Dövlət Məşğulluq Agentliyi qurumun Bakı Regional Məşğulluq Filialı üçün ofis sahəsinin icarəsinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Tribunainfo.az Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi fərdi sahibkar Rzayev Xudaqulu Əhət oğlu seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 795 600,27 AZN-dir.
Tenderin şərtlərindən məlum olur ki, qurum 2301 kv.metrlik sahəni 36 ay müddətinə icarəyə götürür. Bu halda aylıq icarə haqqı 22 100 AZN-ə başa gəlir.
Xudaqulu Rzayev barəsində apardığımız araşdırmalar zamanı məlum olub ki, o, 1994-1996-cı illərdə “Şumer” firmasında kommersiya direktoru vəzifəsini icra edib. 1996-cı ildə “İlandağ-SA”, 2007-ci ildə “Bəytaş-Bakı”, 2010-cu ildə “Dəniz uşaq baxçası”, 2011-ci ildə “Evrika liseyi”, 2017-ci ildə “İntelekt-RX” MMC müəssisələrini təsis edib. 2012-ci ildə Xudaqulu Rzayev bu firmaları birləşdirərək “Minera” MMC-ni yaradıb.
Onun “Minera” MMC-nin təsisçisi olması barədə məlumat şirkətin veb-səhifəsində də yer alıb.
Xudaqulu Rzayev haqqında bioqrafik məlumatlarda onun hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğu qeyd edilib.
Xudaqulu Rzayev 2020-ci ildə keçirilən parlament seçkilərində 18 saylı Nərimanov-Nizami seçki dairəsindən namizəd olub.