Dövlət qurumundan palataya cavab – “Ciddi qüsur deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2017-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətində Hesablama Palatası tərəfindən planauyğun olaraq növbəti audit yoxlaması keçirilib. 

2017-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətində Hesablama Palatası tərəfindən planauyğun olaraq növbəti audit yoxlaması keçirilib.

ASC-dən daxil olan açıqlamada bildirilir ki, 2015-2016-cı illəri əhatə edən audit yoxlaması zamanı Səhmdar Cəmiyyət və onun bir sıra tabeli qurumlarında maliyyə-təsərrüfat fəaliyyəti nəzərdən keçirilib, mühasibat uçotu qaydaları yoxlanılıb.

ASC-nin açıqlamasında qeyd olunur ki, aparılan auditin nəticəsində maliyyə pozuntusu faktı qeydə alınmayıb, yeyinti və mənimsəməyə yol verilməyib: “Bəzi xırda qüsurlar müşahidə edilib ki, bununla bağlı Palata tərəfindən Cəmiyyətə tövsiyə xarakterli göstərişlər verilib və həmin qüsurlar yoxlamanın gedişində aradan qaldırılıb. Qeyd edək ki, müəyyən olunan bəzi qüsurlar nəzəri göstərişlərlə praktik işdə yaranan uyğunsuzluqlardır və aradan qaldırılması asan olan çatışmazlıqlardan ibarət olub.

Məsələn, Palatanın arayışında “Azəryaşlandşaft” ASC tərəfindən büdcə vəsaitlərinə dair proqnozlar tərtib edilərkən qulluq göstərilən yaşıllıq sahələrinin əvvəlki illərin faktiki göstəricisinə nisbətən çox göstərilməsi və nəticədə xərclərə olan proqnoz məbləğlərinin ötən illərin icra məbləğlərindən çox hesablanması irad kimi qeyd olunub. Əslində ölkə rəhbərinin aqrar sektora diqqəti nəticəsində “Azəryaşlandşaft” ASC tərəfindən görülən işlərin həcminin böyüməsi müsbət haldır. Bütün hesablamalar müəyyən olunmuş normativlər əsasında aparılır və nəticədə yeni ərazilərdə salınacaq yaşıllıqlarla bağlı torpaq hazırlığı işləri aparılır ki, bu işlərin həcmi əvvəlki illərdən bir neçə dəfə çoxdur. Yəni salınan yaşıllıq sahələri artdığından müvafiq metodla Maliyyə Nazirliyinə verilən sifariş də ona uyğunlaşdırılır.

Yaxud məlumatda ASC-nin tabeliyində olan yaşıllaşdırma idarələri üzrə ştat cədvəlləri təsdiq edilərkən vahid yanaşmanın mövcud olmaması, müxtəlif yaşıllıq sahələri üzrə bir bağbana düşən xidmət sahəsinin fərqli olması qüsur kimi qeyd olunur.

Bu ondan irəli gəlib ki, yaşıllıqlar salınan ərazilər müxtəlif zonalarda yerləşir, relyef, torpaq, iqlim və digər təbii xüsusiyyətlərlə bir-birindən fərqlənir. Bu səbəbdən də onlara tələb olunan xidmətedici heyətin sayı fərqli göstərilir.

Bundan başqa, Cəmiyyətin xidmət göstərdiyi bəzi sahələrin yerli icra hakimiyyəti orqanlarının sərəncamları əsasında müvəqqəti istifadəyə götürülməsinin büdcə vəsaitlərinin xərclənməsində müəyyən risklər yaratması kimi iradla bağlı bildiririk ki, Səhmdar Cəmiyyət yarandığı gündən ölkə rəhbərliyi tərəfindən ona magistral avtomobil yollarının ətrafında yaşıllıq zolaqlarının salınması tapşırılmışdır və bu torpaqların mülkiyyətçisinin dəyişdirilməsi nəzərdə tutulmamışdır. Yəni Səhmdar Cəmiyyətin öz balansında torpağı yoxdur və olması planlaşdırılmır. Lakin Səhmdar Cəmiyyət harda gəldi də yaşıllıqlar salmır, ancaq müvafiq yerli rayon və ya şəhər icra hakimiyyətlərinin sərəncamı ilə ayrılan yaxud təhkim olunan ərazilərdə yaşıllıqlar salır.

Palatanın arayışında ASC tərəfindən alınmış bəzi suvarma boru və aksesuarlarının ixtisaslaşmış funksional idarəyə deyil, birbaşa ərazisində işlər həyata keçirilmiş idarəyə təhvil verilməsi kimi sənədləşdirilməsi də maliyyə və mühasibat yazılışmalarında yol verilmiş texniki qüsur kimi qiymətləndirilib. Əslində, bu yanaşma həm vəsaitlərin qənaətlə istifadəsinə, həm də operativliyə yönəlmiş bir addımdır.

Çünki əgər bu işlər ASC-nin tərkibində olan ixtisaslaşmış suvarma idarəsinə tapşırılsaydı, onda həmin idarəyə nəinki boru və aksesuarlar, həm də bu işlərin görülməsi üçün də vəsait ayrılmalı idi. Halbuki mövcud yaşıllıqlara xidmət göstərən və suvarma sistemləri artıq mövcud olan ərazilər üçün müəyyən miqdarda boru və aksesuarların ayrılması, istənilən halda yarana bilən nasazlıqları aradan qaldırmağa və ağacların susuzluqdan qorunmasını həmin saat təmin etməyə şərait yaradır.

Bitiş faizinin bir idarədə mövcud normadan 3,2% az olması ilə bağlı Palatanın iradı heç bir halda günahlandırma və ya pozuntu kimi xarakterizə olunmadığından məlumatda bu, yumşaq irad tərzi ilə qeyd olunur. Çünki mövcud təlimat və normativ sənədlərə əsasən normal bitmə şəraitinə malik ərazilərdə meşə əkinləri və yaşıllıqların salınması işlərində 75-80% bitiş faizi müsbət göstərici qəbul edilir. Nəzərə alsaq ki, Cəmiyyət tərəfindən yaşıllaşdırma işləri, əksər hallarda çətin bitmə şəraitinə malik ərazilərdə aparılır. Ona görə də bütün xidməti ərazilər arasında yalnız 1 idarə üzrə normadan 3,2% az bitiş göstəricisi ciddi qüsur hesab edilmir.

Belə xırda qüsur və nöqsanlar olduğundan Hesablama Palatası “Azəryaşlandşaft” ASC tərəfindən yol verilmiş nöqsanların əsasən audit zamanı aradan qaldırıldığını nəzərə almaqla Qərar qəbul edib və müəyyən edilmiş digər xırda nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılmasına göstəriş verib.

Ümumiyyətlə, “Azəryaşlandşaft” Səhmdar Cəmiyyətinin bu sahədə gördüyü işlər göz qabağındadır. Əvvəllər minlərlə vətəndaşın paytaxtdan şimal, cənub istiqamətində səyahət edərkən gördükləri neftli, mazutlu, şoran gölməçələrdən ibarət heç otun da bitmədiyi ərazilərdə ağlasığmaz zaman kəsiyində əvvəl təsəvvür belə etmək mümkün olmayan yamyaşıl mənzərənin şahidi olurlar”.