Döyülən, söyülən, amma gülən qadınlar…

Döyülən, söyülən, amma gülən qadınlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribunainfo.az yazar Dəniz Pənahovanın “Xoşbəxtlik xalı” publisistik məqaləsini təqdim edir:

Bu yazımı kürəyində xoşbəxtlik xalı olsa da, xoşbəxt olmayan kəslərə ithaf edirəm…
… Şəkillərdə çox vaxt hər kəs xoşbəxt görünür. Xoşbəxtlər də, bədbəxtlər də. Fotoaparatın işi də budur. Xoşbəxt anları dondurmaq. Bəzən əksi də olur. Şəkillərə kədər də sıçrayış. Ən çox qadınlar şəkillərdə gülümsəyir. Bədbəxt görünməmək üçün. Xüsusən də, votsap fotolarında “xoşbəxt ailə tablosunu” daha qabarıq bəlli edirlər. Süni gülüş sərgiləməkdən çənələri ağrıyan bu xanımlar, əslində, başqa tərəfdən baxanda, düz iş görürlər.

Bir növ xoşbəxtlik imitasiya olunur. Deyirlər e, təbəssüm təbəssüm gətirər. Eynilə bunun kimi. İngilislər indinin özündə də təbəssüm klublarındakı ritualları ilə iş adamları, biznesmenlər və s. i.a. həyatlarının ritminə çeviriblər. Süni gülüş getdikcə təbiiləşir, onların təbirincə desək. Onlar süni gülüşü tətbiq etməklə həm qırışıqlıqlardan xilas olur, həm də pozitiv görüntü əks etdirirlər.
İndi artıq texnologiya insanı öz içində elə əridib ki, artıq mimikalar da donub, təbəssüm də, kədər də…

Hisslər əlimizdəki telefonun içinə girib. Reaksiyalar donub. Hamımız dönüb olmuşuq fotoşəkil.

Xoşbəxtliyi imitasiya edən tanışlarımdan biri yaxın günlərdə öz dərdini mənimlə bölüşəndə çox təəccübləndim. Axı paylaşdığı fotolar bunu demirdi?! Deməli, qadın həyat yoldaşından boşanmaq istəyir. Boşanmağına görə, əslində, pis olmadım. Bunu bacara bilmədiyinə üzüldüm.

Azərbaycan qadınının 50 faizi sevmədən evlənir və bunların da yarısı xoşbəxtliyi imitasiya edir. Yəni sonradan sevdiyini zənn edən xanımlardı. Yerdə qalanların yarısı başqasını sevə-sevə ailəsini dağıtmamaq üçün bədbəxtliyə qatlaşan qadınlardır. Geridə qalan 50 faizin yarısı sevib evlənənlərdi ki, onlar da sonradan birlikdə xoşbəxt olmadıqlarını başa düşsələr də, yenə də ayrılmağa qorxurlar. Çünki valideyn deyəcək ki, “özün sevib evləndin, zəhmət çək, qatlaş, döz, otur- oturduğun yerdə”. Bax, beləcə də deyəcəklər deyə, həmin qadınlar sərbəst həyata atıla, tək yaşaya bilmirlər. “Qohum, tanış nə deyər” deyə heç cəsarət edib ayrılmağı dilinin ucuna da gətirə bilmirlər. Bu xoşbəxt görüntülü fotolar da qohumlara, dost – tanışa göstərişdi.

Mən tək yaşayan vaxtlar evin digər otağını kirayə vermişdim. Unutduğum bölgələrin birindən gələn gənc ailənin 4 yaşlarında çoxbilmiş şirin qızları da vardı. Yoldaşı gecə növbəsində işləyən, zəhmətkeş, ailəcanlı adama oxşayırdı.

Bir dəfə qadın mənə dedi ki, “görürəm sən müasir qızsan, səhv başa düşməzsən. Mənim sevdiyim başqa oğlan var, onunla görüşürəm. Qızımı da çox sevir. Olar evə qonaq gəlsə? Sən də görsən, tanısan, xoşuna gələcək, ədəbiyyat sevən, kitab oxuyandı”.

– Axı sən yoldaşını sevdiyini deyirdin, – təəccübləndim.
– İnan hisslərimdən baş aça bilmirəm. İkisini də çox istəyirəm. Yoldaşımdan ayrıla da bilmərəm, yazığım gəlir, o birindən də ayrıla bilmərəm.

Ev sahibi olaraq qonaq gəlmələrinə razılıq verdim, ancaq qalmamaq şərti ilə.
Qadın təhsilsiz idi. Oğlan İncəsənət Universitetini bitirmişdi. Həmin gün saatlarla ədəbiyyatdan, fəlsəfədən, kinodan danışdıq. Onların bu əndrabadi münasibətlərini heç müzakirə etməyə fürsət düşmədi. Qəribə idi, bu qədər intellekt sahibi necə olurdu savadsız bir qadını sevirdi. Hətta balaca qızcığaz da atasından çox bu adamla isinişir, oynayırdı. Azərbaycan qadını o qədər sadəlövhdür ki, evlilikdə sərbəst seçim verilsə belə düzgün adamla evlənə bilmir. Elə kişilər də həmçinin. Məncə, Azərbaycan kişiləri ilə qadınları yaxşı tapışıblar.

Qəlibləri qıra bilməyən qadınlar, ömürlərinin sonuna kimi qəlibin içində o yana bu-yana vurnuxacaqlar. Onlar həmişə fotoda xoşbəxt olacaqlar. Fotoaparatın ekranından kənarda, bir az irəlidə həyatla iç-içə xoşbəxtliyi dadmırlar…
Niyə axı? Biz xanımlar niyə boşana bilmirik? Ətrafımda tanıdığım əksər şiddət görən, psixoloji zorakılığa məruz qalan, övladı travma yaşayan qadınlar var ki… Boşanmaq istəsələr də, bunu bacara bilmirlər. Baxmayaraq ki, statistikada günü-gündən boşananların sayı artır, ikiqatı da boşanmaq istəyib bacarmayanlardır.

Boşanmaqdan, cəmiyyətdən bu qədər qorxuruq. O yerdə qalan 25 faiz isə boşanan qadınlardır, onlar da boşandıqlarına peşman olurlar. Belə bir cəmiyyətdə tək başına qadın üçün yüz cür hekayə qoşurlar.

Vudi Allen demişkən, kişi 5-6 dəfə evlilik yoxlamalı, evləndiyi qadınlar da həmçinin. Qərb qadını xoşbəxtliyi daim axtararkən, azərbaycanlı qadınlar bir dəfə ərə gedib elə bədbəxt olsa da, nə vaxtsa xoşbəxt olmaq arzusu ilə yanıb-tutuşur. Ən yaxşı hal, tək yaşayıb həyatın dadını çıxarmaqdır. Amma olmur. Adam bir adamla yaşlanmalıdır. Dalaşmalıdır, müzakirə eləməlidir, birlikdə masada əyləşib ölmüş balığın kor gözlərinə baxıb üzülə-üzülə o balığı yeməlidir.

Köhnə bir lətifəni danışım sizə: adamın biri psixoloqun yanına gəlir, deyir, qardaşım dəli olub, özünü toyuq zənn edir. Həkim deyir, bəs niyə onu müalicə etdirmirsiniz. Adam belə cavab verir: “Müalicə etdirərdim, amma yumurtalarına ehtiyacım var”.
Münasibətlərimizin halını elə buna bənzədirəm. Aşağı-yuxarı, münasibətlərimiz məntiqsiz və axmaqca olsalar da, münasibətləri yaşamağa davam edirik. Çünki çoxumuzun yumurtalara ehtiyacı var…