Moskva səmasında bir neçə pilotsuz təyyarə vurulub. Hücum nəticəsində “Moskva-Siti” qülləsinin fasadı zədələnib.
Qaynarinfo xəbər verir ki, bu barədə mer Sergey Sobyanin Telegram kanalında bildirib.
“Biri keçən dəfə olduğu kimi “Siti”dəki eyni qülləyə hücum edib. 21-ci mərtəbə səviyyəsindəki fasad zədələnib. Fövqəladə xidmətlər hadisə yerindədir”, – mer yazıb. Onun sözlərinə görə, orada “150 kvadratmetr sahənin şüşəsi qırılıb”, zərərçəkənlər barədə məlumat yoxdur.
TASS -ın məlumatına görə, hökumət kompleksinin yerləşdiyi “İQ-kvartal”dakı bina zədələnib. Rəqəmsal İnkişaf Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Sənaye və Ticarət Nazirliyi orada yerləşir.
Mətbuat yazır ki, partlayış səsləri Moskva yaxınlığındakı Odintsovo ərazisində və Yeni Moskvada Peredelkinoda da eşidilib. Müdafiə Nazirliyi aydınlaşdırıb ki, hava hücumundan müdafiə sistemləri Moskva vilayətinin Odintsovo və Narofominsk rayonları ərazisində iki pilotsuz uçan aparatı vurub, digəri isə elektron döyüş sistemi tərəfindən sıxışdırılıb, “Moskva-Siti”yə düşüb.
Hücuma görə Vnukovo hava limanı gəliş və gedişlər üçün müvəqqəti bağlanıb. Normal iş rejimi bərpa edilib.
Bundan əvvəl Moskva iyulun 30-da dronların hücumuna məruz qalmışdı. İki pilotsuz təyyarə də Moskvada göydələnləri vurub. Moskva vilayətinin Odintsovo rayonunda İQ-kvartalındakı hündürmərtəbəli bina və Oko-2 qülləsi zədələnib, daha bir pilotsuz təyyarə hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.