Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun APA-ya müsahibəsi
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun APA-ya müsahibəsi
– Əflatun müəllim, 2016-cı il Azərbaycan mediası üçün hansı məqamlarla yaddaqalandır?
– 2016-cı il öncədən proqnozlaşdırıldığı kimi heç də asan olmadı. Böhran media bazarına da təsirsiz ötüşmədi, hərçənd pozitiv məqamları da az deyil.
“Böhran media bazarına da təsirsiz ötüşmədi”
Azərbaycan 20 ilə yaxın idi ki, belə vəziyyətlə üzləşməmişdi, jurnalistikamız da həmçinin. Amma ümumən, mediamız böhran şəraitində ayaqda qala bildi. Belə bir immunitetin olması vacibdir. Demək ki, vəziyyətə adekvat reaksiya formalaşıb. Bu, sevindirici haldır.
Digər pozitiv cəhət Azərbaycan mediasında monolitliyin müşahidə edilməsidir. Söhbət «aprel müharibəsi» zamanı ortaya qoyulan mövqedən gedir. Bu mövqenin dövlətçilik maraqları ilə uzlaşmasını xüsusi vurğulamaq lazımdır. Media orqanlarımız əksəriyyət etibarilə ucuz sensasiya dalınca qaçmadı. Müdafiə Nazirliyinin informasiya verilməsinə məsul struktur bölməsi ilə işlərini koordinasiya edilmiş şəkildə qurdu. Cəmiyyətə vətənpərvərlik hissini kifayət qədər dolğun aşıladı. Bir sözlə, onlar ictimai rəyi düzgün şəkildə yönləndirən monolit komanda kimi çıxış etdi. Cəbhə xəttində əvvəlki illərdə yaşanmış gərginliklər zamanı biz bu peşəkarlıq nümayişini az-az görmüşdük. Hətta aşkar problemlər də var idi. Amma bu dəfə vəziyyət müsbətə doğru çox dəyişdi. Hesab edirəm ki, əldə edilən nəticə nikbinliyə əsas verir.
“Media böhran şəraitində ayaqda qala bildi”
Azərbaycan jurnalistləri sentyabrda keçirilmiş ümumxalq səsverməsinin – Referendumun, eləcə də prosesə hazırlıq dövrünün işıqlandırılmasında da yaxından iştirak edərək vahid mövqe nümayişi ilə yadda qaldılar. Öz işlərinə kifayət qədər peşəkar yanaşdılar. Artıq qətiyyətlə demək olar ki, mediamızın seçki, referendum kimi taleyüklü hadisələri vətəndaşlarımıza çatdırmasında ənənə formalaşıb. Bu ənənə obyektivliyə, dəqiqliyə, qərəzsizliyə əsaslanan peşəkarlıq nümayişi ilə bağlıdır.
2016-cı il Azərbaycanın ictimai fikir tarixində mühüm rol oynamış «Kaspi» qəzetinin 135 yaşı tamam oldu. Nəşrin yubileyinin yüksək səviyyədə keçirilməsini milli mətbuatımızın ənənələrinə verilən dəyər kimi qiymətləndirirəm. Hesab edirəm ki, yubileyin qeyd edilməsi ümumilikdə cəmiyyətimizin mətbuatın missiyasına həssas yanaşma tərzini daha da gücləndirmək baxımından vacib idi.
Yola salmaqda olduğumuz ildə Azərbaycan Dünya Xəbər Agentliklərinin V Konqresi kimi mötəbər hadisəyə ev sahibliyini həyata keçirdi. Bu, ölkəmizin dünyadakı nüfuzu baxımından mühüm hadisə idi. Prezident İlham Əliyevin tədbirdəki dolğun və məzmunlu çıxışı, söz və ifadə azadlığı ilə bağlı səsləndirdiyi məqamlar Azərbaycanın dünyaya çağırışı kimi qəbul edildi. Ölkəmiz media sahəsindəki beynəlxalq miqyaslı toplantılara layiqli ev sahibliyi imicini bir daha nümayiş etdirdi.
