Hazırda pensiya alan 1,1 milyon nəfər insanın tam yarısının (təxminən 550 min nəfərin) aylıq pensiyası 360 manatın aşağısında, yerdə qalan yarısının da aldığı məbləğ bu rəqəmin üzərindədir. Amma pensiya sisteminin şəffaflığı üçün təkcə bu rəqəmi açıqlamaq kifayət deyil. Əhalinin sosial müdafiəsinə məsul olan şəxslər başqa göstəriciləri də açıqlamalıdır.
Tribunainfo.az xəbər verir ki, bu sözlərlə iqtisadçı Rövşən Ağayev çıxış edib. O bildirib ki, Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu sistemin şəffaflığı üçün müntəzəm olaraq ictimaiyyətə açıqlamalar verməlidir:
“Sosial Müdafiə Fondunun büdcəsindən illik pensiya ödənişlərinə xərclənən vəsaitin yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiyalar arasında bölgüsünün necə olduğu ictimaiyyətə açıqlanmalıdır.
Həmçinin güzəştli şərtlərlə pensiya alanların sayı və onların regionlar üzrə bölgüsü təqdim edilməlidir.
Pensiya alanların yaş intervallarına görə bölgüsü göstərilməli, pensiyaların məbləğinin intervalları üzrə (məsələn, 280-350 manat, 351-400 manat, 401-500 manat, 501-750 manat, 751-1000 manat, 1000 manatdan yüksək) görə pensiyaçıların sayı açıqlanmalıdır. Şəffaflıq üçün bu açıqlamalar mütləqdir”.