Dubay Prokurorluğu azərbaycanlı uşağın oğurlanmasını təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkil Abdulla Əfəndizadə: “Azyaşlı Ceyla anası şər-böhtanla həbs etdirildikdən sonra gizli şəkildə evdən oğurlanıb”

 

Vəkil Abdulla Əfəndizadə: “Azyaşlı Ceyla anası şər-böhtanla həbs etdirildikdən sonra gizli şəkildə evdən oğurlanıb”

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyinin Prokurorluğunda Azərbaycan vətəndaşının adı keçən uşaq oğurluğu ilə bağlı istintaq işi davam edir. Bu arada Dubay Prokurorluğu azyaşlı uşağın oğurlanması ilə bağlı anası Merim Beishekeyevaya arayış verib. Arayışda uşağı oğurlayan şəxs kimi Azərbaycan vətəndaşı Davud Bağırovun və Qazaxstan vətəndaşı Zarina Jeksenbayevanın adları keçir. Redaksiyamıza təqdim olunan arayışda deyilir:

“Dubay Əmirliyi Prokurorluğu təsdiq edir ki, 30 iyul 2017-ci ildə Əl-Başra polis şöbəsi tərəfindən Azərbaycan vətəndaşı Davud Bağırovun və Qazaxıstan vətəndaşı Zarina Jeksenbayevanın barəsində 11807/2017 saylı, uşaq oğurluğu ittihamı ilə cinayət işi başlanıb. 84766/2017 nömrəsi verilməklə hazırda araşdırma mərhələsindədir”.

Yada salaq ki, Dubayda bank sektorunda çalışan Qırğızıstan vətəndaşı Merim Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovu onun azyaşlı övladını oğurlamaqda ittiham edir. M.Beishekeyeva övladı oğurlanandan sonra Dubayın hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra uşaq oğurluğu faktına görə başlanmış cinayət işində fiqurantlar müəyyən olunub. Bilinib ki, uşağı Azərbaycan vətəndaşı D.Bağırov və Qazaxstan vətəndaşı Z.Jeksenbayeva anasının icazəsi olmadan onun yaşadığı ünvandan götürüb naməlum istiqamətə aparıblar. Dubay Prokurorluğunda cinayət işi başlanıb. Məlum olub ki, azyaşlı Ceyla Dubaydan Türkiyəyə, oradan isə Azərbaycana gətirilib. Bundan sonra M.Beishekeyeva 2017-ci ilin fevralında Bakıda olub, övladının oğurlanması ilə bağlı ölkə başçısına, baş prokurora, Milli Məclisin sədrinə, ombudsmana, AQUP DK-nın sədri Hicran Hüseynovaya müraciətlər ünvanlayıb. M.Beishekiyevanın nümayəndəsi hüquqşünas Abdulla Əfəndizadədir. O, uşaq oğurluğu ilə bağlı mətbuatda dəfələrlə çıxışlar edib və iş üzrə Azərbaycan məhkəmələrində bir neçə iddia qaldırıb.

Hazırda Azərbaycan Ali Məhkəməsində hakim Əsəd Mirzəliyevin icraatında Dubay Əmirliyinin Ali Məhkəməsinin iş üzrə çıxardığı qərarın tanınması işi var. Həmin qərara əsasən M.Beishekeyevanın D.Bağırova qarşı iddiası təmin olunub. Onların nikahı pozulub, azyaşlı Ceylanın anasının himayəsində qalması, Davud Bağırovun uşağı Merim Beishekeyevaya qaytarması, aliment ödənişi və digər tələblər təmin olunub. 

D.Bağırov cinayət iş üzrə bir neçə dəfə Dubay Prokurorluğuna təqsirli şəxs qismində dəvət olunub. Amma Davud Bağırov prokurorluğa getməkdən yayınıb. Hazırda iş üzrə təqsirli şəxs qismində istintaqa cəlb olunan Qazaxıstan vətəndaşı Zarina Jeksenbayeva barəsində isə qərar dəyişməyib. O, məhkəmə baş tutana qədər Dubay Əmirliyinin ərazisini tərk edə bilməz.

M.Beishekeyevanın nümayəndəsi Abdulla Əfəndizadə deyir ki, Dubay Ali Məhkəməsinin qərarı Azərbaycan Ali Məhkəməsinə bu ilin iyununda daxil olub. Amma tanınma haqda qərarın verilməsi ləngidilir. 

A.Əfəndizadə deyir ki, məsələni Azərbaycan ictimaiyyətinin, Azərbaycanın hüquq ictimaiyyəti və məhkəmə hakimiyyəti rəhbərliyinin diqqət mərkəzinə gətirməklə bir ananın övladına qaytarılmasına yaradılan əngəlləri ortaya qoyur.

“Mətbuatdakı hər çıxışımdan sonra qarşı tərəf məsələnin mahiyyətindən uzaq münasibət sərgiləyir, azyaşlı Ceylanın oğurlanması faktını bir atanın övladına sahib çıxması kimi təqdim edir. Halbuki uşaq anasının razılığı olmadan Dubaydan Azərbaycana gətirilib. Başqa sözlə uşaq anasından oğurlanıb. Davud Bağırov iddia edir ki, Azərbaycan məhkəmələrində iş üzrə prosedur qaydalara uyğun  proses gedir. Əslində isə ortada tamam başqa mənzərə var. Hakimlərin bəziləri, məsələn  Səbayel rayon məhkəməsinin hakimi Elmar Rəhimov qanunları bir kənara qoyub tamam başqa işlərlə məşğuldur. Merim Beishekeyeva Səbayel Rayon Məhkəməsinə pozulmuş valideynlik hüquqlarının bərpası, azyaşlı qızı, Dubayda oğurlanaraq Bakıya gətirilən Ceyla ilə ünsiyyət hüququnun tanınmasına dair iddia verib. İddia məhkəməyə 9 fevral 2017-ci ildə təqdim olunub. 7 aydır  ki, iş üzrə qərar çıxmayıb. Davud Bağırov hansı qanundan danışır?  M.Beishekeyevanın bu iddiası Dubay Ali Məhkəməsinin iş üzrə çıxardığı qərarın Azərbaycan Ali Məhkəməsində tanınana qədər baxılması vacib idi. Tərəf olaraq eyni zamanda iddianın təmini tədbiri kimi vəsatətimiz əsasında iş üzrə yekun qərar verilənə qədər Ceylanın ölkədən kənara çıxması yasaqlanmışdı. Qarşı tərəf prosesi süni şəkildə uzatmaq üçün həmin qərardan apelyasiya və kassasiya şikayətləri verdi. Nəhayət iş aylar sonra mahiyyəti üzrə baxılmaq üçün Ali Məhkəmədən Səbayel Məhkəməsinə qayıtdı. Hakim nə edir? Hazırda vaxt uzatmaqla məşğuldur. İş üzrə məhkəmə prosesi 25 sentyabra təyin olunub. Hakim isə məzuniyyətə gedib və məzuniyyət müddəti oktyabrın sonlarında bitir. Qanunla hakim işi məhkəmə sədrinə təqdim etməli idi. Etməyib. Hesab edirəm ki, hakimin belə bir mövqedə dayanması məhkəmə sədri Araz Hüseynovun iradəsini əks etdirir. Bundan başqa Davud Bağırov bu ilin martında mənimlə görüşəndə bildirmişdi ki,  A.Hüseynovla yaxşı əlaqələri var. 2016-cı ildə Ceylanın Davud Bağırovun himayəsinə verilməsini də onun vasitəsi ilə gerşəkləşdirib – yəni Səbayel Rayon Məhkəməsindən müvafiq qərar alıb. Bunu məhkəmədə hansı marağa görə etdiklərini – yəni qərarın necə alındığını da Davud Bağırov mənə açıqlamışdı”.

A.Əfəndizadə D.Bağırovun azyaşlı ilə bağlı mövqeyinin əsassız olduğunu diqqətə çatdırıb: “Davud Bağırov deyir ki, Ceylanın atasıdır və öz qızını Dubaydan Azərbaycana gətirməsində heç bir cinayət əməli yoxdur.  Bəs niyə demir ki, uşaq anasının icazəsi olmadan, anasına şər-böhtan atmaqla həbs etdirdikdən sonra gizli şəkildə evdən oğurlanıb? Bir gecənin içində Türkiyəyə, oradanda Bakıya qaçırılıb? Uşaq Bakıya qaçırılanda ABŞ vətəndaşı olub və gün də ABŞ vətəndaşı olaraq qalır. Həqiqəti gizlətmək, həqiqətdən qaçmaq mümkün deyil. Bakıda Ceylaya saxta doğum şəhadətaməsi 12 dekabr 2012-ci ildə böyük qanunsuzluqlara yol verilməklə alınıb. Bunu D.Bağırov Bakı Apelyasiya Məhkəməsində özü də etiraf etmək məcburiyyətində qaldı. Dedi ki, həmin şəhadətnaməni Azərbaycanda almaq üçün Ceylaya Nyu-York şəhərində verilən 16 noyabr 2012-ci il tarixli doğum şəhadətnaməsinin fotosurətini telefonla yollayıb. Bu məsələdən M.Beishekeyevnın valideyn olaraq xəbəri olmayıb. Həmin saxta şəhadətnamənin ləğv ediləcəyi gün də uzaqda deyil. İş üzrə proses 20 oktyabrda davam edəcək”.

A.Əfəndizadə deyir ki, M.Beishekeyeva 2015-ci il 14 iyul tarixində  Dubay Məhkəməsinə nikahın pozulması, azyaşlı Ceylanın onun himayəsində qalmasına və aliment tələbinə dair iddia verib. Dubay Məhkəməsində işə baxılarkən tərəflərə – iddiaçı Merim Beishekeyevaya və cavabdeh D.Bağırova iddiaya vətəndaşları olduqları ölkələrdə baxılması və ya həmin ölkələrin qanunvericiliyinə uyğun baxılması təklif olunub. Hər iki tərəf işə Dubay Məhkəməsində işə BƏƏ qanunlarına uyğun baxılmasına razılıq bildiriləndən sonra iddia üzrə baxış keçirilib. Bundan sonra D.Bağırov məhkəmənin qərarının onun xeyrinə olmayacağını düşünərək prosesin müvəqqəti dayandırılması üçün vəsatət verib. Bakıya gələrək burada gizli şəkildə M.Beishekeyevaya qarşı eyni məzmunlu iddia qaldırıb. M.Beishekeyevanın xəbəri və iştirakı olmadan cəmi 1 məhkəmə iclasında özünün xeyrinə qərar alıb: “Həmin qərar azyaşlı Ceylaya alınan Azərbaycan vətəndaşlığı kimi saxtadır. Dubay Ali Məhkəməsinin iş üzrə qanuni qərarı Azərbaycanın Ali Məhkəməsinin icraatındadır. Düşünürəm ki, hakim Dubay Ali Məhkəməsinin qərarı ilə əsaslı şəkildə tanış olub müvafiq qərar verəcək. Amma məsələnin başqa tərəfi də var – Davud Bağırov elə çıxış edir ki, sanki Ali Məhkəmənin qərarını da artıq alıb. Ceylanı xaricə deyil, öz anasına verilməsini tələb edirik, yerdə vicdanlı hakimlərin, göydə Allahın köməyi ilə buna nail olacağıq”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Musavat.com