– 2016-cı ili rəhbərlik etdiyiniz Azərbaycan Mətbuat Şurasının fəaliyyəti baxımından necə dəyərləndirərdiniz?
– Mətbuat Şurası özünün Nizamnamə tələblərinə uyğun fəaliyyət göstərdi. İş proseduru dəyişməz qaldı. Şikayətlərin araşdırılması, qərar və rəylərin qəbulu, müxtəlif tematik tədbirlərin, anım və yubiley toplantılarının, təqdimatların, birgə müsabiqələrin təşkili – hesab edirəm ki, ortada kifayət qədər dolğun mənzərə var. Mən bu barədə geniş danışmaq istəmirəm. Çünki Mətbuat Şurasının 2016-cı ildə gördüyü işlərə dair hesabatı olacaq.
Ümumən onu deyə bilərəm ki, Şuranın İdarə Heyətinin üzvləri bir sıra beynəlxalq miqyaslı nüfuzlu tədbirlərə qatıldılar, ölkəmizin media cameəsini layiqli şəkildə təmsil etdilər.
Mətbuat Şurası Türk Dünyası Sənədli Filmlər Festivalının Azərbaycan üzrə təşkilatçılığını öz üzərinə götürdü. Bildiyiniz kimi, ölkəmizdən də festivalda iştirak edənlər və mükafata layiq yer tutanlar oldu. Şura Bakı Dövlət Universiteti ilə birlikdə həmin laureatların təltifi ilə bağlı geniş toplantı təşkil etdi.
Mətbuat Şurasının Avropa Şurasının Azərbaycan Nümayəndəliyi ilə birgə reallaşdırdığı «İfadə azadlığı və media azadlığı» layihəsinin də uğurlu alındığı qənaətindəyəm. Layihə çərçivəsində biz jurnalist peşəkarlığının müxtəlif istiqamətlərinə, diffamasiya məsələlərinə bir daha nəzər yetirdik. Ayrıca Azərbaycan jurnalistlərinin bir qrupunun Strasburqa səfəri gerçəkləşdi. Onlar Avropa Şurasının institutlarında təlimlər keçmək imkanı əldə etdilər, öz bilik və bacarıqlarını təkmilləşdirdilər.
9 noyabr 2016-cı il tarixdə Tehranda Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında anlaşma memorandumu imzalandı. Sənədin İranın və Azərbaycanın kütləvi informasiya vasitələri, ümumən hər iki ölkənin media cameəsi arasında münasibətlərin yeni dinamikasını müəyyənləşdirəcəyinə tam əminəm. 10 maddədən ibarət olan memorandum media orqanlarımızı qarşılıqlı əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər, hesabatlar və s. daxil olmaqla öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edir. Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və texniki əməkdaşlıq məsələlərinin reallaşdırılması, kütləvi informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb. Bütün bunlar son dərəcə vacibdir. Ümumən hesab edirəm ki, noyabrın 4-dən 10-dək Tehrana səfərim çərçivəsində keçirdiyim görüşlər qarşılıqlı əməkdaşlığımızın möhkəmlənməsi üçün kifayət qədər pozitiv məqamlarla yadda qaldı.
– Sizcə, Azərbaycan mediasının hansı problemləri 2017-ci ilə daşınır. Bu istiqamətdə hansı xarakterik cəhətləri vurğulamaq mümkündür.
– Medianın iqtisadi cəhətdən özünü təsdiqləyə bilməməsi hələ də problem kimi qalmaqdadır. Düzdür, dövlətimiz bu sahədəki çətinliklərin aradan qaldırılmasını öz üzərinə götürüb. Həyata keçirilən tədbirlər göz önündədir. Amma medianın özü də təşəbbüslərlə çıxış etməlidir.
“Media iqtisadi cəhətdən hələ də özünü təsdiqləyə bilməyib”
Az əvvəl peşəkarlıqla bağlı müsbət meyllərə nəzər saldım. Ancaq bütün bunlar yetərli deyil. Biz dünya mediasına inteqrasiya etməyi düşünürüksə, daha peşəkar olmalıyıq. İlk növbədə jurnalistlərimiz xarici dil biliklərinə yiyələnməlidirlər. Düşünürəm ki, məsələyə sistemli yanaşmağa ehtiyac var. Çünki informasiya işi ümumən ölkənin milli təhlükəsizliyi qədər vacib məsələ kimi qarşıya qoyulduğundan bu işi həyata keçirənlərin tam hazırlıqlı olmaları şərtdir.
Mediamızın, xüsusən də çap mediasının və internet saytların reklam məsələsi də aktuallığını saxlamaqdadır. Burada həmin kütləvi informasiya vasitələri ilə sahibkarların marağının uzlaşdırılmasına ehtiyac var. Mövcud istiqamətdə də sistemli iş aparılmalıdır.
“Jurnalist adından sui-istifadələr hələ də qalmaqdadır”
Jurnalist adından sui-istifadələr hələ də qalmaqdadır. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan əməliyyatlar nəticəsində bəzi KİV rəhbərlərinin və onlara yaxın şəxslərin saxlanılmalarının yaratdığı mənzərə bunu deməyə əsas verir. Mətbuat Şurası hər zaman belə neqativ hallara qarşı mübarizə aparıb. Təəssüf ki, qurumun ictimai qınaq tədbirindən nəticə çıxarmayanlar yenə də var. Media ictimaiyyəti olaraq adımıza ləkə gətirən bu sayaq mənfi təmayüllərin aradan qaldırılmasında maraqlı olmalıyıq və daha çox çalışmalıyıq.
– Əflatun müəllim, 2017-ci il üçün media gözləntilərinizi bilmək maraqlı olardı.
– Əlbəttə, ilk gözləntim cənab Prezidentin sərəncamı əsasında inşa edilmiş binanın jurnalistlərin ixtiyarına verilməsidir. Bu, təkcə mənim deyil, bütövlükdə həmkarlarımızın hər birinin arzusudur. Uzun müddət kirayə həyatı keçirmiş biri kimi evsizliyin nə olduğunu gözəl bilirəm. Tanrı haqqı çatan hər kəsi arzusuna qovuşdursun. Düşünürəm ki, Azərbaycan dövlətinin jurnalistikamızla bağlı bu sayaq diqqət və qayğı nümunəsi davamlı olacaq.
“İnternet mediasının potensialı böyükdür”
Milli Məclisdəki çıxışlarımda da internet medianın dövlət tərəfindən maliyyələşməsinin vacibliyini bildirmişəm. Gözləntim budur ki, nəhayət 2017-ci ildə biz bu prosesə başlayaq. Çünki internet medianın potensialı böyükdür. Bu potensialdan «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın istiqamətlərinə uyğun faydalanmaq son dərəcə zəruridir. Digər tərəfdən, dövlət yardımının bu sahədə çalışan həmkarlarımızın sosial vəziyyətini, KİV-lərin maddi-texniki durumunu yaxşılaşdıracağı qənaətindəyəm. Zənnimcə, KİV-lərə Əlavə Dəyər Vergisi tətbiqinin ləğvinin yenidən şahidi olacağıq.
Daha bir mühüm gözləntim informasiya təhlükəsizliyi konsepsiyası ilə bağlıdır. Əlbəttə, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası var. Sənəd kifayət qədər təkmildir. Orada informasiya təhlükəsizliyi ilə bağlı məqamlar da yer alıb. Ancaq məsələyə daha fundamental yanaşmağa ehtiyac var. Çünki informasiya təhlükəsizliyi yalnız milli təhlükəsizliyin bir elementi kimi qəbul edilməməlidir. Bu, özü ayrılıqda bir sahədir. Arzu edərdim ki, 2017-ci ildə informasiya təhlükəsizliyi konsepsiyası qəbul edilsin.
Fürsətdən istifadə edib jurnalist həmkarlarımı qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə indidən təbrik edir, onların hər birinə möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.