə başlayıb.
 “Dünya və Qarabağ həqiqətləri” İctimai Birliyi fəaliyyətə başlayıb. Təşkilat Qarabağ həqiqətlərini birbaşa şahidlərin dilindən dünya ictimaiyyətinə çatdırmağı planlaşdırır. İctimai Birliyin sədri, Xocalı soyqırımının canlı şahidi Valeh Hüseynov deyir ki, qurum Qarabağ münaqişəsi ilə bağlı məlum hadisələrlə yanaşı, gizli qalan məqamları da ortaya çıxarmağı əsas vəzifəsi hesab  edir.
“Elə oğlanlarımız var ki, onlar şəhid olublar və onların adı heç yerdə yoxdur. Onları tapıb ortaya çıxartmaq, döyüşən oğlanları tapıb ortaya çıxartmaqdır fikrimiz”.
Naftalanın sabiq icra başçısı Tofiq Seyidzadə bildirir ki, Xocalı soyqırımından sonra şəhərin sağ qalan sakinləri məhz Naftalanda məskunlaşmışdı. Onlar dəhşətli faciənin canlı şahidləridir. Bu baxımdan, həmin insanlar ictimai birliyin fəaliyyətinə birbaşa dəstək ola bilər. Bu isə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından daha effektli olar.
“Dünya və Qarabağ həqiqətləri” İB-nin ilk işi Goranboy rayonundan olan xanəndə Rəhim Quliyevdən bəhs edən verilişdir. Xocalının işğalından və orada törədilən soyqırımdan təsirlənən Rəhim Quliyev könüllü kimi Qarabağ uğrunda döyüşlərə qatılıb. Xatırladaq  ki, təşkilatın sədri Valeh Hüseynov Xocalının işğalı zamanı girov götürülüb və ermənilərin işgəncələrinə məruz qalıb. O, Xocalıda gitaraçalan olub, ermənilər bir daha Qarabağ şikəstəsi çala bilməsin deyə onun barmaqları sındırıb, dırnaqlarını çıxarıblar.
TİA.AZ