DSX-nin 342 minlik tenderinin qalibi olmuş həbsdəki şirkət rəhbərindən xəbər var

DSX-nin 342 minlik tenderinin qalibi olmuş həbsdəki şirkət rəhbərindən xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 342 min manatlıq tenderinin qalibi olmuş, dələduzluqda ittiham olunan “Zövq” MMC-nin direktoru Rza Əhmədovun barəsindəki qərardan apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası dekabrın 24-nə təyin edilib.

Şikayət hakim Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə təqsirləndirilən şəxsin özü və onun müdafiəçilərinin, zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərini təmin etməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin Rza Əhmədov barəsində olan hökmü mülki iddia hissəsində dəyişdirib. Belə ki, qərarda qeyd edilib ki, Rza Əhmədovun zərərçəkmişlərdən birinə vurulmuş 55 830 manat maddi ziyandan 14 000 manat hissəsinin ödənildiyindən, verilmiş mülki iddianın maddi ziyanın ödənilməmiş hissəsi 41 830 manat təşkil etsin və mülki iddianın qalan hissəsi dəyişdirilməsin. Məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərarı qismən ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib.
İttiham aktına əsasən, Rza Əhmədov Dövlət Sərhəd Xidməti (DSX) ilə 342 min manat dəyərində uçuş geyimlərinin satılmasına dair müqavilə imzalayıb. Müqavilə ilə əlaqədar məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan Rövşən Məmmədli, Rəsət Miriyev və Rəsul Süleymanova 342 min manat dəyərində görülməli işləri 50 min manat vəsaitlə görməyin mümkün olduğunu bildirərək dələduzluq etməkdə təqsirli bilinib. İşin görülməsi ilə bağlı yalan vədlər verərək həmin şəxslərdən müəyyən məbləğdə pul alıb mənimsəməkdə ittiham olunub.
Faktla bağlı sahibkara Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.