Ukraynada gedən döyüş əməliyyatlarında iştirakdan imtina edən 100-dən çox hərbçi Yekaterinburqda yoxa çıxıb. Yaxınları bildirir ki, bundan əvvəl onların saxlandığı çadır şəhərciyində iğtişaş baş verib.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, səhər saatlarında döyüşçülərlə əlaqə kəsilib.
Hadisə fevralın 28-də baş verib. Döyüşməkdən imtina edən 100-ə yaxın hərbi qulluqçu Çelyabinsk vilayətinin Çebarkul şəhərindəki hərbi komendantlıqdan zorla aparılaraq Yekaterinburq yaxınlığındakı çadır şəhərciyinə yerləşdirilib. Onların arasında qoltuqağacı ilə yeriyən yaralılar da olub. Əsgərlər xidmətdən imtina barədə protokol yazmaq və müstəntiqləri cəlb etmək imkanı istəyiblər.
Lakin bunun əvəzinə onlar hərbçiləri Rostov-na-Dona, daha sonra isə döyüş bölgəsinə göndəriləcək təyyarəyə mindirməyə çalışıblar. Yaxınlarının dediyinə görə, döyüşçülər tabe olmaqdan imtina edərək iğtişaş törədiblər. Bunu onlardan birinin yaydığı video da təsdiqləyir. Videoda bildirilir:
“Bu gün 28.02.2025-dir. Budur, hamını toplamışıq. İstintaq aparılmalıydı, amma araşdırmasız, məhkəməsiz, bütün şikəstlər, heç bir tibbi yardım olmadan. Sənəddə hamımız sağlamıq, amma görürsüz ki, biz əsalarla, qoltuqağacıyla dayanmışıq. Biz güclə dayanırıq, amma bizi yola salırlar. Xəstəxana bizi qəbul etmədi, bölməyə göndərdilər, dedilər ki, biz heç nəyik, vətən xainiyik. Xidməti davam etdirməyə razıyıq, lakin müalicə olunmağımızı və əməliyyat edilməyimizi xahiş edirik. Uşaqların çoxu bu gün xəstəxanaya yerləşdirilməli idi, amma bizi avtobuslara mindirib bura – Koltsovo hava limanına gətiriblər. Bundan sonra bizi təmas xəttinə göndərmək istəyirlər. Hanı ədalət? Əgər biz heç kimə lazım deyiliksə, niyə və kimin üçün döyüşürük”.
Hərbçilər müxtəlif hərbi hissələrə təhvil verilib və onlar Çebarkulda istintaq və məhkəməni gözləyirlər. Sənədlərdə bildirilir ki, onlar bölməni icazəsiz tərk etməkdə şübhəli bilinirlər.
Hərbçilərdən birinin anasının sözlərinə görə, Çebarkuldan Yekaterinburqa Rusiyanın hər yerindən 100-dən çox etirazçı gətirilib. Onlar fevralın 28-i axşam Rostova göndərilməli idilər, lakin onlar təyyarəyə minməkdən imtina ediblər. Bundan sonra səhər saatlarında əlaqə kəsilib.
Rəsmi qurumlar və Rusiya Müdafiə Nazirliyi hələlik vəziyyətə münasibət bildirməyib.