DTX-də təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi qeyd edildi – Fotolarbackend

DTX-də təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi qeyd edildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və peşə bayramı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

Tribunainfo.az xəbər verir ki, DTX-nin şəxsi heyəti Şəhidlər xiyabanını da ziyarət etmiş, qəhrəman Vətən övladlarının və Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş təhlükəsizlik orqanları əməkdaşlarının məzarlarının üzərilərinə gül dəstələri düzülüb, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Tədbirin DTX-nin akt zalında keçirilmiş rəsmi hissəsində DTX-nin rəhbər şəxsləri və əməkdaşları, Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları iştirak edib.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək şəxsi heyətə və veteranlara peşə bayramı münasibətilə təbriklərini çatdırıb.

General-polkovnik Əli Nağıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında və birbaşa göstərişləri əsasında fəaliyyətini müasir çağırışların tələblərinə uyğun qaydada quran DTX-də bu gün də Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında təməlini qoyduğu peşəkarlıq məktəbi layiqincə davam etdirilir, Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır.

Çıxışında dünyada gedən və ciddi təlatümlərlə müşayiət olunan geosiyasi proseslərə də toxunan general-polkovnik Əli Nağıyev Azərbaycana qonşu olan bəzi dövlətlərin hazırda respublikamızın təhlükəsizliyinə qarşı yönələn məkrli əməllərindən danışaraq qeyd edib ki, həmin dövlətlərin xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin və təxribatlarının qarşısı qətiyyətlə alınır və ölkəmizdə hökm sürən təhlükəsizlik mühiti daima etibarlı şəkildə qorunur.

Daha sonra tədbirdə çıxış edənlər Ulu Öndərin təhlükəsizlik orqanlarında 25 illik xidməti fəaliyyəti dövründə nümayiş etdirdiyi peşəkarlıq nümunələrindən, Heydər Əliyevin birbaşa rəhbərliyi altında uğurla keçirilmiş əməliyyatlar, eləcə də müasir dövrdə təhlükəsizlik orqanlarının qarşısında duran vəzifələr barədə fikirlərini bölüşüblər.

Çıxışlar bitdikdən sonra xidmətdə əldə etdikləri nailiyyətlərə görə fərqlənmiş əməkdaşlara mükafatların təqdim olunması mərasimi keçirilib.

Sonda DTX-nin “Real” TV ilə birgə hazırladığı “La Vira – məxfi menyu” sənədli filmi nümayiş olunub